PDF Oxu

Köşə

  • 4 476

İnformasiya məkanı: klassik media sıradan çıxır, yerini isə… – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Həmişə cəmiyyəti narahat edən məsələlərdən yazmışıq. Bu dəfə isə ənənəni pozaraq özümüzdən yazmaq istəyirik. Son vaxtlar klassik media cəmiyyətdə öz mövqelərini və auditoriyasını kəskin həcmdə itirib. Təsəvvür edin, deputatlığa namizədlər belə öz təbliğatlarını klassik mediada yox, sosial şəbəkələrdə, internet resurslarda qururlar. Qəzetlər, xəbər agentliklərini oxumayanlar bir yana qalsın, televiziyaya baxan, radio dinləyən də çox azdır. İnternet mediası informasiya bazarını ələ keçirib. Bəli bu, faktdır, lakin bütün hallarda olduğu kimi, burada da əsas məsələ faktın özü deyil, səbəbidir. Bəs bu prosesin səbəbləri nədir?

Əlbəttə, kütlə üçün sosial şəbəkə səhifələri, heç bir kriteriyaya məhəl qoymayan “azad” saytlar daha cəlbedicidir. Onların materialları daha hay-həşirli, daha rəngarəng, daha maraqlı, daha kəskindir. Yəni, məsələ formada deyil, əsas problem məzmundadır. Klassik media forma olaraq da, məzmun zənginliyi cəhətdən də uduzur.

Lakin ən əsas məsələ kütlələrin inamıdır. Oxucuların əsl mətbuata ehtiyac var, sözün əsl mənasında, müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata. Oxucu qəzetdə özünü, yaşadığı problemləri, mövcud reallıqları axtarır. Klassik mediada isə bunlara çox az rast gəlinir.

Bu boşluqdan qeyri-ciddi və diletant xəbər saytları, xəbər yayamaqla məşğul olan sosial şəbəkə səhifələri və kanalları bəhrələnir, oxucu kütləsini istədiyi səmtə yönəldə bilir, aldadıcı, qərəzli, provakativ tipli məlumatları cəmiyyətə yeridə bilir. Yeni nəsil “media” resurslarının materialları bir qayda olaraq, +18 mövzular, qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu “şok” xəbərlərdən bezib. Cəmiyyət artıq bu “şokaterapiyanı” həzm edə bilmir.

İnternet mediada şantaj, böhtan, təxribat, qarayaxma, təhqir kampaniyası geniş vüsət alıb. Yalnız azsaylı savadlı, sağlam düşüncəli oxucular hər şeyi görür və başa düşür ki, belə “jurnalist”lərin, “mətbu orqan”ların dərdi xalqın, dövlətin taleyi, maraq və mənafeləri deyil, özlərinin şəxsi maraqlarıdır. Kütlə isə, bunları görmür, onu ancaq materialların maraqlılığı maraqlandırır. Belə vəziyyətdə, klassik medianin auditoriyasının itirilməsi normaldır. Başqa cür ola da bilməzdi.

Başqa problemlər də var. Klassik media resurslarının çoxu maddi problemlər ucbatından peşəkar jurnalistlərin yox, diletantların xdmətindən istifadəyə məcbur olur. Peşəkar jurnalistlər isə, az maaşla acından ölməmək üçün başqa sahələrə gedirlər. 300-500 manat maaşla ailə saxlamaq mümkün olmadığı kimi, qeyri-peşəkarların çalışdığı mətbu vasitələrin cəmiyyətdə nüfuz qazanmaları da mümkün deyil.

Azərbaycanda jurnalistlərin orta maaşı 300 avro civarındadır. Qonşu ölkələrdə- Rusiya, Gürcüstan, Türkiyə və İranda eyni işi görən jurnalistlər azı 3-5 dəfə çox əməkhaqqı alırlar. Bunun müqabilində bizdə jurnalistə gördürülən iş onlarla müqayisədə daha çoxdur. 20 nəfərlik işçinin işini 5-10 nəfərə gördürmək cəhdi işin dəyərini xeyli aşağı salır. Nəticədə kəmiyyət keyfiyyətdən üstün tutulur ki, bu da problemin əsas səbəbidir.

Təsəvvür edin ki, son 10 ildə jurnalistlərin maaşlarında artım müşahidə olunmayıb. Halbuki, bu 10 ildə bütün sahələrdə çalışanların maaşlarında dəfələrlə artımlar edilib, bü müddətdə bazar-dükanda qiymətlər neçə dəfə artıb. Jurnalistin onsuz da gülünc olan maaşı real dəyərini azı 2 dəfə itirib. Amma jurnalist hələ də dünyanın ən bahalı şəhərlərindən biri olan Bakıda 500-600 manat maaşla ailə saxlamağa məcburdur. Bir çoxu kirayədə qalır, bunun yarısını da kirayə haqqına çıxsaq, vəziyyətin acınacaqlı olduğunu anlamaq olar.

Azərbaycanda yaşayış minimumunun 270 manat olduğunu nəzərə alsaq, ortalama 500 manat əməkhaqqı alan jurnalistin ailəsində adambaşına yaşayış minimumundan xeyli aşağı vəsait düşdüyünü aydın görmək olar. Belə bir ağır vəziyyətdə yaşayan, problemlərdən başı açılmayan insandan hansı iş keyfiyyəti, hansı peşəkarlıq, hansı iş həvəsi gözləmək olar?

Klassik media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, normal maaş verilən peşəkarlardan ibarət heyətə mailk ciddi qəzetlər, saytlar, tv-lər, radiolar daha obyektiv, daha savadlı, daha peşəkar iş ortaya qoysunlar. Əks halda, informasiya məkanı mediaya heç bir aidiyyatı olmayan subyektlər tərəfindən tam ələ keçiriləcək. Bu isə həm milli təhlükəsizlik, həm də dövlət təhlükəsizliyi cəhətdən ciddi təhlükədir.

Digər xəbərlər