Köşə

  • 29 881

2018 - CÜMHURİYYƏT İLİ

image

2018 - ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ili olduğunu hər kəs bilirdi. Heç şübhəsiz, hər kəs də əmin idi ki, Şərqdə ilk demokratik respublikanın yubileyi layiqincə qeyd ediləcək. Amma açıq deyək ki, bu müqəddəs tarixə düşündüklərimizdən daha böyük dəyər veriləcəyini - ilin bütövlükdə cümhuriyyət ili, elan olunacağını çoxları gözləmirdi.

Ancaq bu, baş verdi. Ölkə Prezidenti Nazirlər Kabinetinin ilin yekunlarına həsr olunmuş toplantısında qərarını elan etdi və beləliklə, 2018-ci ilin, bütövlükdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunması qərarı ortaya qoyuldu. Bu qərar Azərbaycan iqtidarının müstəqilliyimizə və demokratik dəyərlərə verdiyi önəmin ən gözəl nümunələrindəndir. Lakin məsələ təkcə dövlətin və onu idarə edənlərin bu tarixi hadisəyə yüksək dəyər verməsi ilə bitmir. Təəssüflə də olsa, deməliyik ki, dəfələrlə ölkə Prezidentinin qəbul etdiyi qərarlar bəzi məmurların və həmin sahəyə dəxli olan ziyalıların lazımi səviyyədə yanaşmaması ucbatından istənilən nəticəni vermir. Bəzən unudulur ki, ölkə başçısının verdiyi qərarlar, əksər hallarda təkcə özü və komandası tərəfindən icra edilməli deyil, ona bütün xalq, xüsusilə, ziyalılar da qoşulmalı, öz imkanları daxilində həmin qərarın icrasında iştrak etməlidir. Arzu edərdik ki, bu qərarın ən yüksək səviyyədə, möhtəşəmliklə icra olunmasında hər bir azərbaycanlı özünün töhfəsi ilə iştrak etsin. Bu qərar bir neçə baxımdan mühüm əhəmiyyət kəsb edir. Birincisi, bu qərarla Azərbaycan hakimiyyəti, ölkənin başçısı xalqın keçmişinə yüksək dəyər verdiyini bir daha təsdiq edir. İkincisi, Azərbaycana qarşı haqsız iddialarla çıxış edən bəzi xarici qüvvələrə və bəzi üzdəniraq beynəlxalq qurumlara bu xalqın demokratik dəyərlərə nə qədər önəm verdiyinin bariz göstəricisi olan bu tarixi hadisə, onların bu dövlətə yanaşmalarında, az da olsa, rol oynayacaq. Üçüncü, ən mühüm əhəmiyyəti isə odur ki, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasında vicdanlı beynəlxalq qurumların daha ədalətli və ikili standartlardan kənar yanaşmalarına yardım edəcək. İndi keçək qərarın bizlərin üzərinə qoymuş olduğu vəzifələrə. Hər şeydən əvvəl, hesab edirəm ki, iqtidar, müxalifət, yaxud da bitərəf olmasından asılı olmayaraq, hər bir azərbaycanlı ilin dünyaya səs salacaq qədər yüksək səviyyədə keçirilməsinə çalışmalıdır. Zira, Azərbaycan Xalq Cümhuriyyəti təkcə iqtidarın, ya da müxalifətin sələfi deyil, bütövlükdə, AZƏRBAYCAN adlanan bir məmləkətin sələfidir. Odur ki, heç olmazsa, belə zamanlarda siyasi baxışlar və siyasi ambisiyalar bir kənara qoyulmalıdır. Fikrimcə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illk yubileyi ərəfəsində biz yalnız müsbət məqamları öyrənməli, xalqa çatdırmalı deyil, eyni zamanda, həmin dövrdə buraxılan səhvləri də diqqətlə öyrənməliyik. Cümhuriyyətə kənardan olunan müdaxilələr, bu müdaxilələr qarşısında atılmalı olan, lakin atılmayan addımlar obyektiv olaraq öyrənilməli və bütün bunlar xalqın diqqətinə çatdırılmalıdır. Qoy oxucum məni düzgün anlasın, biz keçmişimizi öyrənərkən, bəzən nöqsanları kənara qoyur, kimisə "gözdən salmamaq" üçün gizlədirik. Əslində, biz keçmişimizdə buraxılan səhvləri, yanlışlıqları da öyrənməliyik ki, həmin situasiya yenidən yaranarsa (necə ki, yaranır da...), nə etməli olduğumuza daha düzgün qərar verə bilək. Həmin dövrün xarakterinə, tələbatına uyğun atılmalı və ya atılmamalı elə addımlar olub ki, bu gün də onların bəziləri ilə üz-üzə qalmalı oluruq. Dahilər elə ona görə tarixi elmlərin şahı adlandırıblar ki, onu öyrənib bu gün və gələcək üçün nə etməli olduğunu müəyyənləşdirəsən. Nə isə. Ən yüksək səviyyədə qərar var, qərarın möhtəşəm icrasına dövlət səviyyəsində istək var. Qalır hər birimizin qollarımızı çırmalayıb, işə ürəklə girişmək. Qolumuza qüvvət!

Təhmasib Novruzov

Digər xəbərlər