“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda çox mühüm məsələlər müzakirə olunub və maraqlı fikirlər səsləndirilib.
Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çox mühüm mesajlar verib. Onlardan biri də rəqəmsal texnologiyalar, yaşıl enerji və süni intellekt sistemləridir. Prezident bununla bağlı deyib: "Gündəliyimizin əsas istiqamətlərindən biri də rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Bu yaxınlarda mən həmin məsələlərin əlaqələndirilməsi məqsədilə xüsusi Sərəncam imzaladım və bununla da bu sahə üzrə müvafiq komissiya, birgə işçi qrup, yəni vahid şura yaradıldı. Şübhəsiz ki, enerji təhlükəsizliyi bundan sonra da qlobal gündəliyin əsas mövzularından biri olaraq qalacaq.
Ölkəmizdə bu sahədə artıq böyük işlər görülüb və işlər yekunlaşıb. Lakin qeyd etdiyim kimi, həm ənənəvi enerji resurslarımıza, həm də bərpaolunan enerji mənbələrinə tələbat artmaqda davam edəcək. Bizim bərpaolunan enerji sahəsində çox böyük potensialımız var. Təkcə Qarabağda ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları artıq istifadəyə verilib. Bundan əlavə, növbəti bir il ərzində 340 meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi də başa çatdırılacaq. Buna görə, elektrik enerjisinin Avropa bazarına ixracı gündəliyimizin əsas istiqamətlərindən biridir. Çünki Avropa bazarının əlavə enerji resurslarına ehtiyacı var və bizim əlavə imkanlarımız var.
Əlbəttə, gündəlik fəaliyyətimizin mühüm istiqamətlərindən biri də ölkəmizin beynəlxalq səviyyədə tanıdılmasıdır. Bu işi fasiləsiz şəkildə davam etdirməli, qazandığımız nailiyyətləri, qarşımızda duran çağırışları və həyata keçirdiyimiz işləri dünya ictimaiyyətinə təqdim etməliyik.
Mövcud şəraitdə isə yəqin ki, bir nömrəli prioritet təhlükəsizlik və müdafiə qabiliyyətinin daha da gücləndirilməsidir. Çünki təhlükəsizlik məsələləri və təhdidlər bizim region üçün kitablardan oxuduğumuz anlayışlar deyil- biz bu reallıqla hər gün üz-üzəyik.
Beləliklə, gündəliyimiz kifayət qədər genişdir. Bunu bir cümlə ilə ifadə etməli olsam, deyərdim ki, əsas məqsədimiz müdafiə potensialımızı gücləndirmək, milli maraqlarımızı qorumaq və mümkün qədər çox ölkə ilə praktik və səmərəli əməkdaşlıq münasibətləri qurmaqdır".

Dövlət başçısı bu sahələrdə Çinlə əməkdaşlığa da toxunub: "Azərbaycanda Günəş enerjisinin inkişafı üzrə çoxsaylı layihələr həyata keçirilir. Çin şirkətləri bu sektora yalnız bu yaxınlarda investisiya qoymağa başlasalar da, Çindən kənar şirkətlərlə müqavilələr çərçivəsində Azərbaycanda quraşdırılan bütün Günəş panelləri Çin mənşəlidir. Bu o deməkdir ki, investordan asılı olmayaraq, Azərbaycanda gördüyünüz istənilən Günəş paneli Çində istehsal olunur. Belə olan halda, heç bir başqa ölkə qiymət və keyfiyyət baxımından Çin istehsalçıları ilə rəqabət apara bilməz. Yəqin təsadüfi deyil ki, hazırda Çin şirkəti tərəfindən Azərbaycanda işləyəcək və ixrac ediləcək Günəş paneli zavodunun tikintisi üçün böyük bir investisiya layihəsi həyata keçirilir.
İkitərəfli əməkdaşlığın ən son mühüm hadisələrindən biri kimi, hazırda şəhərdə gördüyümüz BYD elektrik avtobuslarının birgə istehsalını da qeyd edərdim. Bizdə avtobuslar üçün iki rəng var: elektrik avtobusları üçün yaşıl, ənənəvi avtobuslar üçün isə qırmızı. Nə qədər çox yaşıl avtobusumuz olsa, bir o qədər yaxşıdır.
Beləliklə, çoxlu sayda layihə var. Münasibətlərimizin inkişaf istiqamətindən çox məmnunuq və həmçinin idarəetmə səviyyəsində siyasi qərarların qəbul edilməsindən tutmuş konkret layihələrin həyata keçirilməsinə qədər olan vaxtın çox qısa olmasına sevinirik. Belə olan halda, bu, Çin şirkətlərini bir çox digərlərindən fərqləndirir, bəziləri ilə aylarla, bəlkə də illərlə danışıqlar aparmalı oluruq və nəticədə istehsalın qurulması prosesi uzanır. Bu halda hər şey tam olaraq cədvələ uyğun gedir, ona görə də həm mən, həm də Çin şirkətləri ilə əməkdaşlıq edən bütün xidmətlər çox məmnunuq".
İlham Əliyev Xəzər dənizinin dibi ilə çəkiləcək kommunikasiya xətlərinə də toxunub: "2024-cü ildə Qazaxıstan və Özbəkistan prezidentləri ilə Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsinə dair Bakıda müqavilə imzaladıq. Artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Bununla yanaşı, Qazaxıstanla Azərbaycanı, həmçinin geniş coğrafi ərazini birləşdirəcək və rəqəmsallaşma, süni intellekt, verilənlər bazaları və sairə ilə bağlı proseslərin inkişafında mühüm rol oynayacaq fiber-optik kabelin tikintisi üzərində ikitərəfli əməkdaşlıq edirik".
Göründüyü kimi, Azərbaycan müasir informasiya və kommunikasiya texnologiyalarına, həmçinin süni intellekt və yaşıl energetika sahələrinə yaşıl işıq yandırıb. Bu sahələrdə müxtəlif ölkələrdə əməkdaşlıq gücləndirilir, yeni texnologiyalar hazırlanır, müəssisələr tikilir. Xüsusən də Qarabağ bölgəsində yaşıl texnologiyalar geniş miqyasda tətbiq olunur.
Şuşa Forumunda Azərbaycanın bu təcrübəsi və həyata keçirdiyi yeniliklər xarici qonaqlar tərəfindən təqdir olundu və nümunə kimi göstərildi. 21-ci əsr tamamilə elektron texnologiyalar və yaşıq iqtisadiyyat erasıdır. Bu dövrdə bu sahələrə diqqət yetirməyən ölkələr çətin vəziyyətdə qalacaq. Böyük ənənəvi enerji ehtiyatlarına malik Azərbaycan yaşıl enerji sektoruna və rəqəmsal texnologiyalara daha çox diqqət ayırır. Bu da öz bəhrəsini verir və verəcək. Bütün bu işlər gələcəyin dünyasında Azərbaycanın layiqli yerini iniddən müəyyən edir. Prezident İlham Əliyevin bu sahədə qətiyyətli fəaliyyəti bunu təmin edir.
Elçin Bayramlı