Köşə

  • 10 415

Ələyəz yeli FELYETON

image

Hə, düz 30 il əvvəl özlərini “Vətən fədaisi, xalq cəfakeşi, millət canyananı, torpaq sevdalısı” adlandıran qrup vardı, yəqin xatırlayarsınız. Hərəsi bir partiya yaradıb əyləşmişdilər başında, əsas məqsədləri isə hakimiyyətə gəlib yüksək tribunalarda, kreslolarda oturmaq idi.Xalqı hey çağırırdılar. İlahi-pərvərdigar, bizlərə nələr vəd etmirdilər? Deyirdik ki, ta vəssalam ey, bunlar hakimiyyətə gəlsə, yaşadıq. Nə bilim ey, dünya onların verdiyi vədlərdən bixəbər idi. Sözün qısası, onların gəlişi ilə dünyada bizdən olmayacaqdı. Biz nə edək axı, inanmağa başlamışdıq. Sovet imperiyasının buxovundan yenicə qurtulan insanlar, bilmirdilər ki, heç nə edirlər. Bunlar düşmüşdülər meydana, vəd idi ki, yığdırırdılar, biz də qulaq asıb o vədlərin xəyalını qurmaqla günümüzü keçirirdik.Günlərin bir günü bunlar arzularına çatdılar, hakimiyyətə gəldilər. Görüm gəlməz olardılar. Gəlməkləri ilə iç üzlərinin açılması bir oldu. Gördük ki, ay aman, biz nə yaman yanılmışıq? Ə qardaş, bunlar o vədləri deyən adamlardır? Allah, amansan, ikiüzlülüyə bir bax...Bizi tanımadılar ki, bunlar axı bu xalqın nümayəndələridir, bizim millətdəndilər. Başladılar ölkədə istədiklərini etməyə. Meydan verilmişdi fürsətçilərə. Qısa zamanda “necə edim hər şeyim olsun” təfəkkürü bunları yoldan-rizdən o qədər çıxardı ki, başladılar torpaqlarımızı da satmağa. Bir də gördük ki, Qarabağ nə gəzir, odur ey ermənilərin əlindədir. Gündə bir rayon, gündə bir şəhər, gündə bir kənd satdılar, sovdular, arada da xalqın yazıq balaları güdaza getdi. Səslərini salıb içlərinə heç kimə demirlər ki, ay camaat, niyə erməniyə qarşı döyüşürsünüz, faydası yoxdur ey, biz o torpaqları satmışıq.Yazıq millət də qalıb sərhədlərdə, ordusu yox, silahı-sursatı yox, başında duran bir ağıllı adam yox. Qolunun gücünə çıxır erməninin qarşısına. Şəhid-şəhid ardınca gəlir evlərə. Müsibət qalxır ərşi-fələyə. Bunlar da oturublar otaqlarında, bayıra çıxmır, nə dinir, nə danışır, nə cəbhədən gələn kömək diləklərinə cavab, nə də reaksiya verirlər. Qətiyyən düşünmürlər ki, axı bu qırılan bizim xalqdır.Aradan az vaxt keçdi. Qarışdılar bir-birilərinə. Artıq AXCP-Müsavat cütlüyü oldu düşmən. Dünənədək meydanlarda əl-ələ vermişdilər, bu gün artıq vəzifə bölgüsü üstündə düşmənə çevrildilər. Yazıq xalq da qalıb aralıqda, göyə əl uzadır, gör yanır, yerə əl uzadır, yer yanır.Beləliklə, torpaqlar getdi. Düz 20 faiz torpaq bunların hakimiyyətinin qurbanı oldu. Xalq gördü ki, yox ey, bunlar hakimiyyətdə bir az da artıq qalsalar, erməni gəlib Bakını da götürüb deyəcək bura da mənimdir. Ona görə də qalxdılar ayağa, başladılar üsyana. Çox gərgin, uzun mübarizədən sonra bunları hakimiyyətdən devirə bildilər. İndi o dövrlərdə yaşayan kimdən bunları xəbər alsanız, torpaqları ermənilərə satmaqlarından başqa heç nəyi xatırlamayacaqlar.Hə, düz 30 il bunların səriştəsizliyi, tamahı, iştahası, hərisliyi, bacarıqsızlığı, qabiliyyətsizliyi ucbatından əziyyət çəkdi bu xalq. Azərbaycanlı olasan, torpaq sevdalısı olasan, torpağın, əzəli dədə-baba yurdun qala düşmən tapdağı altında, gəl ürəyin partlamasın da. Ta nə deyim ey. Bunlar bu ölkənin başına bir müsibət açmışdılar ki, heç nə qalmamışdı ortalıqda. Ta xalq hansı güclə torpağını geri almağa gedəcəkdi ki. Buna zaman, həm də uzun bir zaman lazım idi ki, ölkə özünə gələ, dirçələ.Zaman ötdü, oldu 2020-ci il. Azərbaycan xalqı inkişaf etdi, özünə güc topladı və torpaqlarını azad etməyə qalxdı. 44 gün erməni ilə şiddətli müharibə apardı. Minlərlə övlad itirdi yenə, minlərlə qazi qazandı yenə, müharibə meydanından kənarda yaşayan yüzlərlə sakin vəfat etdi, evi dağıdıldı, həyət-bacası yararsız hala salındı. Amma xalq geri çəkilmədi. Torpaqlarımızı bir-bir yağıdan aldı. İtkilərimiz çox oldu, lakin torpağımızı geri ala bildik. Bunu eşidən AXCP-Müsavat tör-töküntüsü ta səslərini çıxarmadılar, günahlarını bilirdilər axı. Elə bir heç bunlar adlısı yoxmuş. Saldılar səslərini içlərinə.İndi bu günlər erməni yenə başını qaldırıb biz tərəfə atəş açıb, sülh danışıqlarını pozub, təxribat törədib. Bizim də əsgərimiz təbii ki, onların cavabını verib, sərhədini, torpağını qoruyub. Şəhidlərimiz olub.Bunlar nə ediblər? “Qeyrətə” gəlib, ayağa qalxıblar, yenə hərəsi bir hava çalır, elə səs-səsə veriblər ki, hansının nə hava çaldığı bilinmir. Bir bilinən, anlaşılan odur ki, niyə Azərbaycan ermənilərin atəşinə cavab verib, niyə onları narahat edib. Buradan da belə bir nəticə hasil olur ki, nəyinizə lazımdı torpaq, onu qorumayın, müdafiə etməyin, qoyun bizim vaxtımızdakı kimi erməni işğal etsin. Vallah bunların məqsədi budur, bunlar üçün torpaq, Vətən anlayışı yox dərəcəsindədir.Övladlarına xaricdə gün ağlayıblar, oturdublar onları orada, özləri də əslində bir aralar oralarda idilər, torpaqları təzə satdıqları vaxtlar. Sonra aradan bir az keçəndən sonra qayıtdılar. Qayıtdılar deyəndə ki, Vətəndən yana qayıtmadılar ha. Tapşırılanları, sifarişləri yerinə yetirməyə qayıtdılar. Elə o vaxt, bu vaxt da yuyulmamış qaşıq kimi atılırlar meydana, “biz də varıq” deməyə çalışırlar. Lakin bunları ta kimdir dinləyən.Bu xalq sizi tanımasaydı, hə, deyərdik ki, bircə kəlmənizə inanar. Axı sizi yaxşı tanıyırıq. Nəyə, kimə, haraya xidmət etdiyinizi də yaxşı bilirik. Əşi, çıxın gedin işinizin dalınca, nə istəyirsiniz axı? Torpağı erməniyə satıb, budur, bizi 30 ildir ki, zülmlə, əzab-əziyyətlə üz-üzə qoymusunuz, biz sizin səhvlərinizi düzəltməkdən yana minlərlə övladımızı qurban vermişik, minlərlə övladımız sağlamlığını itirib, indi bəs nə istəyirsiniz? Adamın neçə üzü, sifəti olar? Adam da adama, nə edirsiniz torpağı, deyər, adam da adama niyə erməniyə güllə atırsınız, deyər?Vallah çox fikirləşirəm, düşünürəm ki, adamın bir olmayandan sonra ən azından iki sifəti olar. Amma görürəm ki, yox, səhv düşünürmüşəm, daha çox sifətlər də varmış.Naxçıvanda bir bitki var, adı ələyəzdir. Xüsusiyyəti də budur ki, külək hansı tərəfə əsirsə, o tərəfə meyil edir, çünki gücsüzdür, müvazinətini saxlaya bilmir. Ona görə də el arasında “ələyəz yeli” kimi deyim formalaşıb. Fikri, əqidəsi, amalı bilinməyən adamlara ələyəz yelli deyirlər. İndi vallah, bu müxalifətçilər ələyəz yelindən başqa heç nə deyillər. Kim çox pul verirsə, o səmtə yıxılıb onun sözünü deyirlər. Baxın, bu da bizim müxalifət...

Mətanət MƏMMƏDOVA

Digər xəbərlər