Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilib. Tədbirdə TDT-nın Baş katibi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərləri və nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.
Türk xalqlarının ortaq milli-mənəvi, mədəni dəyərlərinin qorunması, müvafiq dövlət orqanları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə, qanunvericilik və idarəetmə sahələrində kadr hazırlığı üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Bununla yanaşı, türk xalqlarının ortaq dini-mədəni irsini əks etdirən abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun, İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə, eləcə də, məlumat mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunub.
Toplantının əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin institusional əsasda inkişafına və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Tədbiri açan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qonaqları Türk dünyasının mədəniyyət paytaxtı, Azərbaycanın şanlı Zəfərinin rəmzi olan Şuşada salamlamaqdan məmnunluğunu ifadə edib. Dövlət Komitəsinin sədri bildirib ki, bu tədbir Türk Dövlətləri Təşkilatı çərçivəsində dini məsələlər üzrə məsul dövlət qurumları arasında çoxtərəfli əməkdaşlığın institusional əsaslarını formalaşdırmaqla əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Ramin Məmmədov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bu gün regional sabitliyin və beynəlxalq əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. O, təşkilat daxilində qurumlararası koordinasiyanın gücləndirilməsində TDT Katibliyinin rolunun mühüm olduğunu bildirərək, dövlət başçılarının siyasi iradəsinin Türk dünyasının inteqrasiyasını keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini deyib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunda Türk dünyasının birliyinin möhkəmləndirilməsi strateji prioritetlərdən biridir və "Bizim bir ailəmiz var, o da Türk dünyasıdır" prinsipi bu əməkdaşlığın ideoloji əsasını təşkil edir.
Çıxışında müasir dövrdə dini radikalizm, ekstremizm, islamofobiya, dini zəmində nifrət çağırışları və ideoloji manipulyasiya cəhdlərinin dövlətlər qarşısında yeni çağırışlar yaratdığını bildirən Komitə sədri qeyd edib ki, bu təhdidlərə qarşı yalnız əlaqələndirilmiş fəaliyyət sayəsində effektiv mübarizə aparmaq mümkündür. O, Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin təqdirəlayiq nümunə olduğunu diqqətə çatdırıb. Ramin Məmmədov bildirib ki, Şuşada əsası qoyulan yeni platforma TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında əməkdaşlığın inkişafına, informasiya və təcrübə mübadiləsinin, ortaq dini-mənəvi dəyərlərin qorunması işinin sistemli şəkildə təşkilinə, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək. O, Azərbaycan İlahiyyat İnstitutunun potensialından istifadə etməklə üzv dövlətlərin dini təhsil müəssisələri arasında akademik əməkdaşlığın, birgə elmi tədqiqatların və mütəxəssis hazırlığının genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıdılmış dini-mədəni irsin bərpası, qorunması və bu ərazilərdə vaxtilə Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində türk dövlətlərinin əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O, tarixi Şuşa şəhərində keçirilən bu görüşün təşkilata üzv ölkələrin dini sahədə institusional əməkdaşlığının inkişafında yeni mərhələnin əsasını qoyacağını vurğulayıb. Baş katib qeyd edib ki, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər Türk dövlətləri arasında həmrəyliyin, eləcə də qarşılıqlı etimadın möhkəmlənməsinin əsas dayaqlarıdır. O, yaradılan yeni əməkdaşlıq formatının dövlət qurumları arasında təcrübə mübadiləsinin genişlənməsində mühüm rol oynayacağını vurğulayıb. Kubanıçbek Ömüralıyev müasir dövrdə dini ekstremizm, radikalizm və dözümsüzlük kimi çağırışlara qarşı birgə fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Təşkilata üzv ölkələrin zəngin elmi və mənəvi irsinin qorunmasının, eləcə də gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin ortaq vəzifələrdən olduğunu deyib. Baş katib Şuşada keçirilən görüşün Türk dünyasında birlik, həmrəylik və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk dünyasının zəngin elmi və mənəvi irsinin qorunmasının, gənc nəslin sağlam dini bilik, milli-mənəvi dəyərlər əsasında formalaşdırılmasının, eləcə də islamofobiya, dini radikalizm, həmçinin dezinformasiyaya qarşı birgə fəaliyyətin vacibliyini qeyd edib. Vurğulayıb ki, bu istiqamətdə ortaq mövqenin formalaşdırılması beynəlxalq platformalarda həqiqətlərin daha təsirli şəkildə çatdırılmasına və dini-mənəvi dəyərlərin müdafiəsinə mühüm töhfə verə bilər. O, dini təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin və ortaq elmi platformaların yaradılmasının gələcək nəsillər arasında həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Sədr dini sahədə peşəkar kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, elmi əlaqələrin möhkəmlənməsinə, ortaq mənəvi dəyərlərin təbliğinə və türk dövlətlərinin gənc nəsilləri arasında həmrəyliyin daha da güclənməsinə xidmət edən təşəbbüslərə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini məsələlər üzrə məsul qurum rəhbərlərinin ilk görüşünün keçirilməsini yüksək qiymətləndirərək, təşəbbüsə və qonaqpərvərliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, türk dövlətlərini ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayaraq, dini sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Rüstəm Əli bu sahədə profilaktik tədbirlərin gücləndirilməsi, süni intellekt imkanlarından istifadə, silahlı münaqişə zonalarından qayıdan şəxslərin reabilitasiyası və təcrübə mübadiləsinin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın əsas istiqamətləri kimi xarakterizə edib.
Qırğızıstan Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşibekov dini siyasət sahəsində koordinasiyanın gücləndirilməsi, ekspert və akademik əməkdaşlığın genişləndirilməsi, dini savadlılığın artırılması və tolerantlıq mədəniyyətinin təşviqinə yönəlmiş birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, gənclər arasında əlaqələrin inkişafının türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
Özbəkistanın Dini Məsələlər Komitəsinin sədri Sodik Toşboyev din, eləcə də dini təhsil sahəsində əməkdaşlığın hüquqi əsaslarının daha da gücləndirilməsi məqsədilə TDT-yə üzv dövlətlərin müvafiq qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradılması, dini təhsil müəssisələri arasında akademik mübadilənin genişləndirilməsi, ortaq elmi layihələrin həyata keçirilməsi və ziyarət turizminin inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb.
Görüş İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi kimi məsələlərin müzakirəsi ilə davam edib.
Sonda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.

Ümumiyyətlə, son dövrlərdə türk ölkələri arasında inteqrasiya prosesi sürətlənib. Mütamadi olaraq müxtəlif tədbirlər keçirilir, qarşılıqlı əməkdaşlıq haqda çox sayda sənədlər imzalanır. Şuşa görüşü isə xüsusilə faydalı olub. Azərbaycan bu istiqamətdə tədbirlərin daha çox keçirilməsi ilə türk dünyasının mərkəzi rolunda çıxış edir. Həm coğrafi olaraq, həm mədəni cəhətdən türk dünyasının mərkəzi sayılan ölkəmiz bu inteqrasiyanın aparıcı qüvvəsinə çevrilib. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun artması ilə yanaşı həm də qardaş xalqlar və ölkələrlə daha yaxın əlaqələrin formalaşmasına səbəb olur. Bütün bunlar Türk dünyasının bütün sahələrdə vahid güc mərkəzi kimi formalaşmasına xidmət edir.
Elçin Bayramlı