Mədəniyyət

  • 930

İlham Namiq Kamal -73

image

2022 - ci ilin əvvəli, daha dəqiq desək, yanvar ayının 9-da “Şöhrət” ordenli, Xalq artisti, görkəmli sənətkarımız, milli teatr və kino sənətinin inkişafında müstəsna xidmətləri olan İlham Namiq Kamalın doğum günüdür. Bu adı eşidən hər kəsin dodaqlarına gülüş qonur. Saysız-hesabsız dramatik və faciəvi obrazlar yaradan sənətkarımızın adı gələndə gülməmək mümkün deyil. Kiçikdən böyüyə, belə demək mümkünsə, yeddidən yetmiş yeddiyə qədər hamı onu sevir və onun yaratdığı sənət nümunələrini maraqla izləyir.Bir ailədə iki qardaş, iki sənətkar, iki Xalq artisti görünməyən hadisədir. Bir qardaşın - İlham Namiq Kamalın - 73, digər qardaşın - Cəfər Namiq Kamalın - 72 yaşı var.Söhbətimiz, daha dəqiq desək, yazımız böyük qardaş-İlham Namiq Kamal haqqındadır. Onun doğum günü ilin əvvəlinə təsadüf edir. Yanvar ayının 9-da aktyor dostumuzun 73 yaşı tamam olur. Əslində bu yaşı ona vermək çox çətindir. Uca boyu, düz qaməti və sərrast hərəkətləri ilə sənətkarımız sanki illərə meydan oxuyur. Bircə cavanlıq görüntüsünü pozan, ağ saçlarıdır. Bu da onun özünün dediyi kimi saçına vurduğu ağ rəngdəndir. Tərif çox oldusa, gəlin maşallah deyək ki, sənətkar dostumuza göz dəyməsin.Onu da qeyd etmək yerinə düşər ki, sənətkarımız görünüşü ilə cavan olduğu kimi, düşüncə tərzi ilə də cavandır. O, dövrlə ayaqlaşmağı bacarır. Bəlkə elə bu səbəbdəndir ki, o,daha çox gənclərlə dostluq edir. Amma etiraf etməliyik ki, əslində onun dostları arasında bütün yaş və sənət kateqoriyalarından olan insanlar var. Sənətkarımız onların hər biri ilə öz dillərində danışmağı bacarır. İlham müəllim dünyada baş verən proseslərdən, mədəniyyət və incəsənət aləmində olan hadisələrdən daim xəbərdar olan insandır. O, maraqlı həmsöhbət, teatr, kino, rəssamlıq və digər - sahələri incəliyinə qədər dərindən bilən ziyalıdır. Onunla həmsöhbət olan insan heç vaxt darıxmaz. Onun maraq dairəsi həddindən artıq genişdir.Onun maraqlanmadığı sahə yoxdur desəm, yəqin ki səhv etmərəm. O, dostluqda da, yoldaşlıqda da sədaqətlidir. O, dostluq etməyi bacardığı üçün, saysız-hesabsız dostları var.Bir qayda olaraq, həmişə sənətkar özü dostları arayıb, axtarır. Onlardan nigaran qalır, hal-əhval tutur. Ona dostlardan və tanışlardan zəng gələndə isə, sevincinin həddi-hüdudu olmur. Onun zəng edənə “Bəli, bəli !” deməyi istənilən söhbətə giriş olur.İlham Namiq Kamal maraqlı həmsöhbət olmaqla yanaşı, həm də çox yaxşı məsləhətçidir. O, ensiklopedik və analitik düşüncə tərzinə malik insandır. Bu vaxta kimi İlham Namiq Kamal haqqında çox yazılıb, çox deyilib. Onun yaradıcılıq bioqrafiyası haqqında neçə-neçə məqalələr və kitablar yazılıb, verilişlər çəkilib. Aktyorun yaradıcılığını daha çox qroteks komik janrın tələblərinə cavab verən nümunə hesab ediblər. Amma qeyd etdiyimiz kimi, İlham Namiq Kamalın bütün janrlarda yaratdığı obrazları yüksək peşəkar səviyyədə təqdim etməyi bacaran sənətkardır. Nümunələr istənilən qədərdir.İlham Namiq Kamalın pandemiyadan əvvəl və sonra yaratdığı obrazlara maraq çoxdur. Onlardan bir neçəsini oxucuların diqqətinə çatdıraq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rus bölməsində,Əməkdar incəsənət xadimi Əli Usupovun quruluşunda Xalq artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” tamaşasında Bəbirli, Azərbaycan Dövlət Kukla Teatrında Əməkdar artist Qurban Məsimovun quruluşunda Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin “Don Kixot Apşeronski” mono tamaşasında kuklalarla Əhmədağa obrazı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Əməkdar incəsənət xadimi Haviz Quliyevin quruluşunda dahi Üzeyir Hacıbıylinin “Arşın mal alan” əsərinin tamaşasında Soltan bəy obrazları İlham Namiq Kamal sənətinin rəngarəngliyindən xəbər verir.Sənətkarımızın axırıncı işlərindən biri S. Rüstəmov və M.S.Ordubadinin “Beş manatlıq gəlin” komediyasında Kərbəlaye Hüseynəli obrazıdır. Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Yeni quruuluşu ilə əvvəlki tamaşalardan fərqlənən tamaşada İlham Teatr hazırda “Bəxtiyar” filminin səhnə versiyası üzərinədə işləyir. Tamaşanın quruluşçu Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevdir.İlham Namiq Kamal teatrdakı fəaliyyəti ilə paralel olaraq Azərbaycan Döblət Mədəniyyət və İncəsənət Universitetində də pedaqoji fəaliyyətini davam etdirərək, yetişməkdə olan gənc nəslə zəngin təcrübə, bilik və bacarığını aşılayır. Sənətkarımız televiziya ekranlarında da həmişə olduğu kimi maraqlı layihələrə imza atır. Onun özünün tamaşaçı auditoriyası var. Onlar sənətkardan yeni-yeni layihələr gözləyirlər. Yəqin ki, 2022-ci ildə də İlham Namiq Kamal pərəstişkarlarını sevindirər.İlham Namiq Kamalı doğum günü, Azərbaycan Best Wards mükafatlandırma gecəsinin “Zəfər Zirvəsi” və yaradıcılıq uğurlarına görə “Simurq-2021” mükafatları, dünya azərbaycanlılarının həmrəylik günü və 2022-ci il münasibətilə təbrik edib, ona möhkəm can sağlığı və yeni, könül xoşlüğü və daha yeni-yeni uğurlar arzusu ilə

Çingiz Ələsgərli - Teatrşünas, dramaturq

Digər xəbərlər