Köşə

  • 6 035

Dolan paytaxt, boşalan regionlar – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Azərbaycan o ölkələrdəndir ki, sosial, mədəni və iqtisadi potensialının böyük hissəsi paytaxtda cəmləşib. Bu da öz nəticəsini Bakıda son illərdə daha da kəskinləşən hərəkət sıxlığında göstərir.

Son 30 ildə Bakıda əhalinin sayının 2 dəfədən çox artması şəhər nəqliyyatında gərginliyi son həddə çatdırıb. Avtomobil tıxacları artıq şəhərin mərkəzdənkənar ərazilərində də çoxalır.

Rəsmi məlumatlara görə, son dövrlərdə ölkəyə ildə 50-100 min arası avtomobil idxal edilir ki, bunun da 70 faizi Bakının payına düşür. Respublikada avtomaşınların sayı 1,5 milyondan artıqdır ki, bunun da 1 milyon yaxını gün ərzində Bakı və Abşeronda olur.

Bakının mərkəzi küçələri ötən əsrlərdə salındığından onların eni çox balacadır. Üstəlik, bu dar küçələrdə çox sayda obyektlər fəaliyyət göstərir. Bu halda həmin küçələrin hər iki tərəfi ilə avtomobil dayandığı halda küçədə hərəkətin tıxaclaşmasını meydana gətirir. Sıx-sıx tikilən yeni çoxmərtəbəli binalar isə vəziyyəti daha da ağırlaşdırır.

Müvafiq dövlət orqanları problemi həll etmək üçün neçə illərdir ki, bu məqsədlə xeyli vəsaitlər sərf edirlər, müəyyən işlər görülür, lakin problem həll olunmamış qalır. Çünki əslində səbəbi yox, nəticəni aradan qaldırmağa çalışırlar. Paytaxtda tikilən tunellər, körpülər, avtodayanacaqlar, yeni salınan küçə və yollar, piyada keçidləri vəziyyəti bir qədər yüngülləşdirsə də, əhəmiyyətli dəyişiklik baş verməyib.

Son aylarda duracaqların çoxaldılması və pullu edilməsi, avtobus və velosiped zolaqları ilə bağlı aparılan islahatlar da problemi həll etməyib, əksinə daha da gərginləşdirib.

Bəzi iddiaların əksinə olaraq, tıxacların səbəbi heç də maşın çoxluğu ilə bağlı deyil, çünki bizdə maşın sayı əksər ölkələrdən azdır. Ölkədə olan avtomobillərin sayının 1.5 milyon cıvarında olduğunu nəzərə alsaq, ölkə üzrə hər 8 nəfərə 1 avtomobil düşür. Bakıda isə bu rəqəm 5 nəfərə 1 avtomobildir.

Dünyanın digər iri şəhərləri ilə müqayisə etsək, Bakıda əhalinin hər min nəfərinə düşən avtomobil sayı xeyli azdır. Dünyanın böyük şəhərlərində ər 2-3 nəfərə 1 avtomobil düşür. Üstəlik, Bakı ərazisinə görə dünyada ən böyük şəhərlərdəndir. Deməli, avtomobillərin sayı heç də ciddi tixac probleminin yaranması üçün əsas deyil.

Araşdırmalara görə, Bakıda tıxaclar aşağıdakı səbəblərdən yaranır.

- Şəhərdə heç bir qaydaya əsaslanmadan çox sayda yeni çoxmərtəbəli binaların tikilməsi;

- Bir çox binaların parklama meydançalarının olmaması və yaxud az tutumlu olması səbəbindən nəqliyyat vasitələrinin yolun kənarında parklaması;

- Davamlı təmir-tikinti işlərinin aparılması;

- Nəqliyyat axınının və küçə ötürmələrinin düzgün təşkil edilməməsi;

- Sürücülər tərəfindən yol qaydalarına riayət edilməməsi.

Problemin həlli qlobal və lokal tədbirlərlə mümkün ola bilər. Lokal tədbirlərdən başlayaq.

Şəhərdə tıxac probleminin həll edilməsi təmir-tikinti işlərinin bitirilməsi, nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiq olunması, mərkəzi hissələrdə bina tikintisinə qadağa qoyulması kimi məsələlərin həllindən sonra mümkün ola bilər.

Metrostansiyalarının gec-gec artması, digər nəqliyyat növlərinin ləğv edilməsi (tramvay, trolleybus, elektriçka və s.) da ciddi təsir göstərir. Dəniz üzərindən sürətlə marşrut katerlərinin hərəkəti də mərkəzdə tıxacları azalda bilər.

Təkliflərdən biri də iş saatlarının tənzimlənməsidir ki, bu da müəyyən effekt verə bilər.

İndi gələk qlobal tədbirlərə. Regionların inkişafı təmin olunsa, paytaxtda gərginlik azalar. Avtomatik olaraq bölgələrə qayıdanlar çoxalar, şəhərdə maşın sayı da azalar.

Digər üsul, Abşeron yarımadasında yerləşən ali təhsil müəssisələrinin heç olmasa yarısının və bəzi zavod-fabriklərin, bəzi dövlət idarələrinin regionlara köçürülməsidir. Bu eyni zamanda regionların inkişafına da ciddi dəstək ola bilər.

Regionlarda perspektivli sahələrin inkişafına böyük investisiyalar qoyulmalı, əhalinin ölkə üzrə bərabər balansda yerləşdirilməsi üçün proqram həyata keçirilməlidir.

Bakı Abşeron zonası onsuz da həddən artıq yüklənib, həm ekoloji, həm sosial, həm iqtisadi cəhətdən burada böyük yüklənmə var. Bu yükü ölkə üzrə paylaşdırmaq mümkündür. Bunun üçün xarici fondlarda saxladığımız strateji rezervlərdən bir hissəsini cəkb etmək olar. Həmin vəsaitlər 0,5-1 faiz gəlirliklə saxlanır, halbuki ölkə iqtisadiyyatına invest edilsə, dəfələrlə çox gəlir verər. Nəticədə, ölkənin tarazlı və davamlı inkişafı təmin olunar.

Bundan başqa, kənd həyatının təbliğ edilməsi, kəndə köçüb təsərrüfatla məşğul olanlara xüsusi imtiyazlar və dəstək verilməlidir. Regionlarda işləyən sahibkarlara vergi güzəştləri edilməlidir. Əgər bu addımlar atılsa, həm ümumidaxili məhsul daha sürətlə artar, həm dövlət büdcəsinin gəlirləri çoxalar, həm də işsizlik aradan qalxar və sosial rifah yaxşılaşar.

Digər xəbərlər