PDF Oxu

Köşə

  • 2 016

A bala, niyə evlənmirsən?

image

Lalə Mehralı

Bineyi-qədimdən belə olub, subay insan görəndə “nə vaxt tərpənirsən?”, “niyə evlənmirsən?”, “başını nə vaxt bağlayaq?” kimi suallar veriblər. Kimisi maraqdan, kimisi də canı yandığından. İkincilər daha çoxdur. Ailəsi olmayanın ailəsi olsun istəyiblər, evi olmayana ev qurublar. Evlənmək sözü də buradan yaranıb – ailə quranlara kömək edib ev tikməklə, ev sahibi etməklə onları sözün həqiqi mənasında evli-eşikli ediblər.

Evlənmək dövrümüzdə don dəyişib, transformasiya edib. İndi evlənmək olmur, ailə qurmaq olur. Evi olmayan necə evlənsin? Az maaşla necə baxsın ailəsinə kirayədə? Uçuq-sökük daxmaların aylıq ödənişi 300-400 manatdan başlayır, bu gənclər nə qədər maaş alsın ki, hər şeyə yetə bilsin? Gənclərin evlənməsinə şərait yaratmaq lazımdır, təşviq etmək şərtdir. Ölkədə doğum sayı azalıb, əhalidə yaşlı nəsil üstünlük təşkil etməyə başlayır, bunun nəticələri pis olacaq. Kim qoruyacaq vətəni? Kim icra edəcək peşələri?

Günü-gündən nikahların sayı azalır, bunun fonunda boşanmaların sayı sürətlə artır. Ölkədə bağlanan hər iki nikahdan biri boşanma ilə nətiəcələnir. Üstəlik, boşananların əksəriyyəti yenicə ailə quranlardır, 2-3 aylıq evliliklərdir. Əgər bir cəmiyyətdə boşanmaların sayı 50 faizi keçibsə, bu, artıq təhlükəli vəziyyətin göstəricisidir. Ona görə də ailələrə daha çox evli qalmağa, nikahı pozmamağa görə təşviqedici vədlər verilməlidir. Evi olmayanların güzəştli şərtlərlə ev alması asanlaşdırılmalıdır, 1 uşağı olanların dünyaya daha çox uşaq gətirmələrinə təşviq üçün sosial proqramlar işlənməlidir, uşaqpulu verilməlidir. Ailələr başa düşməlidir ki, uşaqların böyüməsində dövlət öz dəstəyini göstərəcək, nəsil artırmaqdan qorxmamalıdır.

Aliment məsələsindən yazmağa qorxuram. Dəhşətli vəziyyətdir. Elə bir mənzərə yaranıb ki, sanki ailələr aliment üçün dağılır, qadınlar “kim daha çox aliment ala bilər?” yarışına çıxıb sanki. İddia etmirəm ki belədir, amma mənzərə belə təsir bağışlayır. Alimentin dövlət büdcəsi hesabına verilməsini iddia edənlər vardı bir ara, təsəvvür edin, elə olarsa mənzərə necə olar? İndi hər iki ailədən biri dağılır, aliment dövlət büdcəsindən ödənsə, ümumiyyətlə, evli qalan olmaz.

Aliment yerinə uşaqpulu ödənsə, ailələrin sosial problemlərdən dağılma ehtimalı da bu qədər gündəmə gəlməz. Hətta başqa problemlərdən dağılan ailələr olanda da ilk ağıla gələn səbəb sosial problemlərdir. Ailəsini dolandıra bilməyənlər alimenti necə verəcək bəs? Əvvəl bir qazan asılırdısa ocağa, boşanmadan sonra iki qazan olur axı. Gəlir iki yerə bölünür, iki evin güzəranı o gəlirdən asılı olur.

Gənclərin iş problemi var, xüsusilə bölgələrdəki gənclər ciddi məşğuliyyət problemləri yaşayır. İş yoxdursa təminat da yoxdur, təminat yoxdursa ailə qurmaq da yoxdur, ailə qurulmursa nəsil artmır, nəsil artmırsa ölkənin əhalisi yenilənmir. Bizi ciddi demoqrafik faciə gözləyir, çünki əhali sayında artım yoxdur, inkişaf dinamikası qeydə alınmır. Çoxuşaqlılıq meyarlarında dəyişiklik edilməlidir buna görə. Ailələr cırtdan modelindən uzaqlaşmalıdır. Dövrümüzdə 6 uşaqlı ailə nadir olur, dolayısı ilə çoxuşaqlılıq müavinətini də az ailə alır. Ölkəmizdə təxminən 6 min ailə çoxuşaqlılıq müavinəti alır, meyarı dəyişib 3 və daha çox uşağa görə müavinət vermək lazımdır.

“Evlən” demək asandır, əsas məsələ evlənəndən sonra ailəyə baxa bilməkdir. Ailə qurmaq istəyənlərə dəstək göstərmək lazımdır, güzəştli mənzil, güzəltli kredit imkanları yaratmaq lazımdır ki, gənclər evlənməkdə özləri maraqlı olsun, ölkənin demoqrafik artımına dəstək versinlər. 1-2 aylıq yox, ömürlük ailə qurmaları üçün xüsusi proqramlar işlənməlidir. Belə davam edə bilməz, bu ip hardasa qırılacaq. Bəlkə də artıq qırılıb, biz özümüzə təsəlli veririk...

Digər xəbərlər