PDF Oxu

Əsas

  • 1 179

Azərbaycan-Türkiyə: dünyada ikinci belə qardaşlıq yoxdur

image

İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə bağlı bir çox məsələyə fikir bildirib. İlham Əliyev qardaş Türkiyə dövləti ilə bağlı da danışıb. O çıxışında Türkiyə və Azərbaycan əhalisi arasında olan qarşlıqlı hörmət və bağlılıqdan bəhs edərkən belə deyib: “Dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki ölkə Azərbaycan və Türkiyədir. Əməkdaşlığın səviyyəsinə, siyasi, iqtisadi, enerji, bağlantılar, insanlar arasında olan münasibətlərə nəzər salın. Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin, bir-biri ilə bu qədər dostluq etsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük”.

Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmaz bağla bağlanması artıq bütün dünyaya məlumdur. Bir-birini bütün beynəlxalq arenalarda müdafiə edən qardaş ölkələr təkcə siyasi deyil, həm də mənəvi, tarixi və milli bağlarla möhkəm bağlanıb. Bu da dövlətlərarası münasibətlərin bütün istiqamətlərində qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Azərbaycan və Türkiyəni əsrlərə söykənən ortaq tarix, eyni dil kökü, mədəni irs və mənəvi dəyərlər kimi bir çox amil birləşdirir. Bu ortaq bağlar xalqlar arasında qarşılıqlı anlaşmanı və yaxınlığı daha da gücləndirir, dövlətlərarası münasibətlərin möhkəm təməli də məhz bu ortaq dəyərlər üzərində qurulub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında əməkdaşlıq sürətlə genişlənib. Əvvəlcə dostluq münasibətləri qurulub, daha sonra strateji tərəfdaşlıq, sonrakı mərhələdə isə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu inkişaf qarşılıqlı etimadın və ortaq maraqların nəticəsidir.

Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” devizini rəhbər tutaraq qardaş ölkə ilə bütün münasiblətləri ən üst səviyyədə qoruyan Prezident İlham Əliyev bütün dünyaya bundan əvvəl də iki dövlətin bir-biri ilə möhkəm bağlı olduğunu dəfələrlə nümayiş etdirib. 2014-cü ildə Praqada Türkiyənin iştirak etmədiyi dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə Türkiyə əleyhinə səslənən fikirlərə qarşı dediyi “Türkiyə burada yoxdursa, mən buradayam” ifadəsi bu gün də hər iki ölkə siyasətçilərinin tez-tez yada saldığı tarixi cümlədir.

Ümumiyyətlə, Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda bir-birinin milli maraqlarını ardıcıl şəkildə müdafiə edir. Hər iki dövlət suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqe nümayiş etdirir. Bu qarşılıqlı dəstək dövlətlərimizin xarici siyasət əməkdaşlığının mühüm istiqamətlərindən biridir və beynəlxalq siyasi arenada bu hörmət göstərilən, dəyər verilən bir güc birliyidir.

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin tarixi münasibətlərində yeni mərhələ açdı. Sənəd iki ölkə arasında siyasi, hərbi, iqtisadi və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tuturdu, müttəfiqlik münasibətlərinin hüquqi əsasını möhkəmləndirdi.

İkinci Qarabağ Müharibəsində Türkiyənin Azərbaycana olan mənəvi dəstəyi, ölkəmizin haqlı mübarizəsini qətiyyətlə müdafiə edərək göstərdiyi siyasi dəstəyi Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı. Türkiyədəki dəhşətli zəlzələ zamanı Azərbaycanın ilk yardıma getməsi, humanitar yardım göstərilməsi, xilasedicilərin göndərilməsi və geniş dəstək kampaniyaları iki xalqın həmrəyliyini nümayiş etdirməsi, bütün gücü ilə dağıntılar bölgəsində qardaş dəstəyi göstərməsi əsrlər sonra da unudulmayacaq.

Ölkələrimiz arasında hərbi əməkdaşlıq da son illər daha da güclənib, birgə hərbi təlimlər, müdafiə sənayesi layihələri və təhlükəsizlik sahəsində təcrübə mübadiləsi hər iki dövlətin ordusunun peşəkarlığını artırmağa xidmət edir. Bu əməkdaşlıq regionda sabitliyin qorunmasında ən mühim faktordur, Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verir. Birgə layihələr regionun iqtisadi inkişafını sürətləndirir və əməkdaşlıq mühitini gücləndirir. Bu münasibətlər regional təhlükəsizlik üçün də mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Türkiyə rəhbərləri arasında qarşılıqlı etimad və səmimi münasibətlər dövlətlərarası əməkdaşlığın hər istiqamətdən inkişafına müsbət təsir göstərir. Ölkə prezidenti IV Qlobal Media Forumunda “dünyada iki ölkənin bir-biri ilə bu qədər yaxın münasibətdə olması kimi ikinci hal yoxdur” deməsi Azərbaycan-Türkiyə münasibətlərinin qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanmasını ifadə edirdi. İndi bütün dünya bu modeli beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlığın uğurlu nümunələrindən biri kimi qəbul edir.

Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənəcəyi, gələcəkdəki münasibətlərin hər iki ölkənin sabitliyinə, suverenliyinə xidmət edəcəyi bəllidir. Xüsusilə qarşıdakı illərdə yaşıl enerji, rəqəmsal iqtisadiyyat, süni intellekt, innovasiya və yüksək texnologiyalar sahəsində birgə layihələr böyük potensiala malik ola bilər. Bu əməkdaşlığın iki ölkənin rəqabət qabiliyyətini artırmaqla yanaşı, regionun inkişafına da mühüm töhfə verəcəyi bəllidir.

Lalə Mehralı

Digər xəbərlər