Təbiətlə bağlı problemlər həmişə məni narahat edib. Belə ki, sevimli xalq şairimiz, təbiət vurğunu Hüseyn Arifin redaktoru olduğu "Təbiət" jurnalında mən də tez-tez çıxışlar edirdim. Bu gün qələmə aldığım yazını da təbitlə əlaqələndirmişəm. Yazıya başlamamışdan öncə, Hüseyn Arifin bir şeirini xatırlatmaq istədim.
Hər vaxt təbiəti gətirək yada,
O, bizi duyğusuz, ruhsuz sanmasın.
Yollar uzansa da, yollar artsa da,
Meşələr pozulub yaralanmasın.
İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bu sərvətlərdən səmərəli istifadə olunması və onların qorunması ilə bağlıdır. Təbiət bəşər övladının evidir, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqəddəs borcu, vəzifəsidir. Təbiəti qorumaq ümumdövlət işi, ümumxalq işidir.
Çünki insanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən daha çox mənfəət götürür, daha doğrusu, onu qırır, tökür, dağıdır, məhv edir, əvəzini isə çox az qaytarır.
Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə edilməsi, xüsusən, canlı sərvətlərin qorunması hazırda dünya əhəmiyyətli bir məsələ hesab olunur.
Azərbaycanın qədir-qiyməti...
Doğma yurdumuz Azərbaycan misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyidir. İl boyu zirvəsi qarla örtülü olan dağlar, könül açan sərin yaylaqlar, zəngin və nadir ovalıqlar, təkrarolunmaz gözəlliyə malik göllər, suvarma və enerji əhəmiyyətli çaylar, min bir dərdin dərmanı olan bulaqlar Azərbaycanın qədir-qiymətini birə-min artırır. Burada yerin altı tükənməz xəzinə, üstü isə canlı muzeydir. Onun gözəl təbiəti, iqlimi, torpağı, bitki örtüyü, heyvanlar aləmi son dərəcə müxtəlif və rəngarəngdir ki, yer üzərindəki 11 iqlim növünün 9-u Azərbaycanda mövcuddur.
Hər bir iqlim qurşağının təbii gözəlliyini, bu gözəlliyin süfrəmizə bəxş etdiyi nemətləri ayrı-ayrılıqda sadalamaq, bunlarsız insan məişətinin qeyri-mümkünlüyündən təkrar-təkrar danışmaq olar. Ancaq bu "yanıqlı" danışıqlarla məsələ bitmir...
Qida və şəfanı necə almalıyıq?
Əsas məsələ ətraf mühitə ağıllı nəzərlərlə baxmaq, təbiətə duymaq, onun keşiyində durmaqdır. Təbiət elə gözəl "sənət əsəri"dir ki, bu əsəri korlamaq bir yana dursun, hətta onu duymamağın özü insanlıqdan kənardır. Bu gün biz hər hansı ağacdan bir budaq qırarkən onu yaralamağımızın fərqinə varmırıq. Axı, ağac da canlıdır, o da yaşamaq istəyir. Təbiət bizim sərvətimizdir, var-dövlətimiz, məişətimizin, həyatımızın bir hissəsidir. Biz onu qorumalı, inkişaf etdirməliyik. Son dövrlərdə yaşıllığa verilən diqqət, parkların, ağaclıqların salınması təqdirəlayiqdir. Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir. Ata-babalarımızdan bizə yadigar qalan təbiəti, təbiət abidələrini qorumaq, onu gələcək nəslə yadigar qoymaq bizim borcumuzdur. Gəlin birikdə bu borcun öhdəsindən gələk...
RƏFİQƏ