Köşə

  • 5 048

Deyirlər, dəli olacağıq... -KÖŞƏ

image

Deyirlər çox keçməz, dəli olacağıq. Lakin bu, məgər təzə xəbərdir? Bu barədə bir azdan danışacağam ki, nə üçün dəli olacağıq. Lakin ən birinci ondan başlayım ki, çoxdan aramızda dəli olanlar var. Biz də kənardan baxıb “yazıq, nə üçün bunun başına belə oyun gəldi?” deyirik.

Məsələn, Tiktokda canlı yayım açıb saatlarla orada veyllənən qadın, hansı ki, əyni yalın, ayağı açıq, yəqin ki, qarnı da ac ora-bura qaçan uşaqları da bu görüntülərdə görünür, dəli olmayıbmı? Və yaxud da canlı yayım açaraq qarşısında əyləşib şişirtmə dodaqlarını oynadan, ədasından Tiktoku yandıran qadın, dəli deyilmi? Nənə-babasını gizlicə danışdırıb video çəkib onları ağsaqqal, ağbirçək vaxtında Tiktok-çuların gülüş hədəfinə çevirən gənc nəvə, dəli deyilmi? Küçədə qol qaldırıb rəqs edərək özünü çəkib sosial şəbəkələrə yerləşdirən gənc necə, dəli deyilmi?

İtinə, pişiyinə ad günü keçirib Tiktokda paylaşan insanlar, dəli deyilmi? Minlərlə insan qarşısına heç də normal olmayan geyimdə çıxıb, gənc qadınlara makiyaj sirlərini öyrədən qadının necə, başı xarab olmayıbmı? Azyaşlı övladlarını söhbətə tutub şirin anlarını çəkib Tiktokda paylaşan ana-ata necə, dəli deyillərmi? Başqa olanlar da var ki, ta onlar haqqında danışmağa dəyməz, çünki onlar hər kəsdən əvvəl dəli olublar...

İntagramda qadınlar qrupu var. Burada qadınlar guya ki, bir-birindən məsləhət alırlar. Yazırlar: nə ailə sirri qalır, nə ər-arvad arasında olanlar, nə qayınana-gəlin münasibətləri. Hamısından bəhs edirlər. Bu necə, dəli olmaq deyilmi? Hansı hansından məsləhət alır, bu da hələ məlum deyil. Allahın verdiyi əzalarla razılaşmayıb bütün bədənini həkimlərin yenidən qurub-yaratdığı qadınlar özlərini bu sosial şəbəkələrdə reklam edirlər, bu necə, dəli olmaq deyilmi? Bəzi kişilər iş-güclərini ötürüb Tiktokda, İntagramda hamını “güldürürlər”, bu necə, dəliliyin son həddi deyilmi? Ümumilikdə qadınlar və kişilər var ki, kimləsə mübahisəsi, dava-dalaşı varsa, bunu artıq sosial şəbəkələrdə edib ictimailəşdirir, bu necə, dəli olmaq deyilmi? Bəs sosial şəbəkələri qazanc yerinə çevirib bir çox şeylərdən vaz keçənlər, dəli olmayıblarmı?

Ad günlərində, qonaqlıqlarda, Ramazanda, Novruzda- bütün bayramlarda süfrələrinin min bir nemətini çəkib olanı-olmayanı fikirləşmədən sosial şəbəkələrdə paylaşanlar necə, dəli olmayıblar? Votsapı bir-birinə söz atmaq, söz ilişdirmək yerinə çevirənlər, kimdənsə küsəndə, inciyəndə statusunu həmin mövzu ilə bağlı peyğəmbərlərin, Mövlanənin sitatları ilə dolduranlar, dəli deyilmi?

Bayramlarda, cümə günlərində hazır video və şəkilləri bütün dostlarına göndərənlər, telefonları onlarla dolduranlar necə, dəli deyillərmi? Telefonunda cavabları yaddaşda saxlayıb kiminsə bayram təbrikinə bir nöqtəni basmaqla hər dəfə eyni qarşılığı verənlər necə, birinci sayğısız, sonra isə dəli deyillərmi?

Saya biləcəyimiz bu cür onlarla misal var. Lakin mətləbə keçməyin vaxtı olduğu üçün bu qədər yetər. Mətləb isə ondan ibarətdir ki, deyirlər, Apple-nin yeni nəsil texnologiyası olan “Vision Pro” ilə artıq küçədə qeyri-adi hərəkətlər edən insanların sayı günü-gündən artacaq. Eynək formasında olan “Vision Pro” telefon, kompüter, hətta televizor və kinoteatrı belə əvəz edəcək. Hazırda 4000 dollara təqdim olunan cihazın qısa zaman ərzində qiymətinin endirilməsi planlaşdırılır. Hər kəs üçün əlçatan olması hədəflənən bu cihaz gözün xarici displeyə proyeksiyasıdır. Bir əl hərəkəti ilə klaviatura və monitoru açılan “Vision Pro”nun istifadəsinə dair videolar artıq sosial şəbəkələrdə yayılmaqdadır.

Həmin videolara baxarkən həqiqətən insanların hərəkətləri adama dəli olublarmış kimi təsir bağışlayır. Bir andaca küçənin ortasında dayanmaq, atılıb-düşmək, görünməyən klaviaturaya yazırlarmış kimi hərəkətlər və sair. Elə həmin hərəkətlər fonunda isə simsiz qulaqcıqlardan istifadə edənlərin küçədə, ictimai nəqliyyatda öz-özünə danışıb güldüklərini, bəzən hirslənib özlərindən çıxdıqlarını xatırlayıram. Bəs bu necə, dəli olmaq deyilmi?

Ümumiyyətlə, yeni texnologiyalar həyatımıza daxil oldu-olmadı, ağlımızı başımızdan aldı. Çoxlu dost qazandıq, əsl dostları itirdik. Müasirləşdik, lakin dəyərlərimizi onun badına verdik. Sosiallaşdıqca ailələrimiz dağıldı, övladlarımızı bizi yetişdirən böyüklərimizdən fərqli yetişdirməyə başladıq. Geyimimiz, danışığımız, hərəkətlərimizin hamısı dəyişdi. Bir sözlə, ağlımızı itirdik.

İndi “Vision Pro”nun tətbiqi guya nəyi dəyişəcək? Dünən bir cür dəli idik, sabah da başqa cür dəli olacağıq da... Həm də yuxarıda da dediyim kimi, bu, məgər təzə xəbərdir?..

Mətanət Məmmədova

Digər xəbərlər