PDF Oxu

Əsas

  • 16

Azərbaycan qlobal böhran şəraitində də inkişaf edəcək

Azərbaycan qlobal böhran şəraitində də inkişaf edəcək
SİA-nın məlumatına görə, bu proqnozla "The Economist" jurnalı çıxış edib. Jurnalda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 9,5%-ə çatacağını da proqnozlaşdırıb. The Economist" ayrı-ayrılıqda ÜDM-in sürətlə və yavaş artdığı 20 ölkənin reytinq cədvəlini tərtib edib. Jurnalın məlumatlarına görə, ÜDM-in aktiv artımı Qətər (24,5%) və Türkmənistanda (11%) müşahidə olunur. Bu sahədə daha pis vəziyyət özünü Litva (3,5%), Venesuela (3,4%) və Puerto-Rikoda (3%) göstərir.
Bu, Azərbaycanın sürətli inkişafının beynəlxalq miqyasda təsdiqi ilə bağlı yeganə sənəd deyil. Bir neçə gün öncə, MDB Dövlətlərarası Statistika Komitəsi ümumi daxili məhsula (ÜDM) və sənaye məhsulu istehsalına dair on aylıq göstəriciləri açıqlayıb. Yanvar-oktyabrda ÜDM üzrə ən yüksək göstərici- 8,3 faizlə Azərbaycanda qeydə alınıb. Sonrakı yerləri Özbəkistan (8 faiz), Qırğızıstan (3,2 faiz) və Tacikistan (2,9 faiz) tutur. Ümumiyyətlə isə, on ayda MDB ölkələri üzrə ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz aşağı düşüb. Bu sahədə 17,5 faizlə Ermənistan "liderdir".
Hesabat dövründə Ukraynada ÜDM 15,9 faiz, Rusiyada 9,6 faiz azalıb. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, sənaye məhsulları istehsalında artım əldə edib. Belə ki, yanvar-oktyabrda respublikada sənaye məhsulları istehsalının artımı 2008-ci ilin eyni dövründəkindən 7, 4 faiz çox olub. Həmin müddətdə sənaye məhsulları istehsalı Moldovada 24,1 faiz, Qırğızıstanda 13,9 faiz, Rusiyada 13,3 faiz, Ermənistanda 11,4 faiz, Tacikistanda 8,6 faiz, Belorusda 4,5 faiz, Qazaxıstanda 0,2 faiz aşağı düşüb.
Azərbaycanda ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 5 min dollara çatıb və bu da özünü əhalinin yaşayış səviyyəsinin yüksəlməsində göstərir. Qeyd edək ki, 2004-cü ildə bu rəqəm 1000 dollara yaxın, 2005-ci ildə 1200 dollar olub. Yəni 5 il öncəyə görə, bu göstərici 5 dəfə artıb. Bu dünyada analoqu olmayan artım tempidir.
Sənaye, nəqliyyat, rabitə və tikinti sahələrində artım müşahidə olunur. Amma bunu kənd təsərrüfatı haqqında demək olmaz. ÜDM-in sürətli artımının, əsasən, neft və qaz sektorunun hesabına baş verməsini qeyd etməklə yanaşı, vurğulamalıyıq ki, artıq ölkə iqtisadiyyatında özəl bölmənin payı 85 faizə çatıb.
Azərbaycanda son illər milli gəlir ildə orta hesabla 20-25% artır. Bu artım templəri isə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizlə bağlı verdiyi proqnozlara uyğundur. Bununla belə, Azərbaycan bu nəticələrə yalnız neft-qaz hasilatının sürətli artımı hesabına nail olmur, qeyri-neft sektorunda inkişaf tempi ümumi inkişaf templərindən xeyli çoxdur.
Neft gəlirlərindən səmərəli istifadə olunduğundan əhalinin yaşayış səviyyəsi də ÜDM-nin artım tempinə uyğun yaxşılaşır. Əgər əhali öz yaşayışında yaxşılaşma hiss edirsə, gəlirlər artırsa, bu, artıq sosial problemlərin həll edilməsi deməkdir. ÜDM-in səviyyəsi artdıqca, paralel olaraq, ölkədə qiymətlər ucuzlaşır, əhalinin alıcılıq səviyyəsi yüksəlir, yoxsulluq səviyyəsi azalır.
"Əsrin müqaviləsi" və digər neft müqavilələri çərçivəsində görülən işlər nəticəsində Azərbaycanda neft hasilatı bu ilin sonunadək 50 milyon tona çatacaq. Qeyri-neft sektorunda sahibkarlığın formalaşması nəticəsində iqtisadiyyatda özəl bölmənin rolu artır. Bu isə, ondan xəbər verir ki, Azərbaycanda neft amilindən səmərəli istifadə olunur. Azərbaycanın neft gəlirlərindən səmərəli istifadə nəticəsində yaxın 5 il ərzində ölkədə yoxsulluğun tamamilə ləğvinə nail olmaq mümkündür. Bəli, bu gün ölkəmiz təkcə iqtisadi sahədə deyil, ümumiyyətlə, bütün sahələrdə sürətli inkişaf edir. Ümumi istehsalda qeyri-neft sektorunun payının getdikcə artması bu inkişafın davamlı olacağını göstərir.
Nəzərə alsaq ki, ölkədə həyata keçirilən beynəlxalq enerji layihələri hələ tam gücü ilə işə düşməyib, onda Azərbaycanın gəlirlərinin və iqtisadiyyatın istehsal qabiliyyətinin ilbəil artmasını proqnozlaşdırmaq olar. Ölkə iqtisadiyyatına 40 milyard dollara yaxın vəsaitin yatırılması və yaxın illərdə bunun müsbət nəticələrinin özünü büruzə verəcəyi şübhəsizdir. Bu da, onu göstərir ki, Azərbaycanda ÜDM-in artım sürəti hələ uzun müddət dünyanın ümumi göstəricilərindən çox olacaq.
Qeyri-neft sektorunun inkişafı dövlətin dörd zəruri sahəyə diqqət ayırması ilə həyata keçirilir. Bunlar kənd təsərrüfatı, sənaye, turizm və insan kapitalı ilə bağlı sahələrdir. Bu dörd amildən yetərincə istifadə olunduqca inkişaf daha yüksək olacaq. Bunun üçün ölkəmizdə böyük imkanlar da var. Azərbaycanı bu növ məhsulların ixracatçısı ölkəsinə də çevirə bilər. Sənaye, nəqliyyat və turizm sektorunun inkişafı üçün də böyük imkanlar var.
Bütün bunlar onu göstərir ki, Azərbaycandakı mövcud iflyasiya tempi əhali üçün problem yarada bilməz. Hətta bu tempin artması belə ölkə üçün çətinlik törətməz. Bu ilin büdcəsində sosial ayırmaların xeyli artması əhalinin gəlirlərinin bu tempi xeyli üstələyəcəyini göstərir.
Ölkədə iqtisadi sabitliyin təmin olunması nəticəsində Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artır və hazırda bu göstərici 20 mlrd. dollara çatmaq üzrədir. Bu valyuta ehtiyatlarımız effektli idarə olunur. Qeyri-neft sektoruna investisiya yatırımı artır, dövlətin aqrar sahəyə maliyyə yardımları çoxalır.
Artıq ölkədə, nəinki inflyasiyanın artımı müşahidə olunmur, hətta deflyasiya baş verir. Son aylarda dollar manat qarşısında öz dəyərini əhəmiyyətli şəkildə itirib. Əksər ölkələrdə milli valyutanın dəyərdən düşməsi fonunda Azərbaycanda manat sabitdir.
Beləliklə, bütün bunlar hökumətin ölkənin maliyyə ehtiyatlarını effektiv idarə etməsindən xəbər verir. Ölkənin gəlirlərinin istehsal sahələrinə, qeyri-neft sektorunun inkişafına yatırılması daha yüksək nəticələr verə bilər.

Digər xəbərlər