Əsas

  • 16 792

Aleksey Naumov: “Azərbaycan Münxen konfransında öz mövqelərində möhkəm dayandı” - ŞƏRH

image

Xəbər verildiyi kimi, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsi üzərində iş, həmçinin Praqada əldə edilmiş razılaşmalara uyğun olaraq regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması və iki ölkə arasında delimitasiya məsələləri müzakirə edilib.

Mötəbər beynəlxalq konfrans çərçivəsində Cənubi Qafqazdakı vəziyyətlə bağlı “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı panel müzakirəsi də keçirilib. Konfransın sədri Kristof Hoysgenin moderatorluğu ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münhen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini Helqa Mariya Şmid iştirak ediblər.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov Münxen görüşlərinin nəticələrini “Caliber” analitik mərkəzinə şərh edərkən vurğulayıb ki, Azərbaycan “öz mövqelərində möhkəm şəkildə dayanır”. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.

“Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Amerika vasitəçiliyi ilə keçirilən görüşün əsas nəticəsini Bakının nizamlanma üçün götürdüyü vektorun möhkəmliyini bir daha nümayiş etdirməsi adlandırmaq olar. Bu, Azərbaycanın siyasətdə müəyyən etdiyi bir vektordur, Ermənistan isə reallıqlarla razılaşmağa və qəbul etməyə məcburdur. Bakının siyasəti ondan ibarət idi ki, münaqişənin qaçılmaz və yeganə mümkün həlli beynəlxalq hüquq və ədalət çərçivəsində işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və yerli ermənilərin inteqrasiyası və ya onların Qarabağ ərazisini tərk etməsidir. Azərbaycan bunu həm hərbi, həm də diplomatik tədbirlərin köməyi ilə nümayiş etdirdi”, - deyə rusiyalı politoloq qeyd edib.

A.Naumovun sözlərinə görə, İlham Əliyev “Münxen danışıqlarında 1-ci skripkada ifa edib”: “Azərbaycan rəhbəri əsas məsələni açıqladı. O, Qarabağ məsələsinin sülh müqaviləsində qeyd olunmasını istisna edib. Əliyevin dediyi kimi, “Azərbaycan və Ermənistanın imzalayacağı sülh sazişində Qarabağ məsələsinin hər hansı formada yer almasına icazə verə bilmərik”.

Təbii ki, danışıqlarda sensasiya yox idi, lakin biz gördük ki, Azərbaycan xarici siyasət alətlərindən - həm hərbi, həm də diplomatik vasitələrdən bacarıqla istifadə etməkdə davam edir. İrəvana mütəmadi olaraq göstərilir ki, nizamlanma prosesini uzatmağa cəhd etsə, vəziyyəti daha da pisləşdirəcək”.

A.Naumov əlavə edib ki, Azərbaycan Ermənistanın seçdiyi məkanlarda özünü inamla hiss edir: “Ermənistan çılğın şəkildə öz arzularını və Qarabağ separatçılarını dəstəkləməli olan yeni tərəfdaşlar və kontragentlər axtarsa ​​da, Azərbaycan Ermənistanın seçdiyi platformalarda eyni mövqedən çıxış etməyə davam edir. İrəvan Aİ-ni, Amerikanı cəlb edir, lakin Bakı Qərb vasitəçilərinin vasitəçiliyi ilə də öz mövqeyini müdafiə edə bilir. Bu, öz məqsədlərinə doğru inamla irəliləyən Azərbaycanın xarici siyasətinin sarsılmazlığının və qətiyyətinin təzahürüdür”.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər