PDF Oxu

Müsahibə

  • 7

Müxalifət hakimiyyətə qara yaxmaqla məşğul olmamalıdır

Müxalifət hakimiyyətə qara yaxmaqla məşğul olmamalıdır

Müsahibimiz Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimlidir
- Hazırkı mərhələdə müxalifət düşərgəsində pərakəndəlik hökm sürür. Bu barədə nə deyə bilərsiniz?

- Düzdür, son vaxtlar bu, müşahidə olunur. Bu da, ondan ibarətdir ki, müxalifət düşərgəsi son dövrlər günün əsas hadisələrini qiymətləndirə bilmir. Bu da, təbii ki, müxalifətin zəifləməsinə səbəb oldu. Müxalifətin gücü yalnız onunla bağlı ola bilər ki, ictimai fikrin önündə olsun, ictimai fikri qiymətləndirə bilsin və adekvat işlər həyata keçirsin. Amma çox təəssüf ki, indiki məqamda bütün bunlar baş vermir. Digər tərəfdən isə, bunun səbəbini bu gündə axtarmaq yox, bir qədər geriyə getmək lazımdır. Müxalifət müəyyən qədər güc ortaya qoymaq əvəzinə, şəxsi iddialar, ambisiyalarını həyata keçirdilər, bu da müxalifətin olduqca zəifləməsinə gətirib çıxardı.

- AXCP (i) sədri və Müsavat başqanının iddialarına görə, müxalifət yalnız "Azadlıq" bloku və Müsavatdan ibarətdir...

- Ümumiyyətlə, kimsə özündə nə isə malalamaq istəyirsə, həmin hadisədən daha çox danışır. Şahidiyəm ki, türk millətçiliyindən daha çox danışanların əksəriyyətinin türkçiliyə aidiyyatı yoxdur. İndiki məqamda Azərbaycanda müxalifətin tək AXCP (i) və Müsavatdan ibarət olması ideyasının irəli sürülməsi çox yanlış ideyadır. Bütün ictimaiyyət bilir ki, kim kimin diqtəsi altında fəaliyyət göstərir. İndiyə qədər hansı partiyaların xarici ölkə səfirlikləri ilə məsləhətləşərək addımlar atması danılmaz faktdır. Hamı öz fəaliyyətini və hərəkətlərini gözəl bilir. Bütün bunlar olduğu halda kiməsə böhtan atmağın heç bir mənası yoxdur. Müxalifət hakimiyyətə qara yaxmaqla məşğul olmamalıdır. Müxalifət hər məsələyə sağlam təfəkkür prizmasından yanaşmalıdır.

- Partiyalara qarşı ittiham irəli sürən "Azadlıq" blokunun və ya Müsavatla ortaq məxrəcə gəlib, hər hansı bir məsələnin çözülməsi mümkündürmü?

- Bilirsiniz, uzun müddət adıçəkilən partiyalarla bir blokda təmsil olunmuşuq. Onlarla bu və ya digər məsələlərdə əməkdaşlıq etmişik. Bu partiyaları az-çox tanıyırıq. Onların "səmimiliyinə", verdikləri sözün "düzgünlüyünə" nə qədər riayət edəcəklərini bilirik. Ona görə də, ölkədəki siyasi partiyaların Ədalət partiyası ilə əməkdaşlığına ehtiyac yoxdur. Son dövrlər partiya rəhbərliyinin qəbul etdiyi qərar var. Bu qərara görə partiyamız heç bir siyasi qurumla bir blokda birləşmir, hər hansı məsələdə əməkdaşlıq etmir. Hesab edirik ki, son vaxtlar bu qərar özünü xeyli dərəcədə doğruldub.

- Bir qədər əvvəl Ədalət partiyasının sədri yeni bir qurumun yaradılması ideyasını irəli sürmüşdü...

- Bizim hər hansı qurum yaratmaq fikrimiz yoxdur. Bu, sadəcə, başqa qurum təmsilçilərinin fikridir. Zaman-zaman bu cür fikirlər ortaya çıxıb, bizimlə əməkdaşlıq etməyə can atıblar. Fikrimizcə, ölkədə dağıdıcı müxalifət gücünün ortaya qoyulmasına ehtiyac yoxdur.

- Hazırkı mərhələdə bir neçə müxalifət partiyaları aksiyaların keçirilməsi ideyasını irəli sürüb. Bunu uğurlu ideya hesab etmək olarmı?

- Hər hansı bir aksiyanın keçirilməsinə ehtiyac görmürük. Kütləvi aksiyanın keçirilməsinin məramı və məqsədi olmalıdır. Əvvəlki dövrlər artıq keçib. Küçələrə çıxmaq, hay-həşir qoparmaq arxada qalıb. Dünya siyasi düzümündə yeni siyasi texnologiyalar meydana çıxıb. İndiki məqamda mitinqlərin keçirilməsi üçün zəruri tələb olmalıdır. Hər hansı bir tələbin ortalığa qoyulmasını görmürük. Ona görə də, belə mitinqlərdə iştirak etməyə ehtiyac yoxdur.

Digər xəbərlər