Köşə

  • 3 804

TƏRSİNƏdən DÜZÜNƏ...

image

Vaxt var idi ki, biz yalnız doğru və düzgün olanı edirdik. Düzgün geyinirdik, düzgün qidalanırdıq, yerində danışıb, yerində gülürdük, özümüzü doğru necə olmalıdır, cəmiyyətdə elə aparırdıq. Lakin sonralar səmum, gilavar, xəzri də deyil, müasirlik adlı bir külək əsdi, bütün düz olanları özü ilə birlikdə harasa apardı. Qaldıq tərsinə həyatda. Əvvəlki abır-həyalı geyimlərimizdən, sağlam qidalanmağımızdan, böyük-kiçik yanında, hətta küçədə, cəmiyyət arasında özümüzü necə aparmağımızdan çox az bir şeylər qaldı. Biz düz ikən bir küləyin səmtimizi dəyişməsi ilə tərsinə çevrildik.

Hər il yanvarın 31-i “Dünya Tərsinə Günü” kimi qeyd olunur. Çox maraqlıdır... Bu gün qeyri-adi və əyləncəli şəkildə hadisələrə və rutinlərə qarşı çıxmaq imkanı təqdim edir. Normalda doğru olan şeylərin tərsini etmək, normal olmayan işləri görmək və ya arxa-arxaya yanaşmaq bu günün ruhuna uyğundur. Bu xüsusi gün insanları öz yaradıcılıqlarını ortaya qoymağa təşviq edir, onlara əyləncəli təcrübələr yaşamağa imkan verir və bir müddətlik gündəlik iş rejimlərini dəyişməyə imkan verir. İnsanlar qeyri-adi paltar geyə, yeməkləri tərs qaydada yeyə, normaldan fərqli istiqamətlərdə gəzə və ya tərs qaydada təşkil edilən fəaliyyətlərdə iştirak edə bilər. Eyni zamanda, bu gün yumoristik atmosferdə yumor hissini təşviq edir və insanları gündəlik həyatda baş verən hadisələrə fərqli prizmadan baxmağa dəvət edir.

Həqiqətən çox maraqlıdır, deyilmi? Lakin həmin “Dünya Tərsinə Günü”nə bu günün prizmasından baxılsa, düşünürəm ki, bütün dünya yığışar və bu günün adını “Dünya Düzünə Günü” olaraq dəyişər. Çünki tək bizdə deyil, bütün dünyada dünən dünəndə, ondan çox az nələrsə bu gündə qalıb. Elə ki, dünya müasirləşdi, ötən əsrləri, illəri arxada qoydu, hər şey də elə bununla dəyişdi. Yeni texnologiyalar- kompüterlər, smartfon telefonlar həyatımıza daxil oldu-olmadı, biz dəyişib ayrı adamlar olduq.

İnternet əsri ötən əsrləri əlimizdən aldı. Bir-birinin ardınca yaranan sosial şəbəkələr yeni məskənimiz oldu. Biz qaldıq həmin şəbəkələrdə, ta öz dünyamıza qayıtmağı unutduq. Elə orada qaldıqca da geyimlərimiz, qidalarımız da qaldı həyatımızın o üzündə. Ətəklərimiz dizdən, köynəklərimiz də göbəkdən bir qarış yuxarı qalxdı. Paltarlarımızın sinəsi, qolları təxirə salındı. Kişilər qadın, qadınlar kişi geyimləri geyinməyə başladı: kişilər şalvarı genəltdi, qadınlar daraltdı. Kişilər örtülü, qadınlar açıq geyinməyə başladı. Şalvarların dəbi buddan başlayıb topuğa qədər ara-ara yarıqlar oldu. Naməhrəm yerlər bayırda qaldıqca “çox dəbliyik”,- dedik, özümüzlə fəxr etdik. Göbəyi, sinəsi görünməyənlərə “kəndçi” dedik. Saçı üç rəngdə, corabının hər tayı ayrı rəngdə, estetik əməliyyatları olmayana dəbsiz dedik...

Nənə-analarımızın min bir dadda yeməkləri “Mcdonalds”ların, “KFC”lərin güdazına getdi. Evlərdə qazan asıb yemək bişirən az-az adam qaldı. Liftlər bina sakinlərindən çox evlərə yemək daşıyan kafe-restoran işçilərinə, “Wolt”lara xidmət etməyə başladı.

Toy, yas mərasimlərinə, bayramlara xas adətlər unudulmağa başladı. Toylar əndazədən çıxdı, əvvəlki şənlikli toylardan əsər-əlamət qalmadı. Yaslar görkəmini dəyişib qonaqlıq məclislərinə çevrildi. Toya bir evdən bir adam gəldi, pula görə. Yasa bir evdən hamı gəldi, pulsuzdur, deyə...

Bayramlarda kəndlərdə yaşayan valideynləri gedib görməyə, əllərindən öpməyə lüzum görmədi insanlar artıq. “Görüntülü mümkündür də”,- deyib başladılar ölkənin bu başından o başı ilə danışmağa, doğmalarını təbrik etməyə, onlayn bayramlaşmağa...

Fərqinə varan varsa, Novruz tonqallarının qığılcımları da əvvəlki kimi səmaya dəymir. Əvvəlki kimi tonqal başına hər evdən hər kəs də toplaşmır. 3-5 nəfər olar, ya olmaz tonqal başında. Əvvəlki şaqraq gülüşləri, çal-çağırlı mərasimləri, papaqatmaları, qulaq falına çıxmaları dünəndə qoyub bu günə gəldik.

Uşaqlarımızı oynamağa, gəzməyə aparmağı da dünəndə qoyduq. Onları evdə ya kompüterlərin arxasında, ya televizorun önündə əyləşdirdik, ya da əllərinə telefon verib bir küncə sıxışdırdıq ki, səsləri çıxmasın. “Yeddi daş”, “Qovala qaç”, “Bənövşə”ni pleysteyşinlərdəki vahiməli oyunlarla (hansı ki, övladlarımıza qəddarlıq, vəhşilik təbliğ edir) əvəzləşdirdik...

Günlərlə danışmaq olar tərsinə çevirdiyimiz belə gündəlik həyat hadisələrindən. Belə isə dünya 31 yanvarı nə üçün Tərsinə Günü kimi qeyd edir? Gərəkdir ki, 365-i tərsinə çevirən bizlər 31 yanvarı dəyişib Düzünə Günü kimi qeyd edək və bəlkə dünəndə qoyduqlarımızı ilin bircə günü yada salıb yenidən qaytara bilək.

Ümidvarıq ki, dünya bu günün əsl mahiyyətinə ötəri bir nəzər salar. TƏRSİNƏ DÜZÜNƏ çevrilər...

Mətanət Məmmədova

Digər xəbərlər