Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. Bu prioritetlər nələri nəzərdə tutur? Bu yazıda əsas məqamları diqqətinizə çatdıracağıq.
Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.
Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır.
Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır. Qiymətlərin sabitliyi daha effektiv lövbər vasitəsilə təmin edilməlidir.
Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı 3 məqsəd əsasında uğurla reallaşa bilər:
- inkişafdan hər bir vətəndaşın bəhrələnməsi;
- yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət;
- paytaxt və regionların tarazlı inkişafı.
1. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi
Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır.
Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır.
Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir.
İqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.
2. Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət
Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır.
Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün tələb olunan sosial reabilitasiya infrastrukturu əlçatan olmalı, bu şəxslərin məşğulluğuna dəstək proqramları genişləndirilməli, sosial təminatı gücləndirilməlidir. Sosial cəhətdən həssas əhali qruplarının maraq və mənafelərinə cavab verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.

3. Paytaxt və regionların tarazlı inkişafı
Ötən dövrdə regionlarla müqayisədə ölkəmizin paytaxtı daha sürətlə inkişaf edib. Uzunmüddətli dövrdə əsas məqsəd regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılıb.
Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.
Rəqabət mühiti və innovativ yanaşma
Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişlənməli və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməlidir.
İnsanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır.
Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla texnoloji ixrac məkanına çevrilmək üçün perspektivlər yaradılmalıdır. Bu məqsədlə emal sənayesinin inkişafı dərinləşdirilməli, elmtutumlu və yüksək gəlir yaradan orta və yüksək texnoloji sahələrin inkişafı təmin edilməlidir.
Vətəndaşların sağlam həyat tərzi
Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün mühümdür. Sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacaqdır. Müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır. Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.
Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir.
İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir.
Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaqdır. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir.
İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Göründüyü kimi, strateji xarakterli milli prioritetlər son dərəcə düzgün və elmi əsasda müəyyənləşdirilib. Artıq son 3 ildə bu istiqamətlərdə çox ciddi işlər grülüb. Növbəti 5 ildə isə bu məqsədlərə tam nail olunacağına heç bir şübhə yoxdur. Bu halda isə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri bir cərgədə öz adını daha da şərəfləndirəcək.
Elçin Bayramlı