Köşə

  • 4 530

Olar səni qucaqlayım?

image

Lalə Mehralı

Qucaqlamaq sevgini ifadə eləməyin ən gözəl nümunəsidir. İnsan saxta qucaqlaya bilmir, qucaqladığı adam bunu dərhal hiss edər. Qucaqlaşmağı bacaran canlıların bir-birinə sevgisinin ən pik nöqtəsidir, ən bariz təzahürüdür qucaqlaşmaq, yaşadığın anın dəyərini bilməkdir, o anı uzatmaqdır. Qucaqlamaq ağrıkəsicidir, sevgi hormonudur, paylaşmaqdır, bölüşməkdir, ortaq duyğular hiss etməkdir.

Sevdiyimiz, dəyər verdiyimiz birini qucaqladığımız zaman bədənimiz oksitosin ifraz etməyə başlayır, bu hormon sevgi, xoşbəxtlik hormonu kimi də tanınır. Əzizimizin bir yeri ağrıyanda, xəsarət alanda, kədəri olanda onu qucaqlamağımız onda ağrıkəsici effekti verir. Bu hormonun bədənimizdə istehsalı bizi gündəlik stresdən, mənfi düşüncədən qoruyur. Bu da o deməkdir ki, qucaqlaşmaq bizim həm fiziki, həm də mənəvi sağlamlığımızı qoruyur. Uşaqlar ona görə bir yeri ağrıyan kimi valideynlərini qucaqlamaq ehtiyacı duyurlar. Qucaqlaşmaq gözəldir, eyib bilməyin. Sevginizi göstərin tez-tez sevdiklərinizə. Qucaqlamaq, bir-birini başa düşməyi asanlaşdırır, şəfqət verir, şəfa ötürür.

Biz qucaqlaşmağa utanan bir nəsil kimi böyüdük. Valideynlərimiz bizi çox əzizləyib-qucaqlamadı, başqalarının yanında sevgisini göstərmədi. Böyüklərdən ayıb bildilər bunu. Atalar öz valideynlərinin yanında qucağına almazdı bizi, analar böyüklərdən ar edərdi bizi əzizləməyə. Bir yanımız həmişə kəm böyüdü buna görə. Nənə-babamızdan gördük, adətən, əzizlənməyi. Bizi qucağında böyüdən nənəmiz vaxt gəldi övladımızı da qucağına aldı, sevdi, əzizlədi.

...İş gününün yorğunluğu ilə ayaqlarımı sürüyüb birtəhər yaxınlıqdakı dayanacağa qədər getdim, avtobus o dəm özünü yetirdi. Boş oturacaq tapıb oturdum. İki dayanacaq sonra avtobusa uşaqlığım mindi - alnında çit parçadan çəkisi, başında güləbatın tikməli, kənarı saçaqlı şalı olan bir nənə. Uşaqlığım ona deyirəm. Eynən mənim nənəmə bənzəyirdi. Ağzı dualı, əli bərəkətli, ürəyi yuxa nənəm. Qalxıb yerimi verdim, boş yer yox idi, özüm də durdum düz qənşərində, uşaqlığıma baxa bilim deyə. Bir oturacağa görə yüz dəfə “sağ ol”, - dedi nənə, dua elədi. Alışmadığımız, tərgitdiyimiz vəziyyətdir, adətən ortayaşlı qadınlara yer verəndə minnətlə, göz süzdürərək otururlar, bir quru “sağ ol” demədən.

Dayanacağıma yaxınlaşırdım, avtobusdan enmədən nənəmə bənzəyən nənəni qucaqlayıb öpmək keçdi içimdən. Ətrafıma boylandım. Qəzəbli baxışlı, aqressiv simalı insanların içində bunu edə bilərəmmi? Avtobuslarda, metrolarda niyə hamının üzündən qəzəb yağır? Dəli olduğumu zənn edərlər birdən. İki gün əvvəl gözləri ecazkar dərəcədə yamyaşıl bir qıza “nə gözəl gözlərin var” dediyim üçün yanındakı qadının kəm-kəm baxdığı avtobusda idim axı. Qızın yorğun üzü işıqlandı, pəncərədən bayıra baxan o gözəl rəngli gözlərinin içi güldü, təşəkkür etdi. Amma o yanındakı qadın yenə eyni cür baxmağa davam etdi. Günah iş görmüşəmmiş kimi, tənə ilə. Amma eynimə almadım.

Bu dəfə də eynimə almadım, nənəyə yaxınlaşıb qulağına dayadım ağzımı: “Olar səni qucaqlayım?”, - deyə soruşdum. “Siz” demədim, nənəmə də “sən” deyirdim axı... Təəccüblənmədi, amma bir az duruxdu. “Nənəmə çox oxşayırsan”, - dedim, gülümsədi, başı ilə razılıq işarəsi verdi. Qucaqladım, qoxusunda nənəm vardı. Nənəmli illərə gedib sağ olan nənəmi qucaqlamış kimi oldum. Məlumat monitorunun səsinə geri qayıtmalı oldum nənəmli illərdən, avtobus dayandı, nənəyə təşəkkür edib düşdüm, gülümsədi arxamca, “günün ağ olsun”, - dedi. Eynən nənəm kimi. Düşdüm, ötüb keçən avtobusdan təəccüblə baxan sərnişinləri gördüm. Kim bilir, neçəsinin ürəyində qucaqlaya bilmədiyi insanlara olan həsrəti vardı, nisgili vardı, etiraf edilməyən, dilə salınmayan. Özümü qınadım, gərək düşməzdən əvvəl ucadan onlara deyəydim: “Heç vaxt gec deyil, qucaqlayın o həsrətinizi, çəkinirsinizsə, lap icazə alın, “olar səni qucaqlayım?”, - deyin, amma qucaqlayın”.

Digər xəbərlər