Köşə

  • 5 363

Bu ölümlərin qarşısını ala bilərik, əgər… – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Ənənəvi olaraq hər qış mövsümü dəm qazından zəhərlənmə halları artır. Son günlərdə bir neçə nəfər dəm qazından zəhələrlənərək həyatını itirib. Biz bu problemi heç cür həll edə bilmirik. Son illərdə aparılan maarifləndirmə və təhlükəsizlik qaydalarına riayət edilməsi nəticəsində illik statistikada azalma olsa da, belə hallar aradan qalxmır.

Elementar təhükəsizlik qaydlarına riayət olunmaqla həyatımızı bu təhlükədən qoruya bilərik. Bunun üçün insanlar diqqətli olmalı, evdə qaz cihazları və borularının normal vəziyyətdə olmasına və hava çıxışlarının təmiz olmasına fikir verməlidirlər.

Bəzi hallarda suqızdırıcı qaz cihazlarının qapalı hamamda qoyulması və hamam otağının hava çıxışları olmadığından karbon-monoksiddən boğulma baş verir. Bu qazın iy-qoxusu olmadığından hiss etmək mümkün olmur.

Evlərdə quraşdırılmış qaz avadanlıqlarından düzgün istifadə olunmadığı müddətcə bu vəziyyət davam edəcək. Üstəlik, bu avadanlıqların quraşdırılması mütəxəssislər tərəfindən deyil, həvəskar ustalar və ya ev sahibi tərəfindən həyata keçirilirsə, təhlükə ikiqat artır.

Qazsızmalar da böyük faciələrə yol aça bilir. Mütləq şəkildə mənzillərdə və obyektlərdə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır.

Qaz təchizatçısının üzərinə düşən öhdəlikləri də qeyd etməliyik. İndiyədək qaz işçilərinin mənzilə daxil olması qadağan idi, onlar yalnız sayğaca qədər baxa bilərdilər. Ötən ildən etibarən qaz istismar idarələri əməkdaşlarına mənzillərdə qaz təhlükəsizliyini yoxlamaq səlahiyyəti verilib və bu işə başlanılıb. Texniki müayinələr bütün ölkə üzrə keçirilir və qaz təhlükəsizliyi yoxlanır.

Bu çərçivədə Azəriqaz-ın yerli idarələri öz ərazilərindəki bütün evlərdə, obyektlərdə mütəmadi baxış keçirir, abonentlərin qaz təhlükəsizliyinə necə riayət etdiklərini yoxlayır. Qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına yolverilməz dəyişikliklər edən abonentlərə nöqsanlar aradan qaldrılınadək qaz verilişi dayandırılacaq.

Bununla yanaşı maarifləndirmə tədbirləri daha da artırılmalıdır. Çünki yoxlamadan keçdikdən sonra abonentin bilərəkdən və ya bilməyərəkdən təhlükəsizlik qaydalarını pozmayacağına heç bir zəmanət yoxdur.

Normal işləməyən, standartlara cavab verməyən qaz cihazları təhlükə mənbəyidir. Dəm qazı oksigen çatışmayanda, yanma tam getməyəndə əmələ gəlir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.

Qış mövsümündə qaz cihazlarına düşən yük artır və təbii olaraq təhlükə də artır. Ona görə də, abonentlər qaz sisteminin yoxlanmasını təmin etməli, qazdan istifadə zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət etməlidirlər ki, faciə baş verməsin. Qazla bağlı təhlükəsizliyinin təmin olunması, qəza və ölüm hallarının baş verməməsi üçün hər şey başdan düzgün edilməlidir.

Aşağıda göstərilənlər mütləq təmin olunmalıdır;

-Əvvəla, evə, mənzilə, obyektə qazın çəkilişi ixtisaslaşmış lisenziyalı şirkətlər tərəfindən aparılmalıdır və Azəriqaz tərəfindən yoxlanılıb rəy verildikdən sonra qaz sistemində özbaşına heç bir dəyişiklik edilməməlidir.

-İkincisi, qaz cihazları və avadanlıqlarından istifadə edərkən mütləq standartlara cavab verən, müvafiq seritifikatı olan avadanlıqlar seçilməlidir.

-Üçüncüsü, qazla davranış haqda təlimatlara riayət edilməlidir. Mənzilin hava çıxış bacaları təmizlənməlidir.

-Dördüncüsü, mənzildə qaz detektoru olmalıdır. Hazırda bu cihazlar ucuz qiymətə hər yerdə satılır.

-Beşincisi, qaz cihazları pəncərəsi, hava çıxışı olmayan qapalı otaqda quraşdırılmamalıdır. Otağın mütləq hava çıxışı olmalı və o mütamadi təmizlənməlidirr, hama otağında isə qapıların aşağı hissəsində bir neçə yarıq qoyulmalıdır.

Bu şərtlərə riayət edilsə, heç vaxt hər hansı bir qəza, o cümlədən dəm qazından zəhərlənmə olmaz. Hər şey özümüzdən asılıdır- məsuliyyətsizlik böyük faciələrə yol açır. Bunu düşünməli və ona uyğun davranmalıyıq.

Aşağıdakı videodan təhlükəsizlik qaydaları ilə tanış ola bilərsiniz

https://www.youtube.com/watch?v=G_4mT2XvAWs&list=UU4fZ75t4ginO18Qh1ivcKwg&t=3s

Digər xəbərlər