Azərbaycanın qeyri-maddi mədəni irsi dünya mədəniyyətinə töhfəsini verir
Azərbaycanın qədim, rəngarəng qeyri-maddi mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə mühüm töhfəsi qismində çıxış edir. Sahəyə dövlət qayğısının günü-gündən artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri daha da artırır. Görülən işlərin davamı olaraq, Azərbaycanın xalq tətbiqi sənət ustalarının, ifaçıların, xalq kollektivlərinin, tədqiqatçıların, yaradıcı şəxslərin və qurumların fəaliyyətlərini daha səmərəli qurması, onlara yaradıcılıq şəraiti yaradılması üçün Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması" haqqında əmr imzalayıb.
Əmrə əsasən, informasiya bankında qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən subyektlər - Azərbaycan xalq tətbiqi (təsviri, dekorativ) sənət ustaları, folklor (xalq musiqisi, teatrı, şifahi yaradıcılığı) ifaçıları və kollektivləri, folklor, sənətkarlıq, diyarşünaslıq üzrə tədqiqatçılar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən QHT və özəl qurumlar haqqında dolğun, ətraflı məlumatları və yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolar yaradılacaqdır. Portfolioların yaradılmasında məqsəd Azərbaycanın xalq yaradıcılığı ustalarının beynəlxalq aləmə inteqrasiyası, Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasıdır, yaradıcı şəxslərin və qurumların daha uğurlu fəaliyyəti, yaradıcı nailiyyətlərinin müasir tələbatlara uyğun səviyyədə təqdim edilməsidir.