PDF Oxu

Köşə

  • 4 005

Qlobal jandarmın təcavüz strategiyası – KÜNCDƏN BAXIŞ

image

və ya “Sem dayı”nın dünya ölkələrində “parçala hökm et” siyasəti

Elçin Bayramlı

Hazırda Vaşinqtonun dünyada yeritdiyi aqressiv hərbi siyasət Amerikanın dünyada 1-ci güc ölkəsi kimi daha uzun müddətli qalmasına xidmət edir. Dünyanın müxtəlif bölgələrinə son illər ABŞ-ın müdaxiləsi böhranlardan və müharibələrdən başqa heç nə vermədi. Dünya jandarmı vəzifəsinə özbaşına yiyələnmiş təcavüzkar dövlət çökməkdə olan siyasi və hərbi gücünü, iqtisadiyyatını xilas etmək üçün dünyada durmadan xaos və müharibə ssenariləri hazırlayıb həyata keçirir.

SSRİ dağıldıqdan sonra dünyada siyasi vəziyyət dəyişdi. 1996-cı ildən Amerika xarici siyasəti açıq imperial xarakter aldı və dünyanı öz nəzarəti altında saxlamağa çalışdı. Həmin vaxtdan özünün hərbi və enerji potensialına görə Rusiya Amerikaya güclü rəqib sayılan ölkəyə, yeni müstəqil dövlətlər isə əksinə, strateji tərəfdaşlara çevrildilər.

Ən güclü rəqiblərini (Rusiya və Çin) zəiflətmək üçün dünya ölkələrində müharibələr törətmək strategiyasına keçildi. Amerikanın yeni siyasəti, məşhur politoloq Zbiqnev Bjezinskinin yazdığı kimi, Rusiyanı kənarlaşdıraraq onun Avrasiyada bütün hərəkət imkanından məhrum etmək niyyəti daşıyır.

Bunun üçün Vaşiqton bir tərəfdən Avropa və Rusiya arasında yaxınlaşmağa mane olmaq üçün Moskva ilə müəyyən gərginlik səviyyəsi saxlamağa, digər tərəfdən keçmiş SSRİ respublikalarının Rusiyaya qarşı düşmən mövqeyə keçməsinə çalışır.

Getdikcə güclənməkdə olan Rusiyanı zəiflətmək üçün amerikan beyin mərkəzləri yeni "rəngli inqilablar" nəzəriyyəsini hazırladılar. Məqsəd isə Rusiyanı regionda izolyasiya etməkdən və qonşu ölkələrlə belə normal münasibətlərinə imkan verməməkdən ibarətdir.

Bunun üçün onlar dolayısı ilə yeni müstəqillik qazanmış respublikalarda “demokratik” inqilabların həyata keçirilməsinə yardım edirlər. Sonra isə onların Qərb dünyasına “inteqrasiyasına” köməklik edərək konkret bu ölkələr üzərində öz təsir imkanlarını gücləndirirlər.

Bu, əslində hələ 1940-cı illərdə tarixçi-diplomat Corc Kenan tərəfindən hazırlanmış və SSRİ-yə qarşı yönəldilmiş köhnə "containment" (şaxələnməyə imkan verməmək) siyasətinin yeni formasıdır.

Məqsəd həmişəki kimi, Rusiyanı izolyasiyada saxlamaqdır. Bu siyasət regionda qeyri-sabitliyi artırır və Rusiyanın sərt addımlar atmasına gətirib çıxarır. Ukraynada baş verənlər bunun kulminasiyası idi.

1940-cı illərdə Amerika iqtisadiyyatı dünya istehsalının yarısını təşkil edirdi və o zaman dünyanın Amerikaya ehtiyacı var idi. Bu gün isə onun iqtisadiyyatı xarici investisiya və dünyanı bürümüş boş kağızın- dolların hesabına davam gətirir.

Dünya əhalisinin 5 fazini təşkil edən amerikalılar dünyanın yüksək dəyərli sərvətlərinin 40 faizini istehlak edirlər. Başqa sözlə desək, indi dünya əhalisi işləyib amerikalıları saxlamaqla məşğuldur. 36 trilyonluq astronomik borcu ilə bu dövlət faktiki olaraq müflisdir. Sadəcə borclanmanı artıraraq kağız üzərində defoltu uzadırlar.

Nəyin bahasına olursa-olsun dolların üstünlüyünü saxlamaq ABŞ-ın marağında olan əsas məsələlərdəndir. Amerika dünyaya arxasında əmtəə dayanmayan kağız (dollar) ixrac edib, əvəzində mal idxal edir. Bütün siyasət maliyyə-birja əməliyyatlarının üzərində qurulub. Lakin BRİCS, ŞƏT kimi beynəlxalq biriklər dollarsız hesablaşma razılaşmaları üzərindən artıq bu sistemin dağılmasına start veriblər.

Əslində, Birləşmiş Ştatlar dərk edir ki, onların dünyaya, xüsusilə də istehsal qütbləri olan Çin, Rusiya, Avropa və Yaponiyaya ehtiyacları var. Bu vəziyyətdən çıxış yolu kimi, Amerika strategiya sahəsindəki mütəxəssisləri əsas strateji xətt kimi dünyanın enerji sərvətlərinin siyasi nəzarət altına alınması siyasətini təklif edirlər.

Burada məqsəd heç də Amerikanın enerji təhlükəsizliyini təmin etmək deyil, onun Qərbi Avropa, Çin və Yaponiya üzərində təsirinin əsas elementini qoruyub saxlamaqdır. Əslində, ABŞ-a neftin yarısını ixrac edənlər Amerika ölkələridir. Əgər buraya ABŞ-ın özünün də neft istehsal etdiyini əlavə etsək, onda məlum olur ki, bu ölkənin neft istehlakının 70 faizi Amerika qitəsindən gəlir.

İran körfəzi ölkələri əsas neft ehtiyatına malik olsalar da, Amerikaya neft ixracında heç də üstün rol oynamırlar. Avropa, Çin və Yaponiya ilə müqayisədə Birləşmiş Ştatlar bu regiondan qat-qat az neft ixrac edir. Ancaq, Orta Şərqin və Xəzər dənizinin enerji mənbələrinə nəzarət etməyə çalışan Vaşinqton bununla Avropa və Uzaq Şərq üzərində güclü təsir imkanlarını əldən buraxmaq istəmir.

Bu da hər şeydən öncə Amerika dövlətinin dünyada dolların birinciliyini saxlamağa imkan verir və onun iqtisadiyyatının ehtiyaclarını ödəyir.

Siyasi və strateji baxımdan, Amerikanın bugünkü durumu heç də yaxşı deyil. Əslində, çox pisdir demək daha doğru olardı. Bu səbəbdən ABŞ öz həyat səviyyəsinə zəruri olan dünya hegemoniyasını təmin etməyə çalışır. Bu məqsədlə hazırlanmış qlobal strategiyanın hədəfi zəif rəqib (üçüncü dünya ölkələri) seçməkdən ibarətdir. Bunlar Amerikanın hərbi gücünü nümayiş etdirməkdə bir növ səhnə rolunu oynayırlar.

Bu, eyni zamanda ABŞ-ın ərəb dünyasında nüfuzuna zərər gətirir və terrorizmə yeni vüsət verir ki, bəzi islami terror təşkilatları da bundan istifadə edir. Yaxın Şərqdə əksər terror təkilatları ABŞ-dan idarə olunur.

Rusiya isə Çinlə bütün sahələrdə münasibətlərə xüsusi diqqət yetirir ki, bu da ABŞ-in dünyada tutduğu yerinin zəifləməsinə gətirib çıxaracaq.

Beləliklə, Amerikanın dünya hegemonluğunu saxlanmağa yönəlmiş xarici siyasəti çox mürəkkəb xarakter daşıyır və çoxlu çatışmazlıqlarla müşahidə olunur. Bu siyasət MDB məkanında qütbləşməni daha da kəskinləşdirir. Ukrayna, Qırğıstan, Ermənistan və Gürcüstanda gizli ABŞ-Rusiya qarşıdurması bu ölkələrə fəlakət gətirdi.

Azərbaycana gəldikdə, ölkəmizin heç kimdən iqtisadi asılığı yoxdur. Həm Rusiya, həm ABŞ, Həm Çin, həm də Avropa ilə münasibətlər sivil müstəvidə və qarşılıqlı maraqlar əsasında qurulur. Həm də Azərbaycanda xarici təsirlər minimum səviyyədə olduğundan burada digər ölkələrdə sınaqdan çıxarılan strategiyalar səmərə vermir.

Digər xəbərlər