PDF Oxu

İqtisadiyyat

  • 2 954

“ADEX” sərgisi beynəlxalq hərbi əməkdaşlıq üçün səmərəli platforma rolunu oynayır

image

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə 24-26 sentyabr tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə “ADEX 2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilib. SİA xəbər verir ki, sərgilərdə 40 ölkədən 270 şirkət iştirak edib. İştirakçılar arasında ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna kimi ölkələrin olması sərgilərə böyük marağın göstəricisidir.

Ümumiyyətlə, sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyəti və 200-dən artıq qonaq qatılıb ki, bu da “ADEX”in hərbi sənaye sahəsində mühüm platformalardan biri olduğunu nümayiş etdirir.Pilotsuz sistemlərin, hərbi nəqliyyat vasitələrinin, hərbi mühəndislik sistemlərinin, hərbi aviasiya ləvazimatlarının, hərbi ali təhsil müəssisələrinin, optik-elektron cihazların, kimyəvi və bioloji silahlardan müdafiə sistemlərinin, gecəgörmə cihazlarının, hərbi geyimlərin, müxtəlif silah və sursatların sərgiləndiyi “ADEX”də ilk dəfə olaraq kibertəhlükəsizliklə bağlı stend yaradılıb və yeni texnologiyalara əsaslanan məhsullar, proqramlar nümayiş olunub.“ADEX”lə paralel təşkil edilən “Securex Caspian” sərgisində isə hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modelləri nümayiş edilib.Bu sərgiyə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilib. 2024-cü ildə ilk dəfə olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edib.Sərgilərin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev yeni texnologiyaların müdafiə sənayesinə tətbiqinin səmərəsindən danışıb və “ADEX”in təcrübə mübadiləsi üçün mühüm platforma olduğunu diqqətə çatdırıb.Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “ADEX 2024” və “Securex Caspian” sərgilərini ziyarət edib, iştirakçı şirkətlərin istehsal imkanları ilə tanış olub.“ADEX 2024” və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra görüşlər də baş tutub. Belə ki, ilk gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, İsrailin Müdafiə Nazirliyinin SİBAT təşkilatının Baş direktorunun müavini xanım Şahar Horev Rahela və Regional direktoru xanım Yana Şerman, Rumıniyanın İqtisadiyyat, Sahibkarlıq və Turizm Nazirliyinin Aparatının rəhbəri Rizvan Pirkilibesku, Pakistanın müdafiə istehsalatı nazirinin müavini Muhammad Çiraq Hayderin və Serbiyanın müdafiə nazirinin müavini Nenad Miloradoviçin başçılıq etdiyi nümayəndə heyətləri, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitriy Şuqayev, “Rosoboroneksport” şirkətinin Baş direktoru Aleksandr Mixeyev, həmçinin Çinin CPM İEC şirkətinin rəhbər şəxsləri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının zəruriliyi vurğulanıb, beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyətindən bəhs olunub.
Sərgilərin ikinci günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Qırğızıstan Respublikasının Sərhəd Qoşunları və “Bişkek Ştamp” zavodunun, həmçinin Türkiyənin “Lentatek” və “Ayesaş” şirkətlərinin, İtaliyanın Hərbi Hava Qüvvələri, Aeronaviqasiya Silahları İdarəsinin, nazir müavini Hidayət Əzimov isə Türkiyənin "Makine ve Kimya Endüstrisi" və Qətərin "Barzan Holdings" şirkətlərinin nümayəndə heyətləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişafı haqqında müzakirələr aparılıb, beynəlxalq sərgilərdə fəal iştirakın əhəmiyyəti vurğulanıb.
Sərginin sonuncu günü - sentyabrın 26-da da bir sıra görüşlər keçirilib və sənədlər imzalanıb. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr aparıb. Sonda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Belarusun Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika” arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə fəaliyyətlərinin koordinasiyasının təşkili məqsədi daşıyır.Sərgilər çərçivəsində Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şirkətlər arasında sənədlər imzalanıb. Sənədlərdə Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgilərinin miqyası əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib. Artırılmış sərgi sahəsi Bakı Ekspo Mərkəzinin bütün ərazisini - yeni 4-cü pavilyonu və açıq sahəni əhatə edib.
Müdafiə Sənayesi Nazirliyi və tabeli qurumlarının pavilyonunda ümumilikdə 193 eksponat sərgilənib. Məhsullar arasında ilk dəfə “ADEX” sərgisində "Fireforce" lazer silahı, "Suqovuşan" və "Kalan" su üstü tipli kamikadze dronları, 12,7 millimetr çaplı AH-12,7 pulemyotu və 7,62 millimetr çaplı yeni növ snayper tüfəngi nümayiş olunub.Bunlarla yanaşı, İspaniyanın “Escribano” şirkətinə məxsus ən müasir idarəetmə sistemləri ilə təchiz edilmiş zirehli texnika qülləsi üzərində Azərbaycan istehsalı olan 30 millimetrlik AT-30 topu və 7,62 millimetrlik elektrik atışlı pulemyot quraşdırılaraq nümayiş etdirilib.Bundan əlavə, Türkiyənin “ADEX 2024” və “Securex Caspian” sərgilərində 52 müdafiə sənayesi şirkəti ilə təmsil olunması da qardaş ölkənin hərbi-sənaye potensialının daha bir beynəlxalq nümayişi oldu.Bir sözlə, bu sərgilər müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünü və qüdrətini bir daha nümayiş etdirdi. Onlar, eyni zamanda, yeni ticarət əlaqələrinin qurulmasına və genişlənməsinə şərait yaratdı.
Qeyd edək ki, nüfuzlu beynəlxalq toplantıların, müdafiə və təhlükəsizlik üzrə sərgilərin, eləcə də digər tədbirlərin Azərbaycanda keçirilməsi dövlətimizə olan etibarın və etimadın, ölkəmizin artan nüfuzunun göstəricisi olmaqla yanaşı, müdafiə qüdrətimizin daha da artırılması, təhlükəsizliyimizin təmin olunması məsələlərinə müsbət töhfələr verir.Xatırladaq ki, ilk “ADEX” sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib.Beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.

Digər xəbərlər