PDF Oxu

Köşə

  • 5 103

“Kəndə Qayıdış" proqramı elan edilməlidir – TƏKLİF

image

Elçin Bayramlı

Ölkəmizin ərzaq bazarında müxtəlif illərdə qiymətlərin çox fərqli olduğu müşahidə olunur. Hanısa il bəzi məhsullar çox baha, bəziləri isə çox ucuz olur, növbəti il isə əksinə. Problem ondadır ki, Azərbaycanda planlı təsərrüfat sistemi yoxdur. İndi kim nə istəyirsə, onu da əkir. Bir il bir məhsul az əkilir, digəri çox. Çox olanda onu əkənlər ziyana düşür, ucuz satırlar. Həmin il hansısa məhsul az əkilibsə, həmin il onun qiyməti xeyli baha olur. Bu səbəbdən də kənd təsərrüfatı mallarının qiymətləri stabil olmur. Burada həm əkinçilər zərərə düşür, həm də istehlakçılar. Hansısa məhsul az əkiləndə həmin məhsulun xaricdən böyük həcmdə idxalı baş verir ki, bu həm baha başa gəlir, həm ölkədən valyuta çıxır, həm də GMO məhsullar əhalinin sağlamlığına zərər vurur.

Bütün bunlar aydın şəkildə göstərir ki, aqrar təsərrüfatı dövlət planlaşdırmalıdır. Sovet dövründə belə idi, ona görə də, respublikada hansı məhsuldan nə qədər tələbat varsa ən azı o qədər əkilirdi. O vaxt aqrar sektora elmi yanaşılırdı. Məsələn, iqlim, torpaq fondu, suvarma resusrları və sair faktorlar nəzərə alınmaqla hansı regionlarda nə əkmək daha yaxşı effekt verirdisə orada həmin məhsullar əkilirdi. İndi isə, kim harada nə gəldi əkir. Bu da bir çox hallarda zərərlə başa çatır.

Dünyanın bütün nümunəvi aqrar sektora malik ğöölkələrində dövlət müxtəlif üsullarla kənd təsərrüfatını idarə edir, stimullaşdırır və istehsal proporsiyasını tənzimləyir. Belə ölkələrə ən yaxşı nümunə olaraq, Hollandiya, İsrail, Belarus, Almaniya, Rusiya, Çin və s ölkələri göstərmək olar. Azərbaycanda isə, dövlət aqrar sektora külli miqdarda subsidiyalar ayrısa da, istehsal proporsiyasını tənzimləyə bilmirlər. Nəticədə bazarlarda bir il bir məhsula baha olur, növbəti il ucuz. Çünki baha olan il əksəriyyət ondan əkir. Eləcə də başqa bir məhsul ucuz olur və həmin il çoxları ondan əkmir və gələn il qıt və baha olur. Nəticədə həmin məhsulların idxalı artır, ölkədən valyuta axını baş verir.

Daha bir problem isə bazarları tutmuş alverçilərdir. Onlar istehsalçını bazara buraxmırlar, ondan məhsulu yerində, məsələn 25 qəpikdən alıb 1 manata- 4 qat bahasına satırlar. Bu halda həm istehsalçılar, həm də alıcılar uduzur. Udan yalnız alverçilərdir. Belə ki, istehsalçı bazara buraxılsa öz məhsulunu 25 qəpiyə yox, 50 qəpiyə satardı. Burada o 2 dəfə çox qazanmış olur, alıcılar isə məhsulu 2 dəfə ucuz almış olurlar.

Bunu təmin etməklə, ölkədə bolluq və ucuzluq yaratmaq olar. Dəfələrlə təklif etmişik ki, nazirlik bütün şəhərlərdə böyük daimi yarmarkalar təşkil etməlidir. Ora öz məhsulunu gətirənlər pulsuz ya da simvolik qiymətlə buraxılmalıdır, alverçilər kənarlaşdırılmalıdır. Bu halda istehsalçılar öz məhsullarını rahat sata biləcək, yaxşı gəlir əldə edəcək, gələn il daha çox məhsul əkməkdə maraqlı olacaq. Dolayı yolla ölkədə bolluq və ucuzluq yaranacaq, artıq məhsulu xaricə ixrac etmək və ölkəyə valyuta qazandırmaq mümkün olacaq...

Daha bir problem də, yerli istehsalı yüksək olan məhsulların ölkəyə idxalıdır. Tutaq ki, ölkədə keyfiyyətli, təbii kartof əkini yüksək həcmdə olduğu halda, kimlərsə xaricdən ucuz GMO kartof gətirməyə cəhd edir. Bu məsələlərə ciddi nəzarət olmalı, qadağan edilməlidir. Yerli istehsalı öldürmək olmaz. Biz xaricdən ölkədə istehsalı olmayan və ya çox az olan ərzaq məhsullarını almalıyıq. Digərlərində yerli istehsalçılara üstünlük verməli, imkan yaratmalıyıq.

Protektionist gömrük siyasəti düzgün aparılmalıdır. Elə addımlar atılmalıdır ki, yerli istehsalçılar maraqlı olsunlar və məhsul istehsal etməyə davam etsinlər. Buna nəzarət olunsa, bu sahədə qısa zaman ərzində irəliləyişlər əldə ediləcək.

Kənd Təsərrüfatı Nazirliyi indiyədək bu barədə elə də effektiv addımlar atmayıb. Düzdür, aqrar sahədə müəyyən irəliləyişlər var, ancaq bu dövlətin ümumi işinin, ayrılan böyük vəsaitlərin nəticəsidir. Ümid edirəm ki, nazirlik təsərrüfat planlaşdırmasına diqqət yetirəcək, buna uyğun olaraq yeni addımlar atılacaq.

Bunun üçün xüsusi proqram hazırlanmalıdır. Əvvəlcədən hansı məhsuldan nə qədər istehsal edilməsinə ehtiyac varsa, nazirlik onu stimullaşdırmalıdır. Yəni istehsalçıya sifariş edilməlidir və məhsul hazır olanda fermer onu sata bilmirsə dövlət tədarük məntəqləri onu normal qiymətə almalıdır. İstehsala maneə törədən səbəblər aradan qaldırılmalıdır.

Aqrar sektor Azərbaycanda ən gəlirli sahə ola bilər, hətta neftdən də çox gəlir vermək potensialı var. Sadəcə düzgün yanaşma olmalıdır. Bunu edə bilsək, tezliklə ölkədə sosial-iqtisadi inkişaf daha böyük vüsət ala bilər, işsizlik tam aradan qaldırılar, ÜDM, dövlət büdcəsinin gəlirləri, qeyri-neft ixracımız artar, idxal azalar, işsizlik səviyyəsi aşağı düşər, əhalinin sosial vəziyyəti xeyli yaxşılaşar.

Aqrar sektor təkcə əkin əkilməsi, heyvandarlıq demək deyil, bu böyük yeyinti və yüngül sənaye sistemi deməkdir. Yəni, zavodlar, fabriklər, digər istehsal müəssisələri. Bunları yaratmaqla, xaricə ucuz qiymətə satdığımız xammalı özümüz emal edib hazır məhsul alarıq və daha çox qazanc əldə edərik. Xammal ixracatçısından, hazır məhsul ixracatçısına çevrilməliyik. Bunu yaratmaq üçün maliyyə imkanları da var. Hesab edirəm ki, məhz aqrar sənayenin yaradılması üçün strateji ehtiyatlarımızdan bir neçə milyardı ölkəyə gətirib bu sahəyə investisiya qoymaq olar.

Ümumiyyətlə, son 30 ildə ölkə əhalisinin demoqrafik miqrasiyası biristiqamətlidir- regionlardan Bakıya axın davam edir. Hazırda respublika əhalisinin yarısı Abşeron yarımadasında məskunlaşıb. Nəticədə paytaxtda hədsiz sıxlıqdan acınacaqlı vəziyyət yaranır. Dediyimiz tədbirlər həyata keçirilsə, regionlarda həyat canlanar, paytaxta cəmləşmiş əhalinin böyük hissəsi geri qayıdar. Tarazlı inkişaf gedər və devirsifikasiya olunmuş iqtisadiyyat formalaşar.

Digər xəbərlər