PDF Oxu

Əsas

  • 1 999

Türk Dövlətləri Təşkilatı dünyanın yeni güc mərkəzinə çevriləcək – TƏHLİL

image

Prezident İlham Əliyev: Biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmazı, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyevi, Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini Nökərqulu Ataqulıyevi, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev son dərəcə vacib və maraqlı məqamlara toxunub. Azərbaycan liderinin çıxışından ən vacib məqamları nəzərdən keçirək və onun bugüngü qlobal situasiyada nə dərəcədə əhəmiyyətli olduğuna baxaq.

Dövlət başçısı Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafına böyük töhfə verdiyini qeyd edərək və bunu ölkəmizin xarici siyasətinin prioritet məsələlərdən biri olduğunu vurğulayıb.

“Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir. Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq”- deyə İlham Əliyev bildirib.

Azərbaycan lideri qeyd edib ki, bölgədə gedən proseslərə TDT-nin təsir imkanları artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatın rolu artmaqdadır: “Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq.

Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər. Çünki həm müzakirə edilməli məsələlər çoxdur, həm dünyada proseslər o qədər sürətlə gedir ki, daim biz məsləhətləşmələr aparmalı, bir-birimizin fikirlərini öyrənməli və düzgün qərarların qəbul edilməsi üçün ortaq addımlar atmalıyıq”.

Azərbaycan Prezidenti təşkilatın iqtisadi inteqrasiyası haqda da danışıb və Azərbaycanın təşkilat üzvü olan ölkələrlə iqtisadi əməkdaşlığı haqda bəzi mühüm məqamları qabardıb: “Bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq. Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır”.

Dövlət başçısı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə xüsusi minnətdarlığını bildirib. “Bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik”.

Dövlət başçısı bəyan edib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. “Ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır... Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır”- Prezident İlham Əliyev bildirib.

Göründüyü kimi, Azərbaycan lideri TDT-nin regional və qlobal nüfuzunun artdığını, təşkilat daxilində inteqrasiyanın və iqtisadi əməkdaşlığın gücləndiyini, sosial, mədəni, elmi və sair sahələrdə qarşılıqlı əlaqələrin getdikcə artdığını faktlarla ortaya qoyub. Azərbaycanın Türk dünyası ailəsinə mənsub olduğunu və bu məkanın bizim ümumi evimiz olduğunu vurğulayan dövlət başçısı qarşılıqlı əməkdaşlığın güclənməsinin təşkilatın qlobal miqyasda güc mərkəzinə çevrilməsi yolunda əsas addımlarn biri kimi qeyd edir.

Qeyd etmək lazımdır ki, Türk Dövlətləri Təşkilatı çox böyük və vacib bir coğrafiyanı əhatə edir və bu ölkələr böyük təbbi resurslara, strateji coğrafi mövqeyə və güclü inkişaf potensialına malikdir. Hazırda blokaşmanın getdiyi və qarşıdurmaların davam etdiyi bir dünyada yeni bir güc mərkəzinin ortaya çıxması türk dünyası üçün son dərəcə vacib və strateji məsələdir. Təşklilat üzvləri bir-birini həm siyasi, həm iqtisadi, həm hərbi sahələrdə dəstəkləməsi həm təşkilatın, həm də üzv dövlətlərin nüfuzunu artırır və onların birgə inkişafına xidmət edir.

Azərbaycan coğrafi olaraq Türk dünyasının mərkəzində yerləşir və bu qədim və böyük məkanın hər tərəfində rahat çıxış imkanlarına malikdir. Bu ölkələrin hər biri fərqli sahələrdə potensiala malikdir və bundan hamısının bəhrələnməsi üçün çalışıldıqda vahid bir məkan olaraq güc qazana bilərlər. Bu məkan qlobal nəqliyyat maşrtutlarının tam mərkəzində yerləşir- həm şərq-qərb, həm şimal-cənub nəqliyyat dəhlizlərinin qovşağıdır. Bu isə TDT-nin dünyanın bütün bölgələrinə rahat çıxışını təmin edir, iqtisadi əməkdaşlığın güclənməsi üçün imkanlar yaradır və siyasi arenada güc mərkəzinə çevrilməsi üçün potensiala malikdir.

Azərbaycan lideri məhz bu məqamlardan istifadə edərək TDT-nin dünyanın yeni güc mərkəzinə çevrilmək üzrə olduğunu vurğulayır və bu sahədə daha böyük potensialın mövcud olduğunu qeyd edir. İlham Əliyev bu məqsədlərin təkcə bu günlə deyil gələcəklə bağlı da böyük ümidlər vəd etdiyini qabardıb və bu ölkələrdə yetişən gənc nəslin bu amalda formalaşmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyevin bu uzaqgörən və strateji baxışları təşkilatda çox ciddi qəbul olunur və bu iqtiqamətdə artıq vacib işlər həyata keçirilir. Şübhə yoxdur ki, yaxın illərdə Türk Dövlətləri Təşkilatı dünyanın siyasi və iqtisadi cəhətdən əsas güc mərkəzlərindən biri kimi qəbul olunacaq və bu da üzv ölkələrin hər birinin qlobal nüfuzunun daha da güclənməsinə səbəb olacaq.

Elçin Bayramlı

Digər xəbərlər