“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraqqarşıdakı 2 il ərzində bu sahədə irimiqyaslı işlər görüləcək, rəqəmsal hökumət sahəsində tək-tək layihələr deyil, sistemli islahat həyata keçiriləcək.
Vahid rəqəmsal dövlət ekosisteminin yaradılması, süni intellektin dövlət idarəçiliyinə tətbiqi, rəqəmsal şəxsiyyət və elektron imzanın genişləndirilməsi, məlumat mübadiləsinin gücləndirilməsi, kibertəhlükəsizliyin gücləndirilməsi, bulud texnologiyalarına keçid, rəqəmsal bacarıqların inkişafı – dövlət qulluqçularının və vətəndaşların rəqəmsal savadlılığının artırılması sahələrində inkişaf qarşıya qoyulan prioritetlərdəndir.
Dövlət qurumlarının portal və mobil tətbiqlərinin vahid rəqəmsal ekosistemə inteqrasiyası təkcə texniki dəyişiklik deyil, dövlət xidmətlərinin göstərilməsi modelinin dəyişməsidir. Dünyanın bir çox ölkəsində bu yanaşma "bir pəncərə" prinsipi kimi tətbiq edilir. Azərbaycanın ASAN XİDMƏT təcrübəsi göstərir ki, bu cür əlçatanlıq oflayn da olduqca əlverişlidir, vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.
Vahid rəqəmsal dövlət ekosisteminin yaradılması da vətəndaş üçün rahatlığı təmin edir. Bu sayədə müxtəlif dövlət xidmətləri üçün ayrı-ayrı tətbiq və saytlardan istifadə etmək əvəzinə, bir platforma vasitəsilə xidmət almaq mümkün olacaq, bir dəfə qeydiyyat olmaqla müxtəlif xidmətlərə çıxış təmin ediləcək.
Bu həm vaxta qənaətdir, həm eyni məlumatın müxtəlif qurumlara təkrar təqdim olunmasına ehtiyac azaldır. Tələb olunan sənədi, məlumatı dövlət qurumları vətəndaşdan deyil, vahid reyesterdə olduqları üçün bir-birindən əldə edə bilir. Beləcə, həm kağız sənədlər azalacaq, təbiətə faydalı olaca, həm bürokratiya aradan qalxacaq, müraciət dərhal sistemdə digər quruma çatacaq, sürətlilik təmin olacaq.
Bu həm də dövlət üçün xərclərin optimallaşdırılması deməkdir. Hər qurum ayrıca infrastruktur, texniki dəstək və proqram təminatı saxlamaq məcburiyyətində olmayacaq, bütün qurumlar ortaq platformadan istifadə edəcək. Bu, həm dövlət büdcəsinə, həm də texniki xidmət xərclərinə qənaət yaradacaq.
Bu sistemin faydalarından biri də vətəndaş haqqında məlumatın müxtəlif bazalarda təkrarlanmaması olacaq, beləcə çoxçeşidli məlumat uyğunsuzluğu və səhvlər azalacaq.O cümlədən, əgər bütün elektron xidmətlər birləşdirilərək vahid platforma yaradılarsa onun üzərində yeni elektron xidmətlərin hazırlanması daha asan və ucuz başa gəlir. Çünki baza birdir və yeni açılacaq xidmət onun tərkib hissəsi olacaq.
Dünyada rəqəmsal dövlət sahəsində Estoniya ən uğurlu nümunələrdən hesab olunur. Bu ölkədə dövlət qurumlarının böyük əksəriyyəti vahid məlumat mübadiləsi sistemi üzərindən işləyir. Vətəndaşlar yüzlərlə xidməti onlayn əldə edir və məlumatlar qurumlar arasında təhlükəsiz şəkildə paylaşılır. O cümlədən, Sinqapur dövlət xidmətlərini vahid rəqəmsal platformalarda birləşdirərək vətəndaşların bir mobil tətbiq vasitəsilə müxtəlif dövlət xidmətlərindən istifadə etməsini təmin edir.
Danimarka və Finlandiya da vahid rəqəmsal identifikasiya və dövlət xidmətləri platformaları sayəsində dünyanın ən rəqəmsallaşmış dövlətləri sırasında yer alırlar. Birləşmiş Ərəb Əmirlikləri isə vahid rəqəmsal şəxsiyyət sistemi vasitəsilə onlarla dövlət və özəl xidmətə giriş imkanı yaradıb.
Bu ölkələrdə vahid rəqəmsal sistemlərin uğuru yalnız inteqrasiya deyil, şəxsi məlumatların və kibertəhlükəsizliyin yüksək səviyyədə qorunması, müxtəlif dövlət qurumlarının informasiya sistemlərinin uyğunlaşdırılması, sistemin fasiləsiz işləməsi və etibarlılığı, rəqəmsal savadlılığın artırılması, internet və rəqəmsal xidmətlərə çıxışı məhdud olan vətəndaşlar üçün alternativ xidmət kanallarının saxlanılması kimi üstünlüklərdir.
Nəticə etibarilə, yaxşı qurulmuş vahid rəqəmsal ekosistem nəticəsində dövlət xidmətləri daha sürətli, daha rahat və daha səmərəli olur. Lakin bunun üçün güclü texniki infrastruktur, məlumatların mühafizəsi və qurumlar arasında koordinasiya əsas şərtlər hesab edilir ki, bu da yaxın iki əl ərzində reallaşdırılacaq.
Lalə Mehralı