PDF Oxu

Mədəniyyət

  • 14

Gürcüstanda azərbaycanlılar yaşayan kitabxanalara kitab hədiyyə olunub

Gürcüstanda azərbaycanlılar yaşayan kitabxanalara kitab hədiyyə olunub
Bu ilin iyun ayının 16-dan 19-dək Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində görüşlər keçirmiş, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır.
18-19 iyun tarixində Tbilisi şəhərində Azərbaycan və Gürcüstan mədəniyyət xadimlərinin muzeyləri, mədəniyyət mərkəzləri və dövlət teatrlarının fəaliyyəti üzrə alt komissiyanın iclası da keçirilmişdir. Azərbaycan və Gürcüstan mədəniyyət və turizm nazirinin müavinləri Ədalət Vəliyevin və Marine Çoqoşvilinin həmsədrliyi ilə keçən iclasda digər məsələlərlə yanaşı, Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin mədəniyyət sahəsində mövcud olan tələbatının ödənilməsi istiqamətində konkret addımlar atılması zərurəti qeyd edilmişdir.
İclasın protokolunda nazir Ə.Qarayev ilə gürcüstanlı həmkarı arasında müzakirə olunmuş iki ölkə arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsinə dair təkliflər də öz əksini tapmışdır.
Qəbul edilmiş qərarların icrası məqsədilə cari ilin noyabr ayında Gürcüstanda azərbaycanlılar yaşayan rayon, kənd kitabxanalarına və tədris müəssisələrinə hədiyyə olaraq, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən 3488 nüsxə kitab Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim edilmişdir. Kitabların 2370 nüsxəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə latın qrafikasında nəşr edilən, Azərbaycan və dünya klassiklərinin əsərlərindən, 1118 nüsxsəsi isə Milli Kitabxananın Ehtiyat-Mübadilə Fondunda olan kitablardan ibarətdir.
Milli Kitabxana tərəfindən göndərilən kitabların arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı dinc quruculuq siyasətinə, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyəti və incəsənətini dünyada təbliğinə həsr olunmuş kitablar xüsusi yer tutur.
Mədəniyyət və turizm nazirliyi tərəfindən Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə Azərbaycanın milli musiqi alətləri də hədiyyə olunmuşdur.

Digər xəbərlər