Qatarda düz yeddi gənc sayıram, əyləşiblər, başları isə aşagıdır. Qarşılarında neçə-neçə ahıl insan, analarının əlini var gücü ilə sıxmış, ancaq yenə də yerindəcə çalxalanan uşaqlar…
Küçədəyəm, qulağında qulaqcıqlar, başı aşağı onlarla gənc, qarşılarındakı əliuşaqlı, əliəsalı insanlara çırpılırlar, üzr istəmək yerinə hələ bəzən “görmürsən?” deyə söyləyirlər.
Ticarət mərkəzindəyəm, ana, yanında yəqin ki, qızıdır, başı aşağı, oğlan, yanındakı yəqin ki, dostu, qardaşıdır, başı aşağı. Qız, yanındakı yəqin rəfiqəsidir, başı aşağı. Əslində iki nəfərin bir arada olub birinin telefonla məşğul olması, yaxud kitab, qəzet oxuması qarşısındakına hörmətsizlikdən başqa bir şey deyil.
Yenə xatirələr alır məni ağuşuna, götürür keçmişə. Keçmiş deyəndə bizim gəncliyimizin təsadüf elədiyi 1990-cı illərə. Metroda, marşrut avtobuslarda əyləşməyimizlə qalxmağımız bir olardı, böyüklərə yer verərdik, yaşlı insanların çantalarını daşıyar, yolu keçirərdik, uşaqlılara yardım edərdik. İndi də belə gənclər çoxdur, müşahidə edirik, lakin bütün günü ən azından sağlamlıgını fikirləşməyib gözlərini telefondan ayırmayan gənclərimizin sayı daha artıqdır. Hər gün rastlaşdığım bu mənzərələr, artıq vərdiş halını almış bu hallar məni çox düşündürür və narahat edir. Saysız suallar beynimdə bir-birini əvəzləyir: bu alışqanlığa necə son qoyaq? Gəncləri sağlamlıqlarına zərər verən bu vərdişlərdən necə çəkindirək? Onların ətrafdan təcridinə necə göz yumaq?
Düzdür, internet əsrində yaşayırıq. Texniki tərəqqi özünün ən yüksək pilləsindədir. Sosial şəbəkələrlə bir andaca dünyaya çıxmaq olur. Lakin bu o demək deyil ki, biz elə həyatımızı internetə köçürək, ötən zamanımızı gələn zamanımıza qurban verək. İnternet, sosial şəbəkələr o zaman əlverişlidir ki, ondan qədərində istifadə olunsun. İfrat istifadə ancaq həyatımızda yeni-yeni problemlərin yaranmasına yol aça bilər. Elə açır da. Əvvəl sağlamlığımız əldən gedir, sonra yuxarıda sadaladığım hərəkətlərlə mentalitetimizə zərbə endirmiş oluruq, daha sonra isə valideyn-övlad, bacı-qardaş, ər-arvad, qayınana-gəlin münasibətləri məhv olur. Bütün bunlara görə gəlin sosial şəbəkələrdən istifadə üçün günün hansısa saatlarında vaxt ayırıb başımızı yuxarı qaldıraq. Ətrafımızdakılara diqqət göstərib, qayğı bəsləyək.
Bu günün gənci sabahın ata-anası, həyat yoldaşıdır, evlərdə gəlindir. Bu gün ətrafınıza sərgilədiyiniz laqeyqdliyi sabah ailələrimizə daşıya bilərsiniz. Qaldırın başınızı, əziz gənclər, cəmiyyətə baxın, tanış olun, yaxşıları əxz edin, pisləri tənqid edib cəmiyyətə yol açmasına, yox, deyin. Qaldırın başınızı, gələcəyimiz, mentalitetimiz naminə,
Müşahidələrimdə gənclərlə yanaşı, müxtəlif yaş qruplarında olan qadın və kişilərin də başı aşağı halı nəzərimdən qaçmadı. Onlara bir sualım var: bu hərəkətlərlə gənclərə örnək olursunuz?
Mətanət Məmmədova