PDF Oxu

Mədəniyyət

  • 7

Moskvada Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib

Moskvada Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib
Moskvada Azərbaycan Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi keçirilib. İlk olaraq Kremlin Sütunlu salonunun foyesində azərbaycanlı fotoqrafların əsərlərindən ibarət sərgi açılıb. Açılış mərasimində Rusiya mədəniyyət nazirinin müavini Aleksandr Qolutva və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Rusiyada Azərbaycan Mədəniyyət Günlərinin başlaması münasibətilə iştirakçıları təbrik ediblər.
Aleksandr Qolutva iki ölkə arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edib, mədəni əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Əbülfəs Qarayev iki ölkə arasında mədəni əlaqələrdən Azərbaycan və Rusiyanın siyasi, iqtisadi-ticari, humanitar və digər sferalarında ikitərəfli əməkdaşlıq münasibətlərinin harmonik olaraq inkişaf etdiyini bildirib. Nazir Azərbaycan və Rusiya arasında bugünkü mədəniyyətlər mübadiləsinin Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfərindən sonra genişlənməsini qeyd edib. Hər iki prezidentin imzaladığı sənədlər ölkələrimizi qarşılıqlı şəkildə maraqlandıran iqtisadi proqramların, siyasi münasibətlərin daha da inkişafı üçün gözəl əsas yaradıb.
Proqramın bədii hissəsində Azərbaycan Dövlət Uşaq-Gənclər Simfonik Orkestri bədii rəhbər və dirijor Teymur Göyçayevin rəhbərliyi altında çıxış edib. Orkestr Üzeyir Hacıbəyli, Qara Qarayev, Brams, Motsart, Vasif Adıgözəlov, Vaqif Mustafazadə, Ştraus, Niyazi, Rimski-Korsakov, Fikrət Əmirov və digər görkəmli bəstəkarların əsərlərini ifa edib. Ümumrespublika müsabiqəsinin laureatı Elməddin İbrahimovun ifa etdiyi "Qarabağ şikəstəsi", Bakı Xoreoqrafiya Məktəbinin tələbələrinin ifasında "Arşın mal alan" komediyasından uvertüra və "Mənim Azərbaycanım" süitası tamaşaçıların gurultulu alqışlarına səbəb olub. Proqramda vokalçı İsmayıl Yunusov da italyan mahnısı "Camayka" və Azərbaycan xalq mahnısı "Qalalıyam"ı alqışlar altında ifa edib.

Digər xəbərlər