PDF Oxu

Əsas

  • 1 651

Prezident IV Şuşa Qlobal Media Forumunda hansı mesajları verdi?

image

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Qlobal informasiya mühitinin modernləşməsi, qabaqcıl texnologiyaların media sahəsində geniş tətbiqi, ümumilikdə rəqəmsallaşma prosesləri fonunda dünya üzrə yeni və dinamik media mühitinin formalaşmasına biganə qalmayan Azərbaycan dünyanın 54 ölkəsindən qəbul etdiyi 150 media subyekti və beynəlxalq təşkilatlardan olan 270 qonaqla artıq 4-cü Şuşa Qlobal Media Forumunun ilk gününü başa vurdu.

Müasir media mühitində müşahidə edilən tendensiyaların geniş spektrdan təhlili, sərhədlərarası media dialoqu və ictimai diskurs imkanlarını genişləndirərək qarşılıqlı etimadın möhkəmləndirilməsi, dezinformasiyaya qarşı koordinasiyalı reaksiyaların effektivliyinin artırılması, narrativlərin formalaşmasında medianın məsuliyyəti və süni intellekt dövründə etik çərçivələrə dair məsələlərin müzakirəsi üçün təşkil edilən qlobal forumun açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib və Forum iştirakçılarının suallarını cavablandırıb.

O çıxışında bildirib ki, Azərbaycan dünyanın o ölkələrindəndir ki, burada inanılmaz birlik var və biz ancaq özümüzə və dövlətimizə güvənirik. Birliyimizin heç vaxt sarsılmamasından bəhs edən İlham Əliyev bildirib ki, bu gün dünyada Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənzərə tapmaq çətindir. Dövlətimizin başçısı dünyanın dəyişdiyini, yeni təhdid və təxribatların ortaya çıxdığını bildirərək, Azərbaycana qarşı olan qüvvələrin heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklərini vurğulayıb. Həmçinin hüquqlarımızın, milli kimliyimizin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi naminə bu mübarizənin daimi xarakter daşımalı olduğunu qeyd edib.

Prezident İlham Əliyev Forumun keçirilmə məqsədindən də danışıb: "Tədbirin keçirilməsində ideya dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran məsələlər haqqında danışmaq, Qarabağla, Şuşa ilə tanış olmaq və bu kimi digər məqsədlərə xidmət etməkdən ibarət idi. Əminəm ki, buraya gəlmiş qonaqlar Qarabağın inkişafını, yenidən qurulmasını görürlər”.

O bildirib ki, bu gün dövlətimizin əsas gündəliyi dayanıqlı inkişafın təmin edilməsi, Qarabağın bərpası, yenidən qurulması, layihələrimizin yekunlaşdırılmasıdır ki, onların nəticəsində yeni nəqliyyat marşrutları yaradılacaq. Dövlətimizin başçısı əlavə edib ki, bizim gündəliyimizdə, həmçinin rəqəmsal transformasiya və süni intellektin inkişafı məsələləri də yer alır.

Ölkə başçısı daha sonra dövlətimizin dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlığından, çoxtərəfli əməkdaşlıq üçün platforma qurmağın tərəfdarı olmağımızdan, həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimizin yaxşı olmasından, habelə Zəngəzur dəhlizi ilə bağlı vacib məqamlardan bəhs edib. O bildirib ki, istər Mərkəzi Asiya və Gürcüstan, istərsə də Türkiyə və Avropa ilə əlaqələrimiz yaxşıdır: "Bütün bunları bir araya gətirmək üçün, əlbəttə, bir çox addımları atmalı idik ki, dəhlizlər faydalı olsun".

Prezident qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlib, qonşu dövlətlərin narahatlıq doğuran məsələlərinin həllinə çalışıb: “Təbii ki, bu baxımdan Şuşada keçirilən media forumundakı bu mühiti, həmçinin bir çox beynəlxalq iştirakçılar arasında da yaratmağa çalışırıq".

Dövlətimizin başçısı çıxışında 16 ölkəyə qaz boru kəmərləri ilə qaz nəql etməmiz barədə də danışıb: "Bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqları aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı bizə müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırılabilən mənbədir və 10 il bundan əvvəl ilə müqayisə etsək, rolumuz daha vacibdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

İlham Əliyev daha sonra qardaş Türkiyə dövləti ilə bağlı da danışıb: "Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın. Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük”.

lham Əliyev dünyada cərəyan edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini də bölüşüb. Dövlətimizin başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib: “Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın mövqeyidir, bu, mənim insani mövqeyimdir”.

Azərbaycanın Avropa Komissiyasından və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən, ABŞ, Yaponiya, Çin, Özbəkistan, Pakistan kimi ölkələrlə olan əməkdaşlıq və dostluq münasibətlərindən danışan İlham Əliyev islam ölkələrin in həmrəyliyi məsələsində də fikir bildirib: "Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilib. Təəssüf ki, bu gün biz o qədər də böyük islam həmrəyliyi görmürük. Gərginlik artmaqdadır, qarşılıqlı ittihamlar səslənir”.

Prezident İlham Əliyev çıxışı zamanı İran-ABŞ münaqişəsindən də danışıb və qonşu ölkələrə səslənib: “Mən buradan qonşularımıza səslənirəm ki, məsuliyyətli olun, buna tezliklə son qoyun və çalışın tezliklə münasibətləri normallaşdırasınız. Bu proses eskalasiyaya, qlobal münaqişəyə çevrilə bilməz. Bu, çox böyük bir təhlükədir”. Prezident İlham Əliyev, həmçinin Pakistandan olan dostlarımızın vasitəçiliyi nəticəsində bu qarşıdurmaya son qoyulacağına ümidvar olduğunu deyib.

Forum daha sonra “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda panel müzakirəsi, müxtəlif ölkələrin nümayəndələri, təşkilatları ilə keçirilən qarşılıqlı görüşlərlə davam edib. IV Şuşa Qlobal Media Forumu iyulun 14-də də öz işini davam etdirəcək.

Lalə Mehralı

Digər xəbərlər