Köşə

  • 5 794

Sizə zombi lazımdır? – KÜNCDƏN BAXIŞ – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son dövrlərdə dünyada gedən texnoloji inkişaf tendensiyaları artıq təbii biloloji həyatı, mənəvi dəyərləri, yaşayış şərtlərini dəyişdirir. Xüsusən də internetin, sosial şəbəkələrin virus kimi qorxunc sürətlə həyata daxil olması insanları, əsasən də gəncləri real həyatdan ayıraraq virtual həyata sürükləyir. İndi gənclərin çoxu virtual dünyada yaşayır- sanki biorobota dönüblər, bütün təbii ənənəvi həyat tərzinə, mənəvi dəyərlərə tüpürmək, bütün həyatını virtual dünyada reallaşdırmaq xəstəliyinə düçar olublar. Bu artıq psixoloji narkomaniya adlandırıla bilər.

İnkişaf etmiş cəmiyyətlərdə internetin, sosial şəbəkələrin faydalı tərəflərindən istifadəyə çalışılır. Bizdə isə əksinədir. Faydalı kontentlər kənarda qalır, əxlaqsızlıq, zərərli vərdişlər, tərbiyəsizliklər təbliğ edən materiallar üstünlük qazanır. Sosial şəbəkələrdə hər cürə biabırçılıqlara rast gəlinir. Özünü göstərmək, dəstək, bəyənmə, pul qazanmaq üçün ağlına gələn-gəlməyən hər cürə qeyri-etik, əxlaqsız hərəkətlər etməyə başlayıblar. Bu artıq faktdır və artmaqda olan tendensiyadır.

Bunun qarşısını almaq yolları hələ də var. Sosial şəbəkələrdən istifadə üçün tələblər və yaş məhdudiyyəti var, lakin bunlara riayət olunmur. Bizim yeniyetmələr yaşını çox göstərərək çox rahat şəkildə sistemi aldadaraq qeydiyyatdan keçirlər və üzv olurlar. Çox sayda saxta profil və kanallar var ki, məqsədli şəkildə əxlaqsızlıq təbliğ edən materiallar yayırlar, siyasi, sosial və sair sahələrdə təxribatlar törətməyə çalışırlar.

Bununla iki mübarizə üsulu var. Bunlardan biri dövlət səviyyəsində, digəri isə cəmiyyətin özü tərəfindən edilə biləcək mübarizə metodudur. Normal , ağıllı cəmiyyətlərdə belə kanalları sadəcə olaraq şikayət edir, bloklayırlar. Beləliklə sıradan çıxırlar. Biz normal cəmiyyət olmadığımıza görə, bizdə əksinədir-cəmiyyət məhz mənfi kanallara hər cür dəstək verir, onların inkişaf etməsinə səbəb olurlar.

Geriyə yalnız dövlətin müdaxiləsi- inzibati metod qalır ki, bundan başqa çıxış yolu yoxdur. Bunun üçün xüsusi bir qanun qəbul edilməli və sərt qadağalar, cəzalar tətbiq edilməlidir. 18 yaşa qədər, ən pis halda 16 yaşa qədər uşaq və yeniyetmələrin sosial şəbəkələrə üzv olunması qadağan olunmalıdır. Dövlət müəyyən texniki vasitələrlə bunu nəzarətdə saxlamalıdır.

Bir çox ölkələrdə belə qadağalar var. Bəzi Avropa ölkələrində, ABŞ-nin bir sıra ştatlarında bu tətbiq olunur. Çində TikTok üzərində müəyyən alqoritmlər vasitəsilə yaş və vaxt məhdudiyyəti qoyulub. Burada 18 yaşadək kimsə üzv ola bilmir və bir şəxs sutkada 40 dəqiqədən artıq TikTok-da videolara baxa bilmir. Ən əsası eləi bir alqoritm qurulub ki, Çin auditoriyası "TikTok"dakı ancaq faydalı kontentləri görür. Digər zərərli kontentləri görmür.

Bizdə heç bir məhdudiyyət və ictimai qınaq, baykot olmadığına görə, əksər yeniyetmələr və gənclər elm arxasınca getmək, dil öyrənmək və inkişaf etmək əvəzinə sadəcə telefonu götürüb biabırçı videolar çəkib yayırlar. Ağzına gələni danışır, qeyri-etik hərəkətlər ilə tanınmaq istəyir, özlərinə diqqət qazanmaq istəyirlər. Bəziləri isə bu biabırçılıqlar biznesə çevirib və kütlənin hesabına oradan yaxşı gəlir də edir. Digərləri də ona baxıb həvəslənir.

Normal cəmiyyət olmaq istəyiriksə bu kanalları blok etməli və sıradan çıxarmalıyıq, dövlət isə cəza tədbirləri görməlidir. Düzdür, son zamanlarda bəzi cəzalanma hadisələri var. Bu təqdirəlayiqdir. Bu işi artırmaq lazımdır- müasirlik adı altında mənəvi dəyərlərə zidd olan təbliğatlar aparanlar, cəmiyyətə zərər vuranlar cəzalandırılmalıdır.

Texnologiya bıçaq kimidir- ancaq müsbət istiqamətdə istifadə edildikdə yaxşıdır, ancaq mənfi yönümlü istifadə edəcəyiksə, bu bizə ancaq zərər verəcək. Təəssüf ki, bizdə daha çox mənfi tərəfdən istifadə olunur. Axtarış sözlərinə və kanalların reytinqinə baxanda görürsən ki, əsasən zərərli kontentlər izlənir.

Əgər zəruri tədbir görməsək, sağlam gələcəkdən danışa bilməyəcəyik. Və indiki uşaqlar son təbii insan nəsli olacaq. Bizə zombiyə çevrilmiş birorobotlar lazım deyil. Sağlam və təbii insan olan gələcək lazımdır.

Digər xəbərlər