Milli Məclisdə “Siyasi partiyalar haqqında” Qanuna yeni dəyişikliklər ediləcək
Bu günlərdə Milli Məclisdə "Siyasi partiyalar haqqında" Qanuna yenidən baxılması zərurəti yaradılıb. Bu qanunda hansı yeni təkliflərin əks olunması zəruri hesab edilir? Bu məsələyə aydınlıq gətirmək üçün millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik.
Aydın Mirzəzadə,
millət vəkili:
- İlk öncə, onu qeyd etmək istərdim ki, qanun özü 17 il bundan əvvəl qəbul edilib və 1992-ci ildə Azərbaycan yeni müstəqillik qazandığından sonra ilk qəbul edilən qanunlardan biri olub. O dövr üçün bir sıra mütərəqqi hallar vardı, bunu həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün xidməti kimi qəbul etmək düzgün olmazdı. Baxmayaraq ki, həmin dövrdə qanun qəbul edilmişdi, hakimiyyətdə olan AXC-Müsavat partiyaları sonradan həmin qanunu hakimiyyətdə ola-ola dəfələrlə pozurdular.
17 il ərzində cəmiyyətdə bir çox dəyişikliklər baş verib və cəmiyyət özünü demokratik inkişafında yeni mərhələlərə daxil olub. Bu baxımdan, "Siyasi partiyalar haqqında" Qanuna dəyişikliyə, hətta deyərdim, qanunun yenidən qəbuluna böyük ehtiyac var. Bunların birincisi, ilk növbədə, partiyaların qeydiyyatı ilə bağlı məsələlərdir. Yəni, bu gün Azərbaycanda 52 partiya qeydiyyatdan keçib. Amma heç də onların hamısının siyasi həyatda iştirak etməsi görünmür. Fikrimcə, qeydiyyat, ilk növbədə, partiyaların siyasi həyatda iştirakı ilə bağlıdır. Bu baxımdan, partiyaların qeydiyyatını ya seçkiöncəsi etmək və yaxud da seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə, avtomatik ləğv etmək olar.
İkincisi partiyaların fəaliyyətində, ilk növbədə, milli maraqları əsas götürmək prinsipi önə çəkilməlidir. Çox təəssüf ki, bizdə partiyaların fəaliyyətində xarici ölkələrin və yaxud bəzi xarici dairələrin maraqlarının açıq şəkildə müdafiə edilməsinin şahidi olduq. Yəni, bu cür hallar qanunumuzda konkret göstərilməli və siyasi partiyaların fəaliyyətinə bu məsələdə kifayət qədər dəqiq etməliyik. Üçüncü məsələ partiyaların nizamnamə proqramında Konstitusiyanın tələblərinin əsas götürülməsidir. Mən hesab edirəm ki, siyasi partiya haqqında qanuna və partiyanın daxili həyatına bir sıra tələblər qoyulmalıdır.
Dördüncü məsələ partiyaların maliyyə hesabatının şəffaflığı məsələsidir. Hər bir partiya özünün siyasi maliyyə hesabatını şəffaf aparmalı və bu barədə cəmiyyətə və rəsmi qurumlara vaxtaşırı hesabat verməlidir.
Bu gün Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya qanun tələblərinə uyğun olaraq maliyyə hesabatını cəmiyyətə təqdim etmir. Bu məsələ dəqiq göstərilməli və bunun yerinə yetirilməsi üçün məsuliyyət təqribən müəyyənləşdirilməlidir. Həmçinin, partiyaların xaricdən maliyyələşdirilməsi məsələsinə birdəfəlik son qoyulmalıdır. Düzdür, açıq şəkildə bunu bəyan etmirlər, amma həmin partiyaların üzvü olan şəxslər qeyri-hökumət təşkilatlarının rəhbəri idi və bunun vasitəsilə partiyaya böyük məbləğdə xaricdən vəsait gətirirlər. Bəzən belə bir şey yaranır, hansısa bir partiya sədri maaş almadığını və aparatını ancaq kölgə əsasında qurduğu barədə bəyanat verib. Bu isə inandırıcı görünmür, çünki bütün iş gününü partiya fəaliyyətinə cəlb edən şəxslərin gizli də olsa maliyyələşdirdiyi məlum olub. Yəni, bu məsələlər açıq olması və siyasi partiyalar haqqında öz əksini tapmalıdır.