Regionda baş verən mühüm proseslər və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflər arasında aparılan mütəmadi danışıqlar ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Cənubi Qafqazın daim Rusiyanın təsir dairəsində olması və burada cərəyan edən proseslərin də məhz onun əli ilə törədilməsi də hər kəsə məlumdur. Eyni zamanda, mövcud vəziyyətdə beynəlxalq arenada baş verən proseslər də heç də ürəkaçan deyil. Dünyada baş verən bu cür proseslər fonunda Azərbaycanın mövcud istiqamət xətti ilə öz siyasətini davam etdirməsi aparılan yüksək xarici siyasətin məntiqi nəticəsidir. Qəzetimizə müsahibəsində millət vəkili, "Böyük Quruluş" partiyasının sədri Fazil Mustafa da Azərbaycanın yürütmüş olduğu ayıq və çevik siyasi kursdan söhbət açdı.
- Fazil bəy, növbət ay Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Bu görüşdən gözləntilər nədən ibarət ola bilər?
- Mən hesab edirəm ki, bu görüşdən yekun nəticə əldə etməyəcəyik. Çünki hər hansı bir şəkildə buna doğru gedən münbit şərait, hələ ki, yoxdur. Praqa görüşündə və başqa tədbirlərdə də bu istiqamətdə irəliləyiş əldə olunmadı. Çünki Ermənistanın aqressiv mövqeyi hər hansı bir şəkildə konstruktiv bir qərar qəbul etməyə imkan yaratmır. Amma bütün hallarda bu görüşün də ən azı tərəflərin mövqelərinin bir daha dəqiqləşdirilməsi baxımından faydası var. Məncə, burada hər hansı bir qəti qərar olmayacaq, amma görüş olaraq, mövqelərin dəqiqləşdirilməsi kimi müəyyən bir prosesi irəli aparmaq mümkündür.
- ATƏT-in Minsk Qrupunun həmsədrləri nikbin görünürlər. Onlar bu il Dağlıq Qarabağ probleminin tamamilə həll olunacağını bildirirlər. Yəni, elə bir mühit varmı?
- Belə bir nikbinlik yoxdur. Çünki bu nikbinlik daha çox səslənən bəyanatlarda, xüsusilə də, Ermənistan və Azərbaycan tərəflərinin səsləndirdiyi bəyanatlarda öz əksini tapmalıdır. Bu, öz əksini tapmırsa, demək, nikbinlik üçün heç bir əsas yoxdur. Onlar onsuz da sonda əsas gətirirlər ki, hər iki dövlət müəyyən razılığa gəlməlidir. Əgər hər iki dövlət razılığa gələ bilirdisə, onda Minsk Qrupuna nə ehtiyac var idi?
- Elə isə, ABŞ-dan olan Minsk Qrupunun həmsədri Metyu Brayzanın iddiasına görə, Ermənistan tərəfi münaqişənin mərhələli həllinə razılıq verib. Bunu nə ilə izah etmək olar?
- Metyu Brayza tez-tez fikirlərini dəyişir. Hələlik, bunu Ermənistan tərəfi dilə gətirilmədiyi üçün ciddi qəbul etmək olmaz.
- Bəs necə düşünürsünüz, Ermənistanın bu cür mövqe sərgiləməsinə görə, onun arxasında Rusiyanın dayandığını güman etmək olarmı?
- Təbii ki, Ermənistanın belə bir mövqe tutması, ancaq Rusiyaya görədir. Hətta Ermənistan müstəqil şəkildə daha fərqli qərarlar qəbul edərdi. Hesab edirəm ki, Ermənistanın Dağlıq Qarabağ məsələsində bu qədər israr etməsini düşünmək olmaz. Çünki Ermənistan müstəqil dövlət anlayışı ilə hərəkət etsə, özünün imkanlarını daha real qiymətləndirər. Amma hazırda vəziyyət belə deyil. Ermənistanda indi müstəqil hissiyyat mövcud deyil. Onun öz hissiyyatı Rusiyanın əlindədir. Rusiya necə yönləndirirsə, Ermənistan o cür də hərəkət edir.
- Sizin qənaətinizcə, Ermənistanın bu cür siyasi oyunları nə zamana qədər davam edə bilər?
- Hər halda Rusiyanın təsiri azaldıqca Ermənistan daha fərqli bir mövqe tuta bilər. Amma bu təsirin azalmasına Rusiya imkan vermədi. Daha çox Rusiya Qərbyönümlü siyasi kursa qarşı, hətta terrorun da baş verməsi üçün münbit şərait yaratdı. Xüsusilə, Ermənistan parlamentində güllələnmə və başqa proseslər göstərdi ki, hələ ki, buna doğru bir irəliləyiş yoxdur. Hər halda, Ermənistanda müxalifətin güclü olması proseslərin müəyyən dərəcədə dəyişməsinə ümid yaradır.
- Rusiya regionda öz maraqlarını daha da gücləndirməyə çalışır. Belə olan halda onun zəifləməsi nə dərəcədə mümkündür?
- Hər halda Rusiyanın güclənməsi kimi bir anlayışı qəbul etmək düzgün deyil.
- Zor müstəvisində...
- Bu zor müstəvisini də Rusiyanın uzun müddət davam etdirəcəyi mümkün deyil. SSRİ-nin təxminən xeyli modelini Rusiya davam etdirmək niyyətindədir. Bu da uğursuz bir niyyətdir. Rusiya bunun ağrılarını yaxın zamanlarda yaşayacaq.
- İmperialist niyyətli Rusiya Qafqazı asanlıqla əldən verəcək?
- Təbii ki, əvvəl-axır bu bölgələr Rusiyanın nəzarəti altından çıxacaq. Çünki uzun müddət bölgələri zorla təsir altında saxlamaq olmaz. Zorla belə bir vəziyyəti saxlayan imperiyaların aqibəti göz qabağındadır.
- Rusiyanın Baş naziri Vladimir Putinin Abxaziyaya gözlənilən səfəri bir daha onu göstərdi ki, bütün təzyiqlərə və çağırışlara baxmayaraq, Rusiya öz zorakılıq əməllərini davam etdirir...
- Rusiyanın Baş naziri V.Putinin bu addımı artıq beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilir. Rusiya beynəlxalq hüquq normalarına qarşı bu sayğısızlığa uzun müddət dirəniş göstərə bilməyəcək. Çünki bu, artıq Rusiyanın qaba və zor siyasətinin görüntüsüdür. Bu, diplomatiya deyil.
- Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra qaranlıq məqamlara aydınlıq gətirildi. Ümumilikdə, bu səfəri necə dəyərləndirmək olar?
- Səfər müddətində R.T.Ərdoğan öz fikirlərini söylədi və hesab edirəm ki, Türkiyənin bu mövqeyi Azərbaycan üçün də qaneedici oldu.
- Bəs niyə iki ay öncəyə qədər belə bir fikirlər səslənmirdi?
- Bu, onun taktikasıdır. Hər bir məsələdə Türkiyə sərbəst fikir ifadə edə bilər. Vaxtı çatanda bu cür danışıbsa, bunu normal qiymətləndirmək lazımdır. Bizim ona fikirlərini söyləmək üçün hər hansı bir vaxt təyin etməyimiz etik normalara uyğun deyil.
- Amma Türkiyə mətbuatı R.T.Ərdoğanın Bakı səfərini heç də müsbət dəyərləndirmədi...
- Türkiyə demokratik ölkədir. Ona görə də, onların özlərinin də müxtəlif cür şərhləri var. Biz öz nöqteyi-nəzərimizdən bu səfəri müsbət dəyərləndiririk.
- Türkiyənin Dağlıq Qarabağ məsələsində sözdən əmələ keçmək dilemması artıq mümkündürmü?
- Əslində, Türkiyə bu gün sözdən çox, bu münaqişənin həlli istiqamətində iş aparmaqla məşğuldur. Konkret olaraq Əməkdaşlıq Paktının ortaya qoyulması, Rusiya ilə görüşlərin keçirilməsi və problemin bir daha önə çəkilməsi, ən nəhayət, Ermənistanla konkret addımlar atıldı ki, bu əlaqələr fonunda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsinə nail olunsun.
- Bəs Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın rolu nədən ibarət ola bilər?
- ABŞ-ın rolu, hələ ki, özünü hiss etdirmir. Bu gün ABŞ Rusiya ilə eyni mövqe ifadə etdi. Ona görə də, Obama da hakimiyyətə gəldikdən sonra Azərbaycanın xeyrinə hər hansı bir addım atılmayıb.
- Metyu Brayza etiraf edib ki, ilk dəfə olaraq ABŞ prezidenti səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ona xüsusi göstəriş verilib...
- Hər halda bu göstəriş hansı niyyətlə olub, bunu aydınlaşdırmaq lazımdır. Yəni, Azərbaycanın xeyrinə hər hansı bir bəyanat verməklə də, olardı ki, bu ərazi bütövlüyü əsasdır. Amma bunu etmirlərsə, demək, Azərbaycana, hələ ki, dəstək vermirlər.
- Məsələyə bu cür ikili yanaşmanın, yəqin ki, arxasında müəyyən məqamlar var?
- Məqamlar dedikdə, ABŞ, Fransa, Rusiya bütün bunların hamısı Ermənistanın bölgədə başqa ölkələrin dirçəlməsi üçün bir əngəl kimi baxır. Ona görə də, bu məsələdə onlar həmrəydir. Bunu başqa cür cilalamağa çalışsalar da, Ermənistan məsələsi, hətta İran da bu dövlətlərlə həmrəydir. Bu məsələdə Azərbaycan daha ehtiyatlı davranmalıdır.
- Belə çıxır ki, Azərbaycana qoyulan investisiyalar onlar üçün yetərli deyil?
- Əlbəttə, sərmayə vacibdir. Amma bu sərmayədən də öncə onların strateji maraqlarında yer alan məsələlər də var. O da bundan ibarətdir ki, Ermənistana dəstək vermək ABŞ-ın Rusiyadan da qabaq, SSRİ-dən də öncə əsas prioritetlərindən biri idi.