Vüqar Bayramov: Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub

“Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Vüqar Bayramov bildirib ki, layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazının Türkiyə və Avropaya çatdırılmasını təmin edir. Hər il keçirilən Məşvərət Şurasının iclası illik fəaliyyətlərin müzakirə edilməsi, sistemləşdirilməsi baxımından vacib hesab olunur. Cənub Qaz Dəhlizi Türkiyə bazarına illik olaraq əlavə 6 milyard kubmetrdən çox qazın nəql edilməsini nəzərdə tutur.
“Eyni zamanda, TAP kəməri vasitəsilə Avropaya ilk mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard qaz nəql ediləcək. Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Ötən il dekabrın sonunda Azərbaycan qazı Avropaya daxil oldu. CQD Avropanın xüsusi töhfə verəcək layihələrdən hesab olunur. Eyni zamanda, Mərkəzi-Şərqi Avropadan Bolqarıstan daxili şəbəkə vasitəsilə CQD-dən qaz almaq niyyətindədir. Bu isə o deməkdir ki, Cənub Qaz Dəhlizi ilə ötürülən qazın Avropaya çatdırılma miqyasının genişlənməsi istisna edilmir. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə region və qitə üçün əhəmiyyətli olmaqda davam edəcək”, deyə komitə üzvü qeyd edib.

yap.org.az