Köşə

  • 5 793

Regional idarəetməyə keçək, keçməyək? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar ölkənin inzibati idarəetmə sisteminin dəyişdirilməsi ehtimalının yaranması regional idarəetmə ilə bağlı fikirləri yenidən aktuallaşdırıb. Məlum olduğu kimi, bəzi nazirliklər artlq çoxdandır ki, regional idarəetməyə keçiblər. Bununla da nazirliklərin regional idarələrinə rayon icra başçılarının müdaxiləsinə son qoyulub. 4-5 rayonda bir idarə fəaliyyət göstərir və həmin rayonların əhalisinə xidmət göstərir. İdarə hansı rayonda yerləşməsindən asılı olmayaraq rayon icra hakimiyyətinə deyil, birbaşa mərkəzi icra hakimiyyətinə tabe edilir. Bu həm də mərkəzləşdirilmiş idarəetməyə keçid üçün yaxşıdır.

Bu addım dövlət strukturlarının təkmilləşdirilməsi, dövlət aparatının saxlanma xərclərinin, məmur sayının azalmasına yardım etməklə yanaşı, bir sıra digər məsələləri də ortaya çıxarır. Belə ki, 5 rayonda bir idarənin olması vətəndaşlar üçün əlavə vaxt və xərc itkisinə başa gələ bilər. Çünki bir rayondan bir sakin hansısa nazirliyin regional idarəsinə sənəd almaq və ya vermək məqsədilə getmək üçün 1 və ya 2 rayon keçməlidir. Təxminən 50-100 km məsafə qət etməlidir. Bu isə vətəndaşların əlavə vaxt və xərc sərf etməsinə gətirib çıxara bilər.

Nəzərə alsaq ki, regionlarda əvvəlki kimi ictimai nəqliyyat sistemləri işləmir, onda bu rayonların əhalisi üçün çətinlik yaranacağını demək olar. Belə ki, məsələn, Sovet dövründə rayon mərkəzlərindən əksər kəndlərə avtobus marşrutları işləyirdi, bundan başqa şəhərlərarası avtobuslar da bütün istiqamətlərdə var idi. İndi isə şəhərlərarası marşrutlar yalnız ölkənin ana magistrallları boyu işləyir, kəndlərdən rayon mərkəzinə isə avtobuslar işləmir. Sakinlər bu yolu taksi ilə getməyə məcburdurlar ki, bu da onlara baha başa gəlir.

Bəzən rayon icra hakimiyyətlərinin də ümumiyyətlə ləğv olunması və regional icra orqanının yaradılması təklifləri səslənir ki, bunun da mənfi və müsbət tərəfləri var. Yuxarıda qeyd olunanlar buna da aiddir.

Regional idarəetmə bir çox ölkələrdə tətbiq olunur. Belə ölkələrdə dövlət orqanlarının hər bölgə üzrə bir idarəsi olur, bölgədəki şəhər, qəsəbə və kəndlərdə isə yerli idarəetmə, yəni bələdiyyələr işləyir. Həmin dövlət idarələri və ya prezidentin bölgə üzrə nümayəndəsi isə işlərə ümumi nəzarət edir. Əgər bizdə də, bu idarəetmə formatına keçilsə, təbii olaraq yerli özünüidarəetmənin səviyyəsi artacaq ki, bu da bələdiyyə sisteminin inkişafı deməkdir. Bələdiyyələr seçkli orqandır və fəaliyyətləri ictimaiyyət üçün tam şəffaf və açıq olur. İcmalar istənilən vaxt bələdiyyələrin fəaliyyətinə nəzarət edir, təkliflər verir, təşəbbüslər göstərir və məsələlərin həllində iştirak edirlər. Bələdiyyə vergilərin yığılması, xərclənməsi haqda mütamadi hesabatlar verir.

Bunun nəticəsində dövlətin yükü azalır və əhalinin idarəetmədə rolu artır. Bu sistem əksər ölkələrdə çox effektli şəkildə işləyir. Azərbaycanda da bu istiqamətdə işlər gücləndirilməlidir.

Ümumiyyətlə, ölkəmizdə həm iqtisadi, həm sosial, həm mədəni sahələrdə dövlətin yükü, payı böyükdür. Daha çevik fəaliyyət göstərmək, dövlət aparatının saxlanmasına daha az xərc çəkmək, daha çox ictimaiyyətin rolunu artırmaq üçün regional idarəetməyə keçid və bələdiyyələrin səlahiyyətinin və fəaliyyətinin artırılması vacibdir. Və bu işin paralel aparılması daha məqsədəuyğun olardı.

Dövlət aparatının şişməsinin qarşısının alınması üçün son vaxtlar başqa tədbirlər də görülür. Belə ki, uyğun sahələrdə olan dövlət orqanlarının bir nazirlikdə, komitədə və agentlikdə birləşməsi həm xərclərə qənaət etmək, həm daha çevik işləmək, həm də kordinasiyanın effektivliyi cəhətdən daha əlverişli olur. Bu səbəbdən həmin prosesin aparılmasını təqdirəlayiq hesab etmək olar. Hələ də bəzi sahələrdə təkrarçılıqlar və pərakəndəlik var, məsələn səhiyyə sistemində 3 orqan fəaliyyət göstərir- Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi. Bunlar hamısı eyni sahəyə aiddir və birləşdirilməsi daha effektiv ola bilər.

Hər bir halda müasir dövrün tələbləri, az güclə daha çox iş görməyi tələb edir. Nümunəvi dövlətlər ictimaiyyətin idarəetmədə iştirakında maraqlı olur və nəticədə ölkənin sosial-iqtisadi inkişafına tövfə verilmiş olur. Azərbaycanın da bu yolu seçməsi ölkənin ümumi inkişafına yalnız fayda verər. Ümid edirik ki, aparılan islahatlar tezliklə öz müsbət nəticələrini verəcəkdir.

Digər xəbərlər