İqtisadiyyat

  • 6 620

"Bu proqramın icrası ilə Azərbaycan dünyanın..." DEPUTAT ŞƏRH ETDİ

image

"Azərbaycanın erməni faşizmi və təcavüzü üzərində qələbədən sonra yeni iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsi yaşanmaqdadır. Ümumiyyətlə Azərbaycanın əldə etdiyi qələbədən sonra təkcə Azərbaycanda deyil, bütövlükdə bölgədə yeni siyasi, sosial-iqtisadi inkişaf, sabitliyin, sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində yeni bir mərhələ başlayıb. Cənab Prezident müharibə bitdikdən dərhal sonra Cənubi Qafqaz bölgəsində tamamilə yeni əməkdaşlıq və inkişaf mərhələsinin başlaması barədə anonslarını verib. Artıq bu istiqamətdə real addımlar atılmaqdadır". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Kamran Bayramov deyib.Kamran Bayramov bildirib ki, Azərbaycan yeni yaranmış şəraitə uyğun olaraq öz inkişaf strategiyasını müəyyənləşdirərək, hər zaman olduğu kimi növbəti mərhələdə də flaqman rolunu yerinə yetirmək istiqamətində addımlarını atmaqdadır. Cənab Prezident tərəfindən imzalanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam da bu qəbildən olan sənəddir. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi məqsədyönlü genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanın bütün sahələrdə ciddi uğurlar əldə edilib. Məhz yürüdülən bu məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün torpaqlarımızı erməni təcavüzkarlarının işğalından azad etmək mümkün olub. Bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənmişdir. Yürüdülən siyasət nəticəsində Azərbaycan nəinki iqtisadi, ordu cəhətdən güclənərək, qüdrətli bir ölkəyə, eyni zamanda dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilib. Bunu bütün dünya təsdiq etməkdədir".Millət vəkilinin sözlərinə görə, artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verir: "Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaratmışdır. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatdan sonra isə Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir. Qələbə yeni şəraiti diqtə etdiyindən buna uyğun siyasət yürüdülməlidir və Milli Prioritetlər də bu məqsədə xidmət edir. Digər tərəfdən isə uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artmış, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşmışdır. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Əminəm ki, təsdiq edilən Milli Prioritetlər Azərbaycan vətəndaşının sosial rifah halının daha da yüksəlməsinə xidmət edəcək. Bu proqramın icrası ilə Azərbaycan dünyanın sosial rifah halında yaşayan ölkələrindən birinə çevriləcək. Milli Priorotetin də əsas hədəfi Azərbaycan insanının maddi və sosial rihaf halında yaşamasına nail olmaqdır və biz bunun şahidi olacağıq. Cənab Prezident İlham Əliyevin indiyədək yürütdüyü siyasət bunu deməyə əsas verir. Necə ki, ötən 17 il ərzində Azərbaycan xalqının qarşısında duran məsələ və problemlər bir-bir öz həllini tapdısa, bu məsələdə öz həllini tapacaq".

sia.az

Digər xəbərlər