Köşə

  • 3 814

Əsir düşərgəsi

image

Lalə Mehralı

İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də dəyişdi. Real həyatdakı münasibətlərimiz bir-bir sosial platformalara keçdi. Başqa sözlə desək, sosiallaşmaq da zamana ayaq uyduraraq rəqəmsallaşdı.

İndi bütün dünya üzrə desək 4,62 milyard sosial şəbəkə istifadəçisi var, aktiv internet istifadəçisinin sayı isə 5 milyarda yaxınlaşıb. İstifadəçilərin sayı artdıqca insanların sosial şəbəkələrdə keçirdikləri vaxt da artır. İnsanlar orta hesabla gündə təxminən 2,5 saatını sosial platformalarda keçirirlər. Lakin bu, orta hesabla təyin edilmiş rəqəmdir, əksəriyyətimiz bu rəqəmin əslində doğru olmadığını öz asılılıq vərdişlərimiz sayəsində bilirik.

Sosial şəbəkələrdən istifadənin sürətlə artması bir növ təhrikedicidir. Hamı ora can atır. Hər gün yenisi istifadəyə verilən şəbəkələr texnoloji imkanları, üstünlükləri ilə bizi özünə əsir edir. Düşünün, üzv olduğunuz hər hansı bir sosial şəbəkənin ilk imkanları ilə indiki imkanları eynidir? Məsələn Feysbuka üzv olduğunuz ilk vaxtları xatırlayın. Mənim yadımdadır, 10 il əvvələdək çox sadə imkanları olan bir şəbəkə idi, indiki qədər cəlbedici və asılılıq yaradan deyildi. Bizi o şəbəkələrdən asılı vəziyyətə gətirənədək dayanmadan dəyişiklik edildi, yenilik edildi və sonunda bunu bacardılar. İndi hamımız onun və digər şəbəkələrin əsiriyik.

Məşhur misal var, dəyişməyən tək şey dəyişikliyin özüdür. Dəyişmək həmişə yaxşı istiqamətdə baş vermir. Yeniliklər həyatımızda yaratdığı rahatlıqla bərabər həm də öyrəşdiyimiz alışqanlıqlarımızı da əlimizdən alır. Getdikcə qəzet, kitab qoxusunu unuduruq, televiziya kanallarında proqram izləmirik, radionu açıb sevimli proqramımızı həvəslə dinləməyə hazırlaşmırıq, hansısa kinonun, verilişin efir vaxtını gözləmirik. Əlimizdə Yutub kimi nəhəng platformaya rahat giriş varsa, bunlara ehtiyac görmürük.

Beləcə, həyatımız asanlaşdıqca qəlizləşir. Bizə rahatlıq yaratdığını düşündüyümüz hər yenilik həyatımızdan bir zərrə qoparır. Əvəzində bizi özünün əngin dərinliklərinə həbs edən əsir düşərgələrinin – sosial şəbəkələrin sayı artır.

Digər xəbərlər