PDF Oxu

Əsas

  • 12

Xalq firavan gələcəyə səs verəcək

Xalq firavan gələcəyə səs verəcək
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncənin müxtəlif ərazilərində keçirilən tədbirlər mütəşəkkilliklə davam edir. Şəhərin Uşaq Yaradıcılıq Mərkəzində Nizami bələdiyyəsi seçiciləri ilə, Z. Hacıyev küçəsindəki dəmiryol klubunda Kəpəz bələdiyyəsi seçiciləri ilə YAP tərəfindən namizədliyi irəli sürülmüş bələdiyyə üzvlüyünə namizədlərin görüşü keçirildi.
Tədbirlərdə YAP-ın bələdiyyə üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Hadı Rəcəbli, YAP-ın bələdiyyə üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, şəhər təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin nümayəndələri, 1500 nəfərədək seçici iştirak etdi. Seçicilərə bələdiyyə üzvlüyünə namizədlərin tərcümeyi-halı, fəaliyyətləri barədə məlumat verildi.
Görüşü YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq, qeyd etdi ki, ölkəmizdə demokratik seçki ənənələrinin formalaşması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndərin hakimiyyətə qayıdışından sonra respublikamızda demokratik seçki mühitinin yaradılması sahəsində mühüm işlər görülmüş, qazanılan təcrübə seçkinin təkmilləşdirilməsinə səbəb olmuşdur. Dahi Heydər Əliyevin müdrik siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Azərbaycanın son dövrlərdə seçki praktikasında qazandığı nailiyyətlər dünya ölkələrinin nüfuzlu dairələri tərəfindən bəyənilir və təqdir olunur".
YAP Gəncə şəhər təşkilatının sədri bildirdi ki, 1999-cu ildən fəaliyyət göstərən bələdiyyələrin, bələdiyyə idarəçiliyi sahəsində kifayət qədər təcrübəsi var, müəyyən uğurlar əldə edilmişdir. Bunun nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının nüfuzu artaraq, əhali tərəfindən bələdiyyə idarəçiliyinə maraq yarandı. Bu faktor növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayının çoxluğunda özünü göstərir. Növbəti mərhələ üçün bütün bu əsaslara, əldə olunan təcrübəyə söykənərək, yenidən formalaşacaq bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli, maliyyə imkanlarını artırmalı, səlahiyyətlərindən maksimum istifadə etməli, əhali və dövlət orqanları ilə sıx ünsiyyətdə olaraq fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.
YAP-ın bələdiyyə üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Hadı Rəcəbli görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik siyasətinin uğurlu bəhrələrindən, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti sayəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən, yerli özünüidarəetmə sisteminin cəmiyyətdə rolundan və fəaliyyətindən söhbət açdı. Bildirdi ki, Konstitusiyamızda hakimiyyətin bölgüsü əks olunub və icra hakimiyyəti orqanları Prezidentə məxsus olmaqla dövlətin siyasətini həyata keçirirlər. Yerlərdə isə icra hakimiyyəti orqanları dövlət siyasəti çərçivəsində sosial-iqtisadi məsələlərin həyata keçirilməsinə nəzarət edirlər. Bələdiyyələr isə birbaşa inzibati ərazi vahidində əhalinin mənafeyinə uyğun qanunlar çərçivəsində yerli sosial-iqtisadi məsələləri əhalinin rəy və təkliflərini öyrənməklə, müstəqil qərar qəbul etməklə həll edirlər. Beləliklə, yerli özünüidarəetmə dövlət quruculuğunun, dövlət hakimiyyəti orqanları sisteminə daxil olmayan, lakin eyni zamanda, qanunlara tabe olan xüsusi formasıdır. Bu yerli özünüidarəetmənin dövlət tərəfindən müdafiə olunmasında özünü daha aydın göstərir. Məhkəmə müdafiəsi də bura aiddir. Məhz buna görə də bələdiyyələrə dövlət idarəetmə sisteminin hər hansı bir strukturu, bölməsi kimi baxmaq olmaz. Amma dövlət orqanları bələdiyyə orqanlarının hesabatlarını dinləmək, onların qanunazidd qərarlarını ləğv etmək hüququna malikdir. Bütün bunlarla yanaşı, yerli özünüidarəetmənin anlayışını araşdırarkən, onun əsas əlamətlərini müəyyənləşdirərkən, aydın olur ki, hakimiyyət orqanları və onun yerlərdəki nümayəndələri ilə müqayisədə bələdiyyələrin yerli məsələ və problemlərin həllində üstünlükləri vardır. Bunlardan birincisi, səmərəlilik göstəricisidir. Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli məsələləri çox səmərəli həll edirlər. Çünki yerli özünüidarəetmə orqanlarına seçilən şəxslər üçün yerli sakinləri işə cəlb etmək daha asan olur. Eyni zamanda, bu şəxslər həmin ərazinin probleminə daha yaxından bələd olurlar. İkinci, cavabdehlik və məsuliyyət məsələsidir. Bələdiyyəyə seçilən şəxslər həmin ərazidə yaşayan insanlar, ona səs verən seçicilər qarşısında birbaşa məsuliyyət, cavabdehlik daşıyırlar. Üçüncüsü isə, əhaliyə yaxınlıq məsələsidir. Yerli özünüidarəetmə strukturu elə qurulur ki, vətəndaşlar özləri yerli problemlərin həllində birbaşa iştirak edirlər. Bu gün Azərbaycanda növbəti bələdiyyə seçkilərinə əhali tərəfindən bu qədər marağın artması, həm bələdiyyələrin keçən dövrdə gördüyü işlərin nəticəsi kimi, həm də bələdiyyələrin üstün cəhətlərinin əhalidə maraq oyatmasından irəli gələn bir məsələ kimi qiymətləndirmək olar.
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının, hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. Səlahiyyətli nümayəndə partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü və irəli sürülən namizədlərin bu etimadı doğruldacaqları və seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi: "YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər. Ən başlıcası isə nüfuzlu və qüdrətli partiya olan Yeni Azərbaycan Partiyasının xalq tərəfindən yekdilliklə dəstəklənməsi, ona hər zaman firavan həyatımızın təminatıdır. Buna görə də, tam əminliklə demək olar ki, bütün Gəncə seçiciləri, əvvəlki seçkilərdə olduğu kimi, 23 dekabr bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək və partiyanın qələbəsini təmin edəcəklər".
Tədbirdə çıxış edən seçicilər YAP-ın namizədlərinin bələdiyyə seçkilərində inamlı qələbə qazanacağına əminliklərini ifadə etdilər. Onlar, əvvəlki seçkilərdə olduğu kimi, dekabrın 23-də də yüksək seçici fəallığı nümayiş etdirəcəklərini, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin qələbəsinin təmin olunması üçün yekdilliklə səs verəcəklərini bildirdilər.

Digər xəbərlər