PDF Oxu

Əsas

  • 2 908

Azərbaycanda yenidən tikilən şəhərlər dünyada ən yaxşı nümunələrdən biridir - TƏHLİL

image

Martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

Samir Nuriyev: Qarabağdakı şəhərsalma işləri öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biridir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb. O, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsi olduğunu bildirib.

Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının rəhbərliyi ilə paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.

Samir Nuriyev Azərbaycanın qlobal şəhərsalma proseslərini diqqət mərkəzində saxlayan bir ölkə olaraq, bu sahədə innovativ yanaşmaları irəli sürdüyünü və onları praktiki müstəvidə uğurla tətbiq etdiyini diqqətə çatdırıb. Belə ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin bunun ən bariz təzahürü olduğunu söyləyib.

Eyni zamanda, 2026-cı ilin may ayında Bakıda keçiriləcək və artıq böyük beynəlxalq marağa səbəb olan WUF13-ün Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı konseptual yanaşmanın, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən praktiki təcrübənin beynəlxalq müstəvidə təqdimatı üçün platforma olduğunu qeyd edib.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin WUF13-ə hazırlıq prosesinin cari vəziyyəti, substantiv məsələlər, kommunikasiya və təşkilati-logistika istiqamətlərində görülmüş işlər, həmçinin gündəlikdə yer alan digər məsələlər barədə məruzələri dinlənilib.

Təşkilat Komitəsinin sədri iclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən WUF13-ün yüksək səviyyədə təşkili ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən irəli gələrək, iclas iştirakçılarına bütün işlərin daha keyfiyyətli, vaxtında və kompleks yanaşma təmin edilməklə icrasına dair göstərişlər verib.

Yeni şəhərlərin salınmasındakı yeni yanaşmalar dünyada yeni şəhərsalma nümunələri arasında ən yaxşılarından biridir

Müasir dünyada yeni şəhərsalma mədəniyyətinin formalaşması və mövcud şəhərlərin müasir tələblərə uyğun qurulması son dərəcə vacibdir. Azərbaycan da bu sahədə çox ciddi layihələr həyata keçirir və nümunəsi yaşayış massivləri, yenidən tikilən müasir şəhərlərlə əyani nümunə göstərir.

WUF13 Təşkilat Komitəsinin sədri Samir Nuriyevin dediyi kimi, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsidir. Son illərdə işğaldan azad olunmuş ərazilərdə işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılan şəhərlərin yenidən tikilməsi bu sahədə yeni yanaşmaların və efektiv sistemləşdirmə sayəsində insanyönümlü yaşayış sahələrinin yaranmasına səbəb olub. Yeni tikilən Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı şəhərləri, həmçinin təkmilləşdirilən və böyüdülən Laçın, Şuşa, Kəlbəcər, Xankəndi, Ağdərə, Xocavənd şəhərləri, həmçinin yeni salınan qəsəbələr, kəndlər strateji planlaşdırma ilə son dərəcə mükəmməl bir infrastruktura malik böyük bir sistemə sahibdir. Bu şəhərlərin salınması zamanı gələcəkdə yaranacaq vəziyyətə uyğun şəkildə hər şey nəzərə alınır, kommunal və nəqliyyat infrastrukturu, yaşayış massivləri, sosial-mədəni obyektlər, sənaye-təsərrüfat zonaları son dərəcə effektiv şəkildə tərtib olunur. Həmçinin, bu şəhərlərin, qəsəbələrin enerji təminatları bərpaolunna enerji sahələrinə transformasiya edilir, ekoloji məsələlərə son dərəcədə diqqətlə yanaşılır. Nəticədə müasir, gözəl, rahat, yaşıl şəhərlər meydana gəlir. Bu müasir dünyada ən yaxşı nümunələrdən biri olan Azərbaycan nümunəsini ortaya qoyur.

Azərbaycan şəhərlərinin müasir tələblərə uyğun qurulması və inkişaf etdirilməsi üçün böyük layihələr həyata keçirilir

Bakının 2040-cı ilədək dövrü əhatə edən Baş Planında da yeni yanaşmalar, müasir, rahat, sistemli şəhərsalma planları təsbit olunur və bu istiqamətdə işlər artıq həyata keçirilir. Bakı və ətrafındakı kənd və qəsəbələrin infrastrukturunun yaxşılaşdırılması, yaşayış massivlərinin yeni tələblərə uyğun salınması, təkmilləşdirilmiş nəqliyyat infrstrukturunun və sosial sistemlərin, həmçinin kommunal infrastruktun yenilənməsi çox böyük vəsaitlər tələb etsə də, hökumət bu sahədə ciddi işlər həyata keçirir.

Məsələ təkcə Bakı və Qarabağ bölgəsi ilə də bitmir. İri şəhərlərimizdə- Gəncə, Sumqayıt, Xırdalan, Mingəçevirdə, həmçinin kiçik şəhərlərdə də Baş Planlar hazırlanıb və bu yaşayış məntəqələrinin müasir və rahat yaşam sahələrinə çevrilməsi üçün işlər görülür.

Bütün bunların nəticəsində ölkəmizin şəhərləri, qəsəbələri, kəndləri öz simasını dəyişir və daha insanyönümlü yaşayış sahələrinə çevrilir. Şübhə yoxdur ki, yaxın 10-15 il ərzində bu sahədə görüləcək işlərin böyük hissəsi başa çatacaq və ümumilikdə ölkəmizin siması dəyişəcək. Azərbaycan dünyanın sağlam, ekoloji təmiz, rahat və sistemli yaşayış məntəqələrinin mövcud olduğu ən yaxşı ölkələrin cərgəsində olacaq. Bu isə əhalimizin daha sağlam və daha rahat yaşamasını təmin edəcək.

Elçin Bayramlı

Digər xəbərlər