Köşə

  • 4 872

Əs, qaytar, ey külək!

image

Dedim, dedim, dedim, yazdım, yazdım, yazdım, görəndə ki, faydası olmadı, üzümü tutdum Novruzaqədərki çərşənbələrdən birinə-Yel çərşənbəsinə. Hə, indi qulaq as mənə, Yel çərşənbəsi. Bəlkə sən dinləyəsən, bizim məhv etdiklərimizi sən qaytarasan...

Dinlə məni, ey külək. Əs, əsrlər, illər öncəyə əs. Qarşına çıxan nə qədər unudulan adət-ənənələrimiz var, hamısını geriyə qaytar. Gəlsinlər, görsünlər ki, biz onların çoxunu torpağın altına gömmüşük. Onlardan biri: ta indi evlərdə səməni cücərdən yoxdur, indi səməni cücərdib satanlar var, hamı hazır səməni alır.

Ta indi Novruzqabağı təmizlik işlərini də görən yoxdur: bağ-bağça təmizləyən, ev tökən, yorğan-döşəyi havaya verən, evin künc-bucağını dərindən təmizləyən, xalça, palaz çırpan, pərdə yuyub, asan yoxdur. Deyirlər, nə olub ki, hər yer tərtəmizdir.

Gəl, ey külək, bəlkə özünlə keçmişdən onu qaytarasan ki, çərşənbələrdə hər dəfə od yandırılar, hamı çıxardı dayanardı ocaq kənarında, deyib-gülərdi, çərşənbələri bayram ovqatı ilə qeyd edərdi. İndi hamı girib evlərə, oturub türk seriallarının qarşısında. Heç balkonlardan başını aşağı uzadan da yoxdur.

Gəl, ey külək. Gəl və özünlə o adətləri gətir ki, bayramda ölkənin bu başından o biri başına övladlar ata-ana əlini öpməyə, bayramlaşmağa gedərdilər. İndi haradadır o adətlər... Novruzda bir həftəlik tətildə çoxları istirahətini qoyub rayonlara-kəndəmi gedəcək? Deyirlər ki, görüntülü danışmaq nədən yanadır. Danışmışıq, bayramlaşmışıq da...

Gəl, ey külək, gəl, bu dövrün insanlarına danış ki, hər Novruzda insanlar qəbiristanlıqlara ölülərini ziyarətə gedərdilər. İndi unudulub çoxları tərəfindən o adətlər. Hətta ən yaxın qohumlara belə onlayn başsağlığı verənlər var. Telefon nə üçündür, deyənlər var. Uzaq yolu yaxın edən telefonlar....

Gəl, ey külək. Gəl, özünlə dünəndə qalanların çoxunu gətir. Gətir, görək ki, harada qaldı o gözəl bayramlar. Bayram günü gecə səhərədək evlərə torba atmalar, bayramdan pay alıb, sonra uşaqlarla birlikdə qatıb bölüşmələr...

Gəl, gətir, görsün hər kəs ki, bayramı bir vaxtlar necə qarşılar, necə yola salardılar. Milli geyimdə qızlarla, oğlanlarla. Xeyr, tədbirləri deyil, məhəllələrdə ocaq başındaki milli geyimli oğlan-qızları deyirəm. Saatlarla çalan-oynayan qonşuları, ocaq üstündən tullanıb “ağırlığım-uğurluğum odlara!”,- deyən qonşuları deyirəm.

Gəl, ay külək, gəl, özünlə çərşənbələrin qayda-qanununu gətir. Ta açılmayan çərşənbə süfrələrinin vacibliyindən danış. Çərşənbələrdə restoranlarda bizə məlum olmayan yeməkləri yeyənlərə de ki, həmin günü adam öz evində olar, öz süfrəsi başında əyləşər. Danış ki, unudulmasın, o süfrələr, hər çərşənbə açılsın ki, Novruza hazır olsun.

Gəl, ey külək, gəl, özünlə əlimizdən zorla alınmış baharı da gətir. Elə əs ki, vur, uçur hündürmərtəbəli binaları, o binaları ki, onlar yüzlərlə ağacın kökləri üzərində ucaldılıb, baharı əlimizdən alıb. Gəl, bu yandan gir, o yandan çıx, gör kim alıb baharı əlimizdən, çırpıl üzünə, bu dünyanı o biri dünyaya apara bilməyəcəyini çırp üzünə. Anlat, anlasın ki, bu dünyanın malı burada qalır, o biri dünyaya gedə bilməz...

Gəl, ey külək, gəl ki, barı sən gəl. Gəl ki, heç olmasa, çərşənbələrin sıralanmasını unudanlara özünü göstər. Göstər ki, çərşənbələrdən Yel çərşənbəsi olduğunu unutmasın insanlar. Yoxsa halımız heç də yaxşı olmaz... Əs, qaytar, bizim olanları...

Mətanət Məmmədova

Digər xəbərlər