Müasir dövr gənclərə yeni küsmək növünü təqdim edib: bloka atmaq. Bu yeniliyə həm də artıq bir neçə ildir ki, nail olmuşuq. Tək bir-birini sevən iki gənc arasında deyil, sinif, tələbə, iş yoldaşları, qohum-qonşu arasında da bu küsmək növündən istifadə edilir. Məsələn, kiminsə sözü bir-birinə xoş gəlmir, aralarında bir inciklik yaranır, bunu aydınlaşdırmaq üçün qarşı tərəfə mesaj yazır, qarşı tərəf isə bu cavabdan ya əsəbiləşir, ya da cavab verməyin mənasız olduğunu hesab edib onu bloka atır.
Bloka atmaq da belədir ki, (gənclər hər kəsdən yaxşı bilir) artıq qarşı tərəf sənə nə yaza, nə də zəng vura bilir. Lazımdır ki, sən onu bloka saldığın kimi, blokdan çıxarasan ki, o, yaza və ya zəng vura bilə.
Maraqlıdır, deyilmi? Əvvəllər küsülülüyün növləri vardı: xətir qalmaq, incimək, ən sonda isə küsmək. Xətir qalmaq belə idi ki, kiminsə dediyi söz xətrinə dəyərdi, sən də bunu yüngülvarı büruzə verərdin.
İncimək xətir qalmaqdan bir qədər yuxarı həddə olurdu. Əzizlərinin, dost və rəfiqələrinin, sinif, tələbə, iş yoldaşlarının hər hansı bir sözü, hərəkəti, sənə qarşı düzgün olmayan münasibətinə görə arada inciklik yaranardı. Və o, öz yoluna, sən də öz yoluna gedər, günlərin bir günündə də heç nə olmamış kimi barışar və münasibətlər davam olunardı.
Küsmək, yəni əməlli-başlı küsmək üçünsə elə əməlli-başlı da söz-söhbət, münasibətlərin bu həddə çatmasına səbəb olmalı idi. Belə hal olanda dərin küsülülük baş verirdi. Elə küsülülük ki, düz qəbirə qədər gedib çıxırdı. Və yaxud həmin küsülüləri barışdırmaq üçün ağsaqqal-ağbirçəklər məsələyə qarışırdı. Barışdırma alına da bilərdi, alınmaya da. Bəzən küsülülük o dərəcədə olurdu ki, ağsaqqal-ağbirçəklərin üzünə çıxa bilməyən cavanlar onların yanında əl verib görüşür, barışır, sonra isə küsülülüyü davam etdirirdilər.
Lakin müasir dövrdə küsülülüyün bütün növlərini sadəcə bloka atmaq əvəzləyib. Bloka atmaq isə əvvəlki illərin qəti şəkildə küsülülüyü ilə bir dərəcədədir məncə. Yəni hər hansı bir söz-söhbət üçün sinif, tələbə, iş yoldaşının, qohumun, qonşunun və yaxud da sevdiyin insanın üzünə telefonu bağlamaq onun üzr istəməsi, məsələni aydınlaşdırması üçün heç bir yer qoymamaqdır bloka atmaq.
Belə çıxır ki, müasir dövrdə xətir qalmaq, incimək kimi küsmə növləri aradan qalxıb, yerinə qəti küsülülük-bloka atmaq gəlib. Hələ müşahidə də etmişəm ki, yaşından asılı olmayaraq insanlar sözü düz gəlməyəndə sanki bir-birini hədələyir, səni bloka ataram deyirlər. Bu hal daha çox gənclər arasında baş verir. Elə bir söz olan kimi qarşıdakı insan blokdadır. Blokda olan gərək başqa bir nömrə ala və ya əldə edə ki, onunla zəng edə və ya yaza ki, bəlkə məsələyə aydınlıq gətirə, bağışlana bilə.
Bilmirəm, cəmiyyətin bu məsələyə münasibəti necədir, lakin bir qədər dərindən düşünəndə bu bloka atmağın özü bizim dəyərlərimizdən çox uzaqda olan haldır. İnsana Allah tərəfindən danışmaq, ünsiyyət qurmaq qabiliyyəti ona görə verilib ki, hər hansı məsələni danışmaqla, bir-birini anlamaqla həll etsinlər. Bunun əvəzinə kimisə bloka atmaq insanlığa əsla yaraşmayan haldır.
Bəlkə də məni qınayanlar olacaq, bəlkə də mənimlə razılaşanlar olacaq. Lakin gəlin bir anlığa məntiqlə düşünmək, bu gün səni kimsə bloka atırsa, yəni üzünə telefonu hər yerdən qapayırsa, barışmaq üçün bir yer, yol qoymursa, sonra bağışlamaq bir qədər çətin olmurmu? Məncə olur. Barışıq da olur, əvvəlki münasibətlər də bərpa olunur. Lakin bir məsələ əsla həll oluna bilməz: insanın bir-birinə olan sayğısı.
Elə bəlkə sayğı naminə bir-birimizi bloka atmayaq. Bizim belə bir atalar sözümüz də var: savaşanda elə savaş, barışmağa üz saxla. Bunu müasir “dilə” çevirəndə belə alınır: savaşanda elə savaş, bloka atılma.
Ya buna riayət edək, ya da blok məsələsinə diqqət...
Mətanət Məmmədova