PDF Oxu

Əsas

  • 25

“Erməni terroru: faktlar və sənədlər”

“Erməni terroru: faktlar və sənədlər”

Dünən "Səs" qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunda qeydə alınan layihəyə əsasən, "Erməni terroru: faktlar və sənədlər" mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masaya ekspert kimi müstəqil politoloq Elşad Mirbəşiroğlu dəvət edilmişdir. Müzakirələrdə "Səs", "AzərTac" informasiya agentliklərinin, "Olaylar", "Ekspress", "Azad Azərbaycan", "İki sahil", "Yeni Azərbaycan", "Şərq" və "Həftə içi" qəzetlərinin əməkdaşları iştirak ediblər.

"Səs" qəzetinin əməkdaşı:

- Bildiyimiz kimi, tarixin müxtəlif dönəmlərində ermənilər Azərbaycan dövlətinə, eləcə də, türklərə qarşı müxtəlif yollarla soyqırım siyasəti həyata keçirərək, təcavüzkar siyasətlərini yürütmüşlər. Tarixə istinad edərkən, görürük ki, 1905-1907-ci, 1918-1920-ci illərdə, ümumilikdə, 2 milyona yaxın azərbaycanlı qətlə yetirilmiş, yüzlərlə yaşayış məntəqələri dağıdılmış, insanlara mənəvi və maddi zərbələr vurulmuşdur. Müxtəlif tədqiqatçıların, tarixçilərin araşdırmalarında bu faktlara təsadüf olunur. "Səs" qəzeti olaraq, bu istiqamətdə biz də araşdırmalar aparmış və 1918-ci ildə yaradılan Demokratik Cümhuriyyətin sənədlərini də nəzərdən keçirmişik. Gerçəkliklərdən bizə məlum olur ki, mart qırğınlarının törədilməsində o dövrün hakimiyyətinin xüsusi rolu olmuşdur. Şaumyanın Vladimir İliç Lenin tərəfindən Zaqafqaziyaya fövqəladə komissar təyin edilməsi bu hadisələrin daha geniş miqyasda vüsətini genişləndirmişdir. Bu baxımdan, Naxçıvanda, Gəncədə, Qubada, İrəvanda və azərbaycanlılara məxsus olan digər yaşayış məntəqələrində qırğınlar törədilmişdir. Təkcə Naxçıvanda 125 kənd dağıdılmış, 50 min nəfər insan qaçqın düşmüş, 45 min insan qətlə yetirilmişdir. Şamaxıda cümə məscidi daxil olmaqla, tarixi abidələr dağıdılmış, 8 minə yaxın insan qətlə yetirilmişdir. Tarixin sonrakı mərhələlərində 1948-1952-ci illərdə də azərbaycanlılar ermənilərin qətlinin qurbanına çevrilmişlər. 1943-cü ildə İranda keçirilən Tehran konfransında İranla SSRİ arasındakı münasibətlər müzakirə olunan zaman oradakı İran fəalları SSRİ xarici işlər naziri V.Molotova müraciət edərək, İrandakı ermənilərin SSRİ-yə köçürülməsini xahiş etmişlər. Nəticədə Stalin bu müraciətin gerçəkləşməsinə öz imzasını atmışdır. O zamankı Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Artunov bu məsələdən maraqları üçün istifadə etməklə, ermənilərin Azərbaycana köçürülməsi prosesinə köməklik göstərmişdir. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Komitəsinin toplantısında Ermənistan əhalisinin və azərbaycanlıların Kür-Araz ərazisinə köçürülməsi ilə bağlı tapşırıqlar verilmişdir. Bütün bunları nəzərdən keçirməkdə məqsəd Ermənistanın soyqırım siyasətini həyata keçirmək üçün yollar axtarmasını və özlərinin Azərbaycan torpağında məskunlaşmasına nail olmasını göstərməkdir. Yaxşı olardı ki, bir politoloq kimi, Elşad Mirbəşiroğlu bu tarixi faktların sənədlər əsasında oxuculara çatdırılmasında öz fikirlərini bildirsin.

"ERMƏNİ TERRORİZMİNİ MÜƏYYƏNLƏŞDİRMƏKƏ HEÇ BİR ÇƏTİNLİK MÖVCUD DEYİL"

Elşad Mirbəşiroğlu:

- "Səs" qəzeti redaksiyasına "Erməni terroru: faktlar və sənədlər" mövzusunda dəyirmi masa təşkil etdiyinə görə, öz minnətdarlığımı bildirirəm. Bu məsələ, bütövlükdə, xalqımızın diqqətində olan bir mövzudur. Artıq bir əsrdir ki, Azərbaycan erməni terrorunun hədəfinə çevrilmiş bir dövlətdir. Təbii ki, bunun da müəyyən səbəbləri var. Bizim xalqın keyfiyyətləri sırasında inam hissi mövcuddur. Bunun nəticəsində hər dəfə erməni terrorçularının törətdikləri hadisələri bir təsadüf olaraq qəbul etmişik. Bu baxımdan da, dəfələrlə mövcud hadisələrin hədəfi olmuşuq. Belə mövzular ətrafında müzakirələr aparılmasının aktuallığı onunla izah olunur ki, cəmiyyət bir daha erməni xislətinin mahiyyətini daha dərindən dərk edir. Məhz bu baxımdan da dünyanın bütün tədqiqatçıları da eyni mövqedən çıxış edirlər ki, qloballaşmanın, ümumiyyətlə, bəşər cəmiyyəti qarşısında yaratmış olduğu ən böyük təsirlərindən biri də transmilli cinayətkarlığın və terrorizmin geniş vüsət almasıdır. Buna baxmayaraq, qloballaşma özü-özlüyündə müsbət hal kimi xarakterizə edilir. Yəni ki, vahid bir dünya cəmiyyətinin yaradılması, dəyərlərin yaxınlaşdırılması, kapitalın sərbəst axını, sərbəst iqtisadi zonaların yaradılması müsbət tərəflər kimi qiymətləndirilir. Eyni zamanda, qloballaşma, bununla yanaşı, insan cəmiyyəti qarşısında kəskin problemlər də qoyur. Bunlardanda ən başlıcası bu gün bizim müzakirə etmiş olduğumuz terrorizm məsələsidir. Onu da qeyd edim ki, terrorizm problemi yeni bir problem deyil. Yəni ki, bunu XIX-XX əsrin problemi kimi qiymətləndirmək düzgün deyil. Çünki məsələnin əsas mahiyyətini dərk etmək üçün elə terrorizmə qısaca bir nəzər salmaq kifayətdir. Terrorizmin kökləri lap qədim zamanlara qədər gedib çıxır. Tarixdən hamımıza məlum olduğu kimi, Roma imperatoru Qay Yuli Sezara qarşı sui-qəsd faktı və digər qədim dövrələrdə dövlətlərin imperatorlarının qətlə yetirilməsi terror hadisəsi idi. Doğrudur, o zamanlar bunu terrorizm və terakt kimi nəzərə almırdılar. Sonralar terrorizm məfhumuna dəqiqlik gətirdikdən sonra, müasir dövrdə bizlər onu terror hadisəsi kimi nəzərdə keçirməyə başladıq.

"TERRORİZM ANLAYIŞININ 109-DAN ÇOX İZAHI VAR"

Onu da nəzərə çatdırım ki, terrorizmin mahiyyətinə dair 109-a qədər yanaşma mövcuddur. Konkret olaraq, hansı hadisəni terakt kimi, hansını terrorizm kimi qəbul etmək düzgündür? Bu barədə ortaq bir mövqe mövcud deyil. Məhz problemə gərginlik, mürəkkəblik gətirən məsələ də bundan ibarətdir. Terrorizm probleminin çox məşhur tədqiqatçısı olan İordonov bildirir ki, terrorizm anlayışının 109-dan çox izahı var. Bu izahlarda terrorizmə ən müxtəlif prizmalardan yanaşılır. Əksər yanaşmalarda anlaşılmazlıq onunla bağlıdır ki, subyektiv prizmadan çıxış edirlər. Məsələn, konkret bir müəllif təmsil etdiyi ölkənin maraqlarından çıxış edərək, terrorizm kimi qəbul oluna biləcək hadisəni bir az gizlətmiş olur. Beləliklə də, ictimai şüur yanlış bir istiqamətə yönəlmiş olur. Digər bir tərəfdən isə insanlar və xalqlar milli azadlıq uğrunda mübarizə aparır və bunu məhz subyektiv yanaşma nəticəsində terrorizm kimi qələmə verirlər.

"DÜNYADA ƏN KƏSKİN ZORAKILIQ AKTLARINA YOL VERƏN 500-ə QƏDƏR TERROR TƏŞKİLATLARI MÖVCUDDUR"

Bir maraqlı məsələ də ondan ibarətdir ki, terrorizm anlayışının mahiyyətinə dair bu qədər zəngin yanaşmaların, müxtəlifliklərin olmasına baxmayaraq, erməni terrorizmini müəyyənləşdirməkdə heç bir çətinlik mövcud deyil. Çünki erməni terrorizminin tədqiq edilməsində elmdə heç vaxt çaşqınlıq yaranmayıb. Ermənistanın istər hakimiyyət orqanları səviyyəsində, istərsə də, ayrı-ayrı erməni terrorçu təşkilatları səviyyəsində atdıqları bütün addımlarda, həyata keçirdikləri bütün zorakılıq aktlarında, demək olar ki, terrorizm elementləri mövcuddur. Məhz erməni terrorizminin səciyyəvi xüsusiyyəti bundan ibarətdir. İstənilən sıravi erməninin terrorizmaktı törətməsi sanki bir həyat tərzinə çevrilmişdir. Bu da fikir söyləyən zaman heç bir şübhəyə yol verilməsinə imkan vermir. Yəni tam aydın görünür ki, ermənilərin atmış olduqları addım xalis terrorizm hadisəsidir. Digər səciyyəvi tərəf ondan ibarətdir ki, dünyanın heç bir ölkəsində olmayan bir səhnə göz qabağındadır. Terrorizm Ermənistanda dövlət siyasətinə çevrilib. Bu, çox maraqlı və diqqəti cəlb edən məqamdır. Ermənistanın azərbaycanlılara və ümumiyyətlə, müsəlmanlara qarşı zorakılıq aktlarının tarixi olduqca qədimdir. XVII-XVIII əsrlərdə, xüsusilə, kəskin formada XIX və XX əsrdə azərbaycanlıların başlarına gətirilən zorakılıqlar və vəhşiliklər erməni terrorizmini çox aydın şəkildə göstərmiş olur. Erməni terrorizminin digər bir xarakterik xüsusiyyəti də vardır. Dünyada, ümumilikdə, mövcud olan terror təşkilatları sırasında erməni mənşəli terror təşkilatlarının xüsusi yeri var. Onu da qeyd edim ki, dünyada ən kəskin zorakılıq aktlarına yol verən 500-ə qədər terror təşkilatları qeydə alınmışdır. Bunların içərisində erməni mənşəli terror təşkilatları xüsusi yer tutur. Bunlardan da 1-cisi "Armenakan", 2-ci "Daşnaksütyun" partiyası, 3-cü "Erməni inqilabi ordusu" və s-dir. "Daşnaksütyun"la bərabər "Hınçak" terrorçu təşikilatı da fəaliyyət göstərmişdir. Düzdür, ermənilər bu təşkilatları bəzən "siyasi qüvvə" kimi qələm verməyə çalışırlar. Amma "Hınçak" ən qatı terrorçu təşkilatdır və ən kəskin zorakılılıqlara yol verib. Bunların səciyyəvi xüsusiyyəti isə ondan ibarətdir ki, onların konkret məqsədləri yoxdur. "ASALA" erməni terrorçu təşkilatının liderlərindən biri vaxtilə Avstriyada Türkiyə səfiri qətlə yetrildikdən sonra, Nyu-Yorkda qəzetlərə verdiyi müsahibəsində qətl törətməsini etiraf edərək bildirirdi ki, "bizim zorakılıq aktlarımız qeyri-erməni olan bütün insanlara qarşı, eyni zamanda, bizi dəstəkləməyən hər bir erməninin özünə qarşı yönəldilibdir". Bütün bunlar isə, onu göstərir ki, ermənilərin iyrənc siyasəti mövcuddur və bundan da əziyyət çəkən insanlar var.

(Ardı var)

Digər xəbərlər