Azərbaycan rejissorunun uğurları
Özbəkistan mətbuatı Azərbaycanın və Özbəkistanın xalq artisti, tanınmış opera rejissoru Firudin Səfərovun bu yaxınlarda Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyduğu Corc Bizenin "Karmen" operasının böyük uğuru ilə əlaqədar materiallar vermişdir.
Firudin Səfərov Daşkənddə rus dilində çap edilən "Qarmoniya" jurnalına verdiyi müsahibədə bildirir: "Mən 32 il əvvəl Daşkəndə gələndə "Karmen" operası repertuarda idi. Ondan sonra bu əsər uzun müddət səhnədə olmamışdır. Nəhayət, çoxdankı arzumu həyata keçirib bu gözəl əsəri tamaşaya qoydum. Çox şadam ki, əsər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır".
Müsahibədə Firudin Səfərov Azərbaycan və özbək mədəniyyəti və incəsənəti haqqında söz açarkən, onu da bildirmişdir ki, xalqlarımızın mədəniyyəti yaxın olsa da, hər birinin özünəməxsus gözəlliyi var. Azərbaycanda muğam üzərində qurulan opera sənəti güclü inkişaf etmişdir. Azərbaycan opera sənətinin mükəmməl nümunələri olan "Leyli və Məcnun", "Aşıq Qərib" və bir çox operalar məhz muğam janrı üzərində qurulmuşdur. Özbəkistanda isə muğam operaları yoxdur.
Paytaxtda rus dilində dərc edilən "Humo" qəzeti isə yazır:"Dövlət mükafatı laureatı, Özbəkistan Dövlət Konservatoriyasının professoru Firudin Səfərov 30 ildən artıqdır ki, öz nadir tamaşaları ilə sənətsevərləri sevindirir".
Xatırladaq ki, Firudin Səfərov Daşkənddə işlədiyi müddətdə 30-dan artıq əsərə səhnə həyatı vermişdir. Tanınmış rejissor Bakı, Daşkənd, Ankara, Almatı, Odessa, Samara və digər şəhərlərdə 70-dən artıq əsəri səhnələşdirmişdir.