Köşə

  • 8 872

At minək, yoxsa piyada gəzək? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Paytaxtın mərkəzi hissələrində avtomobillərin hərəkətinin qadağan edilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Belə ki bu dəyişiklik piyadaların hərəkətində heç bir müsbət dəyişiklik yaratmasa da, həmin ərzaidə yaşayanların və işləyənlər üçün ciddi problemə səbəb olub. Yaşadığı binanın həyətinə öz maşını gələn vətəndaşa cərimə yazılır (?!). Bundan başqa bir çox fiziki problemli adamlar var ki, onlar nə ictimai nəqliyyatdan istifadə edə bilmir, nə də piyada gəzə bilmir, məcburən avtomobildən istifadə edir. Belə vətəndaşların hüquqları aşkar şəkildə pozulur.
Bakı Dəmiryol Vağzalının ətrafına avtomobillərin girişinin qadağan edilməsi isə dünyada analoqu olmayan hadisədir. Çünki məhz vağzalların yanına maşınlarla gəlib getmək lazımdır. Çünki səfərə gedən insanların yükləri olur, bunun yaşlısı, xəstəsi var. İndi o insanlar neyləməlidir? Hətta taksiləri belə buraxmırlar, bu tamam biabırçılıqdır.

Dünyanın heç bir yerində avtomobil istifadəsi qadağan deyil, avtomobil insanlar üçündür və əsas nəqliyyat vasitəsi kimi istifadə olunur. Bizdə isə, nəqliyyat sistemini təkmilləşdirməyə məsul adamlar öz işlərini düzgün yerinə yetirmək əvəzinə insanları avtomobillərdən imtina etməyə çağırır.

Bəri başdan deyim ki, hazırkı vəziyyətdə bu çox gülünc çağırışdır. Necə yəni avtomobildən istifadə etməyin? At minsinlər? Bəlkə, on kilometrlərlə yolu piyada gedib-gələk? Paytaxtda sərnişindaşıma sistemi bərbad haldadır. Şəxsi maşından imtina ediləcək şəhərdə gərək çoxsaylı nəqliyyat sistemləri olsun. Bakıda tramvay və trolleybus, həmçinin, elektriçkalar vaxtilə ləğv edilib. Metroda artıq acınacaqlı vəziyyət yaranır. Həddən artıq sıx şəkildə vaqonlarda, avtobuslarda əziyyətlə gedirlər. Yerüstü sərnişindaşımanın son nümayəndəsi olan avtobuslar isə yox kimi şeydir. Küçələrdə qalan sərnişinlərin yarıdan çoxunu yolüstü maşınlar daşıyır. Onlar olmasa avtobuslara heç yaxın düşmək olmaz.

Nəqliyyatla bağlı problem yalnız bu da deyil, tıxaclar şəhəri iflic vəziyyətə salıb. Artıq şəhərkənarı ərazilərdə də tıxaclar yaranır. Özü də təkcə işə gedib-gəlmək saatlarında deyil, adi vaxtlarda da.

Elə bilməyin ki bu maşın çoxluğu ilə bağlıdır. Xeyr elə deyil. Əhalinin hər 1000 nəfərinə düşən avtomobil sayına görə biz dünyada axırıncı yerlərdəyik- yəni ilk 100-lüyə düşmürük. Bəs bizdən dəfələrlə daha çox avtomobil olan ölkələrdə niyə belə problemlər olmur? Deməli problem sayda deyil, düzgün idarəetmədədir.

Problemi həll etmək, nəqliyyatın hərəkətini düzgün tənzimləmək əvəzinə, hər yeri saatı od qiymətinə pullu dayanacaq etmək, hər yerdə "dayanma durma qadağandır" nişanı qoymaq, dolayı yolla insanlara- daha doğrusu azimkanlı vətəndaşlara avtomobil istifadəsini qadağan etmək deməkdir. Bu sosial diskriminasiyadır. Bu kimi tədbirlər problemi həll edə bilməz. Çünki problem fundamentaldır, kompleks şəkildə həll edilməlidir.

Bakını normal vəziyyətə gətirmək üçün şəhərdə son onilliklərdə tikilən bir çox binalar, obyektlər sökülməlidir. Mərkəzi hissələrdə tikinti tam dayandırılmalıdır, mərkəzin yükü azaldılmalıdır. Əhalinin Bakıya cəmləşməməsi, əksinə paytaxta toplaşmış region əhalinin bölgələrə qayıtması üçün sosial-iqtisadi tədbirlər görülməlidir. Digər şəhərlərdə fabrik və zavodlar tikilməli, bəzi ali məktəblər başqa şəhərlərə köçürülməlidir.

Bakı dünyada yerüstü sərnişindaşımada yalnız avtobusların qaldığı yeganə iri şəhərdir. Vaxtilə məhv edilmiş nəqliyyat sistemləri- tramvay, trolleybus və elektrik qatarları- bərpa edilməlidir. Dənizdə kater taksilərin hərəkəti təşkil olunmalıdır. Metro stansiyalarının sayı sürətlə artırılmalıdır. Funikulyora da 50 qəpik əvəzinə 5 manat qiymət qoymaq absurddur.

Bundan başq digər yardımçı tədbirlər də görülə bilər. Bakıda iş saatlarının dəyişdirilməsinə ehtiyac var. Bəzi dövlət idarələri və təhsil müəssisələri fərqli saatlarda işə başlasa və bitirsə, yük bərabər paylanar və eyni saatlarda bu qədər gərginlik olmaz.

Dekorasiya xatirinə iş görməklə problem həll olmur- məsələn velosipeddən istifadə edilməyən ölkədə onsuz da dar olan yolların yarısını da veposiped zolagı eləmək kimi. Ya da şəhərin sıx binalarla dolu olan işgüzar yerini sanki ora park imiş kimi avtomobillərə bağlamaq kimi.

Hazırda Bakı hərəkət xaos vəziyyətindədir. Bu məsələnin Milli Məclisdə geniş müzakirəsinə və müvafiq qərarların qəbuluna böyük ehtiyac var. Bu effektsiz ekspertimentlərə son qoyulmalıdır. Əvvəl alternativləri təqdim edin, sonra nəyisə qadağan edin. Nə vaxt Bakıda normal ictimai nəqliyyat sistemləri olar, onda da avtomobildən istifadəni məhdudlaşdırarsınız.

Digər xəbərlər