PDF Oxu

Müsahibə

  • 2 091

AŞPA Ermənistana sanksiyalar tətbiq edə bilər

image

Qrumun qış sessiyasında Dağlıq Qarabağla bağlı növbəti qərarın qəbulu gözlənilir

Yanvarın 25-dən 29-na qədər keçiriləcək AŞPA-nın qış sesiyasında Azərbaycanla bağlı üç məsələ müzakirə olunacaq. Amma diqqətçəkən təəccüblü məqam ondan ibarətdir ki, AŞPA-da Dağlıq Qarabağla bağlı məsələnin müzakirəyə cıxarılması ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında təşviş yardıb və onlar müzakirələrə qarşı çıxdıqlarını bəyan ediblər. Bu halda sual yaranır: həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirə edilməsinin əleyhinə çıxış etmələrinin arxasında Ermənistanın maraqlarından çıxış etmək və status-kvonu saxlamaq niyyətinin dayandığını demək olarmı? Politoloqlar Elşad Mirbəşiroğlu və Elçin Mirzəbəyli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu cür açıq mövqe sərgiləməklə qərəzli yanaşma nümayiş etdirmiş olduqlarını bildirdilər.

Politoloq Elşad Mirbəşioğlu: "ATƏT-in Minsk Qrupunun həmsədrlərində erməni təəssübkeşliyi hiss olunur"

- AŞPA-nın 25-29 yanvar tarixində keçiriləcək qış sessiyasında bir sıra mühüm məsələlərin müzakirə edilməsi gözlənilir. Yəni bu qış sessiyasının Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın maraqları çərçivəsində olan üç layihənin müzakirəsi gözlənilir. Bir sözlə, Azərbaycanın işğal altında olan ərazilərində zorakılığın artması, sərhədyanı regionun əhalisinin içməli suya olan tələbatının ödənilməsinin qarşısının alınması, kəlbəcərlilərin girov düşməsi və onların azad olunması məsələsi qoyulub. Təbii ki, bu məsələlərin AŞPA-nın gündəliyində müzakirəyə çıxarılması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilə bilər. Amma təəssüf doğuran məqam ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələlərin AŞPA-nın qış sessiyasının gündəliyinə salınmasına narazılıqlarını bildirirlər. Bunu da onunla əsaslandırırlar ki, bu məsələ AŞPA-nın sessiyasının müstəvisində müzakirə olunmamalıdır. Ancaq bu məsələlər ATƏT-in Minsk Qrupunun həmsədri formatında tənzimləmək istiqamətində müzakirələr aparılmalıdır. Bu da bir sıra məqamlardan xəbər verir. Birincisi, ondan xəbər verir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın fərdi şəkildə münaqişənin tənzimlənməsi istiqamətində və münaqişə vəziyyəti ilə beynəlxalq ictimaiyyətə obyektiv təsəvvürlərin formalaşdırılması istiqamətində fəallıq göstərməsi onları çox narahat edir. Digər tərəfdən həmsədrlər status-kvo vəziyyətinin saxlanılmasında maraqlıdırlar. Bir sözlə, demək olar ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərində erməni təəssübkeşliyi hiss olunur. Yəni Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən layihələrə qarşı çıxmaqla, onlar bir növ ermənilərin işğalçılıq siyasətinin özbaşınalıqlarına dəstək vermiş olurlar. Təbii ki, bütün bunlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəaliyyətlərinin səmərəsizliyin daha bir göstəricisidir.

Politoloq Elçin Mirzəbəyli: "Minsk Qrupunun həmsədri olan ölkələr erməni diasporunun və lobbisinin təsir altındadır"

- ATƏT-in Minsk Qrupu həmsədrlərinin qərəzli mövqe tutması AŞPA-nın daxili işlərinə qarışmaq və qarşı tərəfə təzyiq göstərilməsi kimi qiymətləndirilə bilər. Dünyanın bir çox beynəlxalq və regional təşkilatlarının, o cümlədən BMT-nin, AŞPA-nın, İKT-nin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı qərar və qətnamələri var. İstənilən beynəlxalq qurum bu məsələni müzakirəyə çıxara bilər və Ermənistana işğalçılıq siyasətinə görə tənqidlə yanaşa, sanksiyalar da tətbiq edə bilər. Əslində, demokratiya anlayışı olan, insan hüquq və azadlıqları barəsində azca təsəvvürü olan dövlət və onun nümayəndələrinin istənilən beynəlxalq qurumun seçkili orqanlarının işinə müdaxilə etməsi, bilavasitə insan hüquq və azadlıqlarının pozulmasıdır, parlamentarilərin iradəsinə təzyiqdir. Ümumiyyətlə, beynəlxalq miqyasda görünməyən ləyaqətsiz davranış formasıdır ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bu münasibəti ortaya qoyurlar. Faktın özü bir daha sübuta yetirir ki, Minsk Qrupunun həmsədri olan ölkələr erməni diasporu və lobbisinin təsir altındadır, eyni zamanda, onların geosiyasi maraqları mövcud status-kvonun saxlanılmasını diktə edir. Yəni bu gün münaqişə öz həllini tapmırsa, bunun, bilavasitə məsuliyyətini ATƏT-in Minsk Qrupunun həmsədrləri daşıyırlar. Onlar münaqişənin həll olunmasını bilərəkdən istəmirlər. Çünki münaqişə vəziyyətinin davam etməsi onlara regionda öz təsir imkanlarını saxlamağa kömək edir. Düşünürəm ki, bu məsələ adekvat formada AŞPA-nın qış sessiyasında qaldırılmalı, qurum üzvlərinə qarşı ATƏT-in Minsk Qrupu tərəfindən işğalçı tərəf təzyiq olunmamasına münasibət bildirilməlidir. ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişədə vasitəçilik missiyalarında mənəvi-hüquqi haqlarını tamamilə itiriblər və onların fəaliyyətindən imtina olunmalıdır.

GÜLYANƏ

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib