PDF Oxu

Əsas

  • 1 842

Böyük Qayıdış: Qarabağın məskunlaşdırılması işləri necə aparılır? - TƏHLİL

image

Elçin Bayramlı

Böyük Qayıdış proqramı çərçivəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə ilk köç həyata keçirilib. Doğma yurdlarına qayıdan ailələr yeni inşa edilmiş fərdi yaşayış evləri ilə təmin olunub. Köç prosesi dövlətin işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, sosial infrastrukturun qurulması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir.

Böyük Qayıdış Proqramı genişmiqyaslı layihədir və onun uğurla həyata keçirilməsi üçün zaman, böyük maliyyə resursları və ciddi təşkilati iş tələb olunur. Hökumət prosesi sistemli şəkildə həyata keçirir. Köçürülmə tələsik aparılmır, çünki bu, sonradan əlavə sosial problemlər yarada bilər. İlk növbədə yaşayış evləri bərpa olunmalı, kommunal infrastruktur, yollar, məktəblər, xəstəxanalar, sosial-mədəni obyektlər, iş yerləri və istehsal müəssisələri yaradılmalıdır. İnsanları sadəcə köçürmək kifayət deyil. Onların məşğulluğu, səhiyyə, təhsil, su, qaz, elektrik, internet kimi əsas xidmətlərlə təminatı vacibdir.

Tamamilə dağıdılan rayonlarda şəhərlər və kəndlər sıfırdan qurulur. Müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məntəqələri salınır. Dağlıq ərazilərdə dağıntılar nisbətən az olsa da, burada da evlər təmir olunmalı, yeni infrastruktur qurulmalı, dövlət idarələri fəaliyyətə başlamalı, müəllimlər, həkimlər, mühəndislər və digər mütəxəssislər bölgəyə cəlb edilməlidir.

Bəli, Qarabağı mümkün qədər tez məskunlaşdırmalıyıq. Uzunmüddətli perspektivdə burada 1 milyona yaxın insanın yaşaması mümkündür. Bunun üçün zəngin təbiət, məhsuldar torpaqlar, bol su ehtiyatları və geniş turizm imkanları var. Sadəcə bütün yaşayış məntəqələri baş planlar əsasında sistemli şəkildə qurulmalıdır ki, sonradan problemlər yaranmasın. Yol infrastrukturu və nəqliyyat əlaqələrinin qurulması da xüsusi əhəmiyyət daşıyır. Qış aylarında bəzi ərazilərdə yollar bağlanır. Buna görə də, Laçında əlavə hava limanı tikilib ki, ekstremal hallarda hava nəqliyyatı ilə əlaqə saxlamaq mümkün olsun. Hazırda Qarabağın aran hissəsindəki şəhər və kəndlərlə bərabər, dağlıq hissəsi də- Laçın, Kəlbəcər, Ağdərə, Şuşa və digər yaşayış məntəqələrində yenidənqurma və sistemləşdirmə işləri davam edir.

Əsas məsələlərdən biri də köçürülən əhalinin məşğulluğunun təmin edilməsidir. Yüz minlərlə insanı köçürüb sonra onları işsiz qoymaq olmaz. Əks halda həmin insanlar orada yaşaya bilməz və bu, həm həmin vətəndaşlar üçün, həm də dövlət üçün əlavə yük olardı. Ona görə də, infrastrukturla yanaşı zavodlar, fabriklər, elektrik stansiyaları və digər istehsal müəssisələri yaradılmalıdır. Bunların hamısı böyük vəsait və zaman tələb edir.

Bu proqram dövlət büdcəsi, müxtəlif fondlar və xarici investisiyalar hesabına maliyyələşdirilir. Dövlət həm öz büdcəsindən, həm müxtəlif fondlardan, həm də xarici investorların vəsaiti hesabına bu prosesi sistemli şəkildə həyata keçirir. Artıq əsas işlərin böyük hissəsi görülüb. Lakin bəzi başqa problemlər var.

Bir çox ərazilərdə mina təmizlənməsi işləri davam edir. Təxminən 1 milyona yaxın mina basdırılmışdı. Ərazilər tam təhlükəsiz vəziyyətə gətirilmədən insanların köçürülməsi mümkün deyil. Minaların təmizlənməsi, kommunikasiya xətlərinin çəkilməsi, məktəblərin, uşaq bağçalarının və digər sosial obyektlərin hazır olması mərhələli şəkildə təmin edilir, bundan sonra köç həyata keçirilir.

Bütün bunlar baş plan əsasında sistemləşdirilməlidir. Bu işi tələsik görmək olmaz. Hesab edirəm ki, gələcəkdə köçkün olmayan vətəndaşlar üçün də Qarabağda yaşamaq və işləmək imkanları yaradılmalıdır. Yerli investorlar üçün güzəştlər tətbiq edilməli, yeni müəssisələrin açılması təşviq olunmalıdır. Vergi və kommunal xidmətlər sahəsində müəyyən güzəştlər də verilə bilər. 2030-cu ilə qədər əsas şəhər və kəndlərin bərpası başa çatacaq. Ondan sonra da proses davam edəcək, lakin artıq Qarabağın böyük iqtisadi potensialından tam istifadə etmək mümkün olacaq. Bölgədə iqtisadi aktivlik artacaq, məşğulluq genişlənəcək və ölkənin inkişafına mühüm töhfə veriləcək.

Xankəndi şəhəri təxminən 100 min nəfərlik şəhər potensialına malikdir. Burada rahatlıqla geniş məskunlaşma mümkündür. Yaxın illərdə bu bölgədə böyük dəyişikliklərin şahidi olacağıq.

Qarabağ Azərbaycanın ən perspektivli bölgələrindən biridir. Azərbaycanın su ehtiyatlarının təxminən 30 faizi münbit və məhsuldar torpaq fonduna malik Qarabağ bölgəsində yerləşir. Böyük turizm potensialı var. Bəzi sənaye sahələri üçün də yaxşı perspektiv var. Əminəm ki, tezliklə Qarabağ bölgəsi əhalinin sıx məskunlaşdığı, böyük iqtisadi göstəricələrə malik zonaya çevriləcək.

Digər xəbərlər