“Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi hadisədir. Əlbəttə, bu beynəlxalq layihə Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsi, kommunikasiyanın birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılması baxımından ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.Onun sözlərinə görə, gələcəkdə başqa formada da bu layihədən faydalanmaq imkanları mövcuddur: “Adətən bu tipli qlobal xətlərin kənarı boyunca yüksək ötürücülük qabiliyyətinə malik fiber-optik telekommunikasiya infrastrukturu da qurulur. Bu, əsasən dəmir yol qovşaqları arasında rabitə və informasiya münasibətləri məqsədi daşıyır. Xatırlayıram ki, MDB-yə göstərilən texniki yardım –TASİS proqramı çərçivəsində Avropa İttifaqının qlobal TRASEKA layihəsində bu addım atılıb. Lakin sonradan bu xətt boyunca olan telekommunikasiya kanalından kommersiya məqsədləri üçün istifadəyə qadağalar qoyuldu.Bildiyim qədər artıq Bakı-Tbilisi-Qars dəmir yolu xəti boyunca Gürcüstana qədər belə bir telekommunikasiya kanalı da çəkilib. Gürcüstandan isə Türkiyəyə qədər belə bir kanal əvvəldən də mövcud idi. Bu kanalın ötürücülük qabiliyyətinin hədsiz yüksək, terabaytlarla olduğu bildirilir”.
sia.az