Köşə

  • 2 240

Təmbəlliyin anatomiyası – FELYETON

image

Elçin Bayramlı

Səhər işə gələrkən bulvarla “Sahil” metrosu arasındakı yeraltı keçidə yaxınlaşanda gördüm ki, keçidin qarşısında xeyli adam toplaşıb. Öz-özümə “padumat” elədim ki, ey dili qafil, yəqin avqustun ortasında Bakının suyunun kəsilməsinə, yainki, benzinin keyfiyyətinin xeyli pisləşdirilməsinə və qiymətlərinin bahalaşdırılmasına, yaxud da internetin kəskin bahalaşmasına qarşı etiraz aksiyasıdır. Birdən yadıma düşdü ki, yox ey, biz etiraz aksiyası keçirməyi 20 il olar tərgitmişik. Yaxınlaşanda gördüm ki, 20 nəfərdən artıq adam keçidin eskalatorunun qarşısında gözləyir ki, növbəsi çatsın, eskalatora minib 5-6 addım yolu aşağı düşsün. Yanda isə pilləkanlar boş durur. Gedib pilləkanla düşərkən adamlar mənə təəccüblə baxıb böyük ehtimalla düşünürdü ki, bu nə qədər axmaq adamdır, özüyeriyən eskalatoru qoyub ayaqları ilə düşür pilləkanları. Mən isə düşünürdüm ki, bunlar niyə 5-6 addım atmağa tənbəllik edir, eskalatorun qarşısında növbə gözləyirlər ki...

Beynimdə bu sualın cavab variantları arasında düşüncələr gəlib gedirdi.

Bəlkə işdən yorğun qayıdırlar? Yox, səhər vaxtıdır, hamı enerjili və istirahət etmiş formadadır.

Bəlkə, bunlar yaşlı və ya xəstə adamlardır? Yox, hamısı gənclərdir, bir neçə nəfər də ortayaşlı adam var. Xəstəyə də oxşamırlar. Aralarında hamilə, və şikəst adam da yoxdur.

Bəlkə pilləkanlar qar-buz bağlayıb, sürüşüb yıxılmaqdan qorxurlar? Yox əşşi, görmürsən yayın ortasıdır, qar, buz nə gəzir?

Bəlkə aşağıda eskalatorla düşənlərə mükafat paylayırlar? Yox qaqa, nə mükafat, aşağıda heç kim yoxdur. Həm də belə şeyə görə kim mükafat verər ki?

Bəlkə bunlar savadsızdırlar, fiziki hərəkətsizliyin insanı necə məhv etdiyi, 20-dən artıq təhlükəli xəstəliyə səbəb olduğu haqda elmi məlumatlardan bixəbərdilər? Yox, uyğun gəlmir. 20 nəfərdən artıq adamın hamısı savadsız ola bilməz, üstəlik bu zonada işləyənlərin 90 faizi dövlət idarələrində, banklarda, şirkətlərdə, mediada işləyir, bir çoxu da tələbədir. Yəni, ziyalı kateqoriyadır. Bu səbəbdən onlar heç fiziki iş də görmürlər ki, yorulalar gün ərzində, hamısı oturaq işlə məşğuldur.

Bəs o halətdə səbəb nədən ibarət olmuşdur? Beynim prosesi həzm edə bilmir və inandırıcı cavab variantı da tapa bilmir. Bu məqamda yadıma düşdü ki, müxtəlif binalarda 2-ci mərtəbədə aşağı düşmək üçün lifti çağırıb səbrlə gözləyən cavan oğlan və qızlara dəfələrlə rast gəlmişəm. Aha, tapdım. Səbəb təmbəllikdir. Bu xəstəlik son vaxtlar yaman yayılıb. Özü də əsasən gənclər arasında. Lənət şeytana, bir sualın cavabını tapan kimi başqa sual çıxır. Bəs təmbəllik niyə belə kütləviləşib? Mən hardan bilim? Çətin sualdır. Bu haqda ciddi elmi-tədqiqat işlərinə ehtiyac vardır. Bizdə də tərs kimi, Elmlər Akademiyası və onun institutları yalnız formal olaraq mövcuddur, elmdən əsər əlamət yoxdur orada. Yoxsa, onlara müraciət edərdim, araşdırardılar görərdik nədir, nəmənədir...

Bəndeyi-həqiriniz alim deyil, həkim deyil, bu isə açıq-aşkar psixoloji məsələdir. Bununla psixoloq da yox, birbaşa psixiatr məşğul olmalıdır. Amma bunları psixiatrın qəbuluna necə aparmaq olar k? Heç biri razı olmaz. Çünki bizdə hamı özünü ağıllı hesab edir və psixiatra ehtiyacı olduğu halda belə ona müraciət etməyi özünə təhqir sayır. Deməli, bu imkana da bir quş.

Yaman yerdə axşamladıq. Gəl indi işin içindən çıx. Belə baxanda, sənin nəyinə lazımdır? Çox da ki, jurnalistsən, hər yerə başını niyə soxursan ki? Görmürsən, son vaxtlar adamlar yerindən tərpənmək istəmir, istəyirlər hər şey hazırca gəlib qarşılarında peyda olsun. Evdə yemək bişirməyə tənbəllik edib kafedən od qiymətinə tərkibi nə olduğu bilinməyən yemək “zakaz” edirlər. Yayın ortasında burdan-bura dənizə pulsuz çimərliklərə getməyə təmbəllik edirlər, sonra da aktekdən D vitamini alıb içirlər. Maşını həyətdə saxlayanda düz blokun pilləkanına dayayırlar ki, 6,3 metr yolu piyada getməsinlər. Zibili düşürəndə maşına qoyub sürüb zibilqanın yanında saxlayıb ora atırlar- məsafə isə cəmi 20 metrdir. Kəndlərdə həyətdə 3-5 toyuq saxlamağa təmbəllik edib, dükandan zərərli broyler yumurtası alıb yeyirlər.

Nəinki, fiziki əzalarını, hətta beyin neyronlarını işlətməyə təmbəllik edirlər- dükan satıcıları 1,25 manat və 2,45 manat qiyməti olan 2 məhsulu alan müştərinin borcunu hesablamaq üçün kalkulyatora vurur ki, birdən beynini işlədər, sağlamlığına zərər dəyər.

Texnogen era insanları təmbəlləşdirib, təbii və fiziki həyatdan ayırıb. İndi adamlar az qala 7/24 smartfona yapışaraq internetin içinə girib virtual aləmdə yaşayırlar. Beləliklə, hətta yaşlılar arasında da zombiləşmə və robotlaşma prosesi gedir. Belə bir şəraitdə sən gənclərdən nə gözləyirsən ki?

Sən Allah get işinlə məşğul ol, “kakraz” işə də çatmısan. Sabah bir operator da götürüb gedib orada dayanarsan, təmbəllər arasında bir sorğu keçirərsən, görərsən nə cavab verəcəklər. İndi isə çox da başını ağrıtma. Düşünməklə beyini yormaq olmaz, çox yüklənər sıradan çıxar, biabırçılıq olar...

Digər xəbərlər