PDF Oxu

Əsas

  • 5 921

Vətən sərhəddən başlayır... Azərbaycan Sərhəd Mühafizəsi 105 yaşında

image

Çətin və şərəfli inkişaf yolu keçərək güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan, iqlim və relyefindən asılı olmayaraq ölkəmizin quru və su sərhədlərini sayıqlıqla qorumağa qadir olan Azərbaycan Sərhəd Mühafizəsinin 105 yaşı tamam olur.

Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, bu günündən qürur duyur, gələcəyinə inam hissi ilə baxır. SİA AZƏRTAC-a istinadən Dövlət Sərhəd Mühafizəsinin keçdiyi yolun bəzi əsas məqamlarına nəzər salır.

Sərhəd qoşunlarımızın yaranma tarixi 1919-cu il avqustun 18-dən başlayır. Belə ki, 105 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında Qanun qəbul edib. Prezident Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur.

Xatırladaq ki, Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.

Azərbaycan sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Üçrəngli Bayrağımızın Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması, sərhədlərimizdə ilkin zəruri infrastrukturların yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər bütün proseslər müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib.

2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması Azərbaycan dövləti üçün sərhədlərin etibarlı mühafizəsinin xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirdi.

Son illərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavaları yaradılıb. Vətən sərhədlərinin havada, suda və quruda etibarlı şəkildə qorunması tam təmin olunub. Dövlət sərhədinin mühafizəsində müasir texniki vasitələrin tətbiqi sürətləndirilib, dəniz sərhədlərinin mühafizəsi sisteminin və sərhəd aviasiyasının təşkili başa çatdırılıb, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülüb. Yeni sərhəd infrastrukturlarının yaradılması, sərhədçilərin xidməti-döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və vasitələrlə təminatı istiqamətində mühüm addımlar atılıb. 2007-ci ildə Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb.

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır.

2020-ci ildə Vətən müharibəsi günlərində torpaqlarımızın erməni işğalından azad olunmasında sərhədçilər böyük cəsarət və fədakarlıqla döyüşüblər. Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb. Döyüş əməliyyatları zamanı şəxsi igidlik nümunəsi göstərmiş 12 sərhədçi (4 nəfəri ölümündən sonra) "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, 176 nəfər müxtəlif ordenlərlə, 5203 nəfər isə müxtəlif medallarla təltif olunub.

Dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi, yeni hərbi hissələrin yaradılması, ən müasir texnika və avadanlığın sərhəd xidmətində tətbiqi, şəxsi heyətin döyüş vərdişlərinin və peşəkarlığının daha da yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Müasir tələblərə cavab verən sərhəd zastavalarında, hərbi hissələrdə lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, təlim şəhərciyi, anbarlar, mərkəzləşdirilmiş istilik sistemləri, idman şəhərciyi, zabit və gizir ailələri üçün tikilən mənzillər sərhədçilərin istifadəsinə verilib. Onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində 714 mənzilli yaşayış binaları tikilib, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub, 165 binadan ibarət 2293 xidməti mənzil əsaslı təmir edilib. Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş Cəbrayıl şəhərində 146 mənzilli yaşayış evi, 114 nəfərlik yataqxana, Qubadlı şəhərində isə 86 mənzilli yaşayış evi əsaslı təmir olunaraq sərhəd keşikçilərinin istifadəsinə verilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, qonşu ölkələrlə sərhədlərinin delimitasiyası dövlət siyasətinin prioritetlərindən biri olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin konseptual əsaslarını təsbit edib, dövlət sərhədinin mühafizəsi üzrə qarşıda duran vəzifələri müəyyənləşdirib. Buna misal olaraq 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.

Son illərdə DSX-nin idarəetmə sistemi də xeyli təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib. Sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb. Şəxsi heyət dövlət sərhədindən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı sərhəd nəzarətinin həyata keçirilməsi üçün müasir texniki avadanlıqla təchiz edilib, bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması nəticəsində miqrasiya proseslərinin ciddi nəzarətə götürülməsi təmin olunub.

Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, DSX Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarını və müvafiq hərbi obyektləri təhvil aldı. Bu istiqamətdə xidməti-döyüş fəaliyyətinin Sərhəd Qoşunları tərəfindən təşkili uğurlu başlanğıc oldu, dövlət sərhədinin etibarlı mühafizəsi sisteminin yaradılması məqsədilə ardıcıl tədbirlər həyata keçirildi. Bu sınaqdan üzüağ çıxan DSX-nin şəxsi heyəti Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin həyata keçirilməsi və sərhədlərimizin mühafizəsinin təmin olunması yolunda əsl fədakarlıq nümayiş etdirdi. Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın qurumun qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr səfərbər edildi. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət və qəhrəmanlıq göstərdilər. Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazini azad etdilər, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirdilər. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımızda Azərbaycan bayrağı ucaldıldı, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad olundu. DSX tərəfindən "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkarcasına tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri sıradan çıxarıldı və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirildi, ümumilikdə 290 düşmən hədəfi məhv edildi.

Ölkəmizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr xidməti-döyüş fəaliyyətinə başlayıb. Dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə Azərbaycan sərhədçiləri son iki ildə 20-dək yeni hərbi hissə kompleksinin fəaliyyətini bərpa edib. Dövlət sərhədində "Eyvazlı" və "Qazançı" buraxılış məntəqələri inşa olunub, eləcə də "Füzuli" Beynəlxalq Hava Limanında sərhəd nəzarəti yüksək səviyyədə təşkil edilib.

İkinci Qarabağ müharibəsində DSX-nin şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə lazımi diqqət və qayğı göstərilib, yaralanmış hərbi qulluqçular qurumun Hərbi Hospitalında, respublikamızın ixtisaslaşmış tibb müəssisələrində müayinə, müalicə və reabilitasiya olunub, ağır yaralanmış hərbi qulluqçular xarici ölkələrdə müalicə edilib.

Bu il yanvarın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışı olub. Burada ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları mövcuddur. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərir.

Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları var. İl ərzində hərbi hospitalda 100-110 min xəstə ambulator, 17 min-20 min xəstə isə stasionar müalicə oluna bilər.

Yeni hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok fəaliyyət göstərir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb.

Azərbaycan Sərhəd Mühafizəsi bu gün şəxsi heyətinin peşəkarlığına, silah və hərbi texnika ilə təchizatına, ən əsası isə xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə təkcə regionda deyil, Avropa miqyasında aparıcı mövqeyə yüksəlib.

Vətən sərhəddən başlayır və göründüyü kimi, bu gün Azərbaycan öz sərhədlərini etibarlı surətdə qorumağa qadirdir.

Sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, şərəfli missiyalarında yeni-yeni uğurlar arzulayırıq.

Digər xəbərlər