PDF Oxu

Əsas

  • 11

Ermənistan Qarabağı sülh yolu ilə qaytarmasa...

Ermənistan Qarabağı sülh yolu ilə qaytarmasa...

Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan sülh prosesini həddən çox uzatdığından artıq İrəvanda Bakının səbrinin daşacağını və torpaqları hərbi yolla azad edəcəyi haqda əndişələr yaranıb. Prezident İlham Əliyevin, müdafiə naziri Səfər Əbiyevin son bəyanatları işğalçı ölkəni təşvişə salıb.
Dünyada və regionda baş verən hadisələr bir sıra ölkələr kimi Ermənistanın da durumunu ağırlaşdırıb. İşğalçı ölkə həm iqtisadi, həm siyasi, həm də sosial böhran keçirir. Ən pis durum isə, Ermənistan ordusundadır. Terrorçu dövlətin cinayətkar rəhbərləri bunu ört-basdır etmək üçün hərdənbir "hərbi" təlimlər keçirsələr də, artıq orduda baş verənləri gizlətmək mümkün olmur.
Münaqişə tərəfi olan iki ölkənin hərbi-iqtisadi imkanları və müharibə potensialı haqda son günlərdə həm yerli, həm də xarici mediada çox yer ayrılır. Ümumiyyətlə, Ermənistan müharibəyə hazırdırmı? İşğalçı ölkənin maddi-texniki və insan resursları, ordudakı mənəvi-psixoloji durum Azərbaycanla müharibə aparmağa kifayət edirmi? Bu yazıda məsləyə aydınlıq gətirməyə çalışacağıq.

İqtisadi potensial və onun müharibədə vacib rolu

Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. 1 milyon ac vətəndaşı olan Ermənistanın isə öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə uzağı 1-2 ay hərbi əməliyyat aparma imkanına malikdir. Hazırkı şəraitdə hərbi əməliyyatların bir aydan artıq davam etməsi isə Ermənistanda iqtisadi çökmə, sosial partlayışla nəticələnə bilər.
Ermənistanın cari dövlət büdcəsi 3 mlrd dollardır. Bu il rəsmi Yerevan dövlət büdcəsində müdafiə xərclərini 34% artıraraq 495,3 mln. ABŞ dollarına çatdırıb. Hərbi xərclər Ermənistanın 2009-cu il üçün dövlət büdcəsində xərclərin 15,7%-ni, UDM-in isə 3,6%-ni təşkil edir.
2009-cu ildə Azərbaycanın dövlət büdcəsi 15 milyard, büdcədən hərbi sahəyə yönəltdiyi vəsaitin həcmi 2,3 mlrd. ABŞ dollarına yaxın olub. Göründüyü kimi, hər iki sahədə beşqat fərq var.
Bundan başqa, Azərbaycanın strateji valyuta ehtiyatları 20 milyard dollara çatır. Ölkədə digər iri fondlar da var ki, bu fövqəladə hallarda ümumi fonda daxil edilə bilər.
Beynəlxalq təşkilatların proqnozlarına görə, Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin 2009-cu ilin sonuna kimi rekord səviyyədə, 15% düşəcəyi gözlənilir. Agentlik ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 7,5%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.
Belə imkanlarla müharibə Ermənistan üçün əsil fəlakət olacaq. Cəmi 1-2 ay ərzində müharibə davam etsə, Ermənistan iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və ermənilər sadəcə acından ölərlər.
Canlı qüvvə
faktorunun
müharibədə rolu

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Hazırda Ermənistan ordusu 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Orduda həqiqi hərbi xidmət üçün yaş senzi 18-27 yaş, total səfərbərlik dövrü hərbi xidmətə çağırış üçün yaş senzi 16-49 yaşdır.
İldə iki dəfə orduya çağırış olsa da Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 16-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 10-11 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən mülki vətəndaşlar belə döyüş mövqelərinə göndərilir. Cəbhəyanı kəndlərin sakinlərinə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.
Hərbi mənbələrin məlumatına görə, Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 20 min nəfərdir. Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Bu qüvvənin 75 faizi Azərbaycanın işğal olunmuş ərazilərinin ordumuzla təmas xətti üzrə cəmləşib.
Faktdır ki, İrəvan Qarabağa canlı qüvvə göndərməkdə çətinlik çəkir. Ermənistan Əsgər Anaları Cəmiyyətinin açıqladığı hesabatlara görə, Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə isə "dedovşina", xəstəliklər, nizamnamədən kənar hallar, narkomanlıq baş alıb gedir.
Azərbaycan Silahlı Qüvvələri daha çox canlı qüvvəyə malikdir. Ehtiyat qüvvə isə Ermənistandakından azı 3 dəfə çoxdur. Ölkədə total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı isə 2 milyona yaxındır. Çağırış planı demək olar ki 100 yerinə yetirilir. Ordudan yayınma və fərarilik halları demək olar ki, yoxdur. Peşəkar hərbçi kadr baxımından isə, ordumuzun imkanları daha yüksəkdir.

Ermənistanın arsenalındakı silah-sursat və texnika

Ermənistan Silahlı Qüvvələri Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd BM-21 "Qrad" və Ural maşınlarının bazasında 9A51 "Prima" reaktiv yaylım atəş sisteminə, "Akatsiya" 2S3, "Qvozdika" 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir.
Ermənistan Hərbi Hava Qüvvələri (HHQ) Cənubi Qafqaz regionunda ən zəif aviasiya hesab olunur. HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır.
Azərbaycan Ordusunun ixtiyarında isə, daha modern hərbi texnika, döyüş uçaqları və silah-sursat var. Hərbi sirr olduğuna görə, açıqlaya bilməsək də deyə bilərik ki, hər halda ordumuzun maddi-texniki bazası Ermənistanınkından xeyli çoxdur.
Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad da ordumuzun qüdrətini nümayiş etdirdi. Belə bir durumda müharibənin necə sonuclanacağı öncədən aydındır.

Ermənistan ordusu ən qısa zamanda dağılacaq

Çünki, artıq işğalçı orduda durum dözülməz həddə çatıb. Cəbhənin bu biri tərəfində isə, tamam başqa bir mənzərə var. Bu mənzərəni oxucularımıza tam olaraq çatdırmağa ehtiyac belə yoxdur, nədən ki, xalqımız öz ordusnun necə bir qüdrətə və döyüş əzminə mailk olduğunu yaxşı bilir.
Forpostun inzibati mərkəzindən (öz aralarında İrəvanı paytaxt adlandırırlar, lakin qeyd etməliyik ki, paytaxt anlayışı tam müstəqil olan dövlətin siyasi mərkəzinə deyilir) səslənən rəsmi bəyanatlar və açıqlamalar göstərir ki, artıq Azərbaycanın səbrinin tükəndiyini bütün ermənilər anlamış durumdadırlar və özlərini heç də yaxşı gələcək gözləmədiyini başa düşüblər.
Əslində, Azərbaycan və Ermənistan müqayisə ediləcək ölkələr deyildi. Sadəcə onu demək kifayətdir ki, Azərbaycan Ordusunun büdcəsi az qala Ermənistanın dövlət büdcəsinə bərabərdir.
Bütün bunlar onu göstərir ki, Ermənistan yaxın müddətdə işğal olunmuş ərazilərdən çıxmağa məcbur olacaq. Və ya buna məcbur ediləcək. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və həyata keçirdiyi uğurlu siyasət bunu söyləməyə tam əsas verir.

Digər xəbərlər