Köşə

  • 5 637

Slm, ncn, twk... - KÖŞƏ

image

Bu dilin günahı nədir görəsən, illər, əsrlərdir, kim haraya istəyirsə, o tərəfə çəkir, kim nə istəyirsə, onun başına o oyunu gətirir.

Artıq dəfələrlə bu barədə demişik, yazmışıq, hansı gəncdə görmüşüksə, danlamışıq, tənqid etmişik, amma alınmır ki, alınmır. Elə baxırsan ki, köhnə hamam, köhnə tas. Yaxşı, bəs gənclərimiz haraya gedir bu cür yazı forması ilə? Görəsən bu dilə heç yazığı gələn yoxdur?

“Slm ncn ne var ne yox Hardasn unuye gelesn sat necdə görwek”... Buyurun, dilimizin müasir hüsnü-xətti. Hərflər gedib iş-gücünün arxasınca, durğu işarələri isə torpağa gömülüb. Yuxarıdakı cümlələrdə hər sözü qoyuram bir kənara. Dayanıram “salam (müasir slm)” sözünün üzərində. “Salam” Allahın adlarından biridir. Kim ixtiyar verir ki, Yaradanın adını belə “ixtisarla” yazaq? Bu, hörmətsizlik deyilmi?..

Dəhşətdir, vallah, həm də çox dəhşətdir. Yeniyetmə-gənclərimiz doğru olmayan yoldadır. Dilimiz əldən gedir. Neçə il əvvəldən çalınan həyəcan təbili hələ susmayıb. Lakin kimdir bu təbilin “nəğməsinə” qulaq asan? Necə deyərlər, bu yarım-yapalaq sözlərdən istifadə edən gənclər eşitdikləri sözü bir qulağından alıb, o biri qulağından ötürür havaya.

Baxırsan ki, elə bayaqdan bəri danışdıqların ağzında qalıb, əməl edən yoxdur. Hələ yeri gələndə adama lağ da edirlər ki, sənin də işin-gücün qurtarıb ey, sözləri olduğu kimi yazırsan. Bir misal çəkim, həm də başqasından deyil, öz övladlarımdan. Günlərin bir günü telefonda məktub yazıram. Bitirib, başlayıram korrektə və redaktə etməyə. Sən demə bunlar da başımın üstündədir, xəbərim yoxdur. Birdən başladılar gülməyə ki, ana, sən yazdığına düzəliş də edirsən? Dedim, sağ olun, afərin sizə, bəs nə etməliyəm ki? “Ay ana, işin-gücün yoxdur, sənin?”,- dedilər. Dedim ki, işim də var, gücüm də, özümə hörmətim, dilimə də sayğım var.

Nə olsun, dil üç-beş nəfərlə qorunmur axı. Gəlin görək, əksər yeniyetmə-gənc dilimizin qrammatik qanunlarına riayət edirmi? Xeyr, elə bəla da bundadır ki, riayət edən yoxdur. “Salam, necəsən?”i, “slm, ncn”, “təşəkkür edirəm”i “twk edrm” kimi yazırlar. “Başım qarışıb”ı “bawm qarwb”, “axşam düşür”ü “axwam düwr”, “lazım deyil”i “lazm del” kimi ifadə edirlər.

Dərd tək bu olsa, deyərsən, yarıdır. Müasir gənclərimiz insan, şəhər, kənd, yazıçı, müəllimlərinin adlarını kiçik hərflə yazırlar, ay camaat. Demirəm ki, bunların böyük hərflə yazıldığını bilmirlər, bilənlər var, lakin yazı qabiliyyəti itib onlarda.

“Ə” hərfimiz gedib, yerinə “e” gəlib. Görəsən səbəb nədir? Səbəblərdən əsas birini məktəblərdə inşa, imla, ifadə yazılarının azalmasında görmək olar. Bu, uşaqların yazı qabiliyyətini itirməkdədir. Digər səbəblər isə məsuliyyətsizlik, tələskənlik, hörmətsizlikdir. Həm özünə, həm də qarşıdakına...

Bəzən düşünürəm ki, bir günlük bu telefonlar yığışdırılsa və yaxud internet dayansa, bu yeniyetmə-gənclərimiz görəsən əllərinə qələm alıb bir normal məktub yaza bilərlər? Heç inana bilmirəm. Yazarlar, lakin onu bizlər oxuya bilmərik. Hərfləyə-hərfləyə qalarıq, deyərik, Allah, görəsən bunlar nə demək istəyiblər. Necə ki, hazırda həmin o gənclərin yazdıqları məktubları anlamaqda çətinlik çəkirik.

Yaxşı, bəs bu qayda, dilə bu cür yanaşma ilə hara gedirik? Nə vaxta qədər olacaq bu yolçuluq? Bizə bu yolda bir “dayan, düşün, nə edirsən”,- deyən olacaqmı? Olur, bəzən çox olur, lakin qulaqlar karlaşıb ta. Kim nə bilir, onu da edir.

Vallah, adamın könlündən dəli bir ağlamaq keçir. Axı bu “müasir yazı mədəniyyətinə” malik olanların əksəriyyəti universitet tələbələridir. Aralarında yüksək balla ali təhsil ocaqlarına daxil olanlar da var. Bunları görəndə ağlamayıb, nə edəsən?

Hələ bunları qoyaq bir kənara. Bu dilin günahı nədir? Nə üçün hər kəs öz bildiyini edir bu dilə? Zamanla rus dilini, sonra türk dilini qatdıq dilimizə, indi də yarı rus, yarı türk, ingilisin də əlifbasından hərflər qatıb qarışıq bir dil düzəltmişik.

Yazıq dilim, günahsız, biçarə dilim. Əsrlərin elə bir anı olmadı ki, səni dilim-dilim etməmiş olsunlar. Vallah, bu dil şirdir, aslandır ki, bu qədər zərbələrə tab gətirir.

Mətanət Məmmədova

Digər xəbərlər