Böyük Şəhriyarın bir beyti milli dəyər səviyyəsinə qalxmışdı. Bu səbəbdən də onu hamı bilir:
Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar.
Əvvəlcə, onu qeyd edək ki, yaşadığımız əsrin sənayeləşmə əsri adlanan XX əsrdən fərqi, onun elmə- biliyə əsaslanan əsr olmasıdır. Bu, o deməkdir ki, qəbul olunan hər bir qərarın arxasında elmi əsaslanma durmalıdır. Hər bir insan gündə onlarla qərarlar qəbul edir. Belə qərarların sayı bir ildə orta hesabla 5 min, on ildə isə 50 min tərtibindədir. Ömür boyu qəbul olunan qərarların sayı yüz minlərlə, bəlkə də milyonlarla olur. Çox nadir tarixi şəxslərə nəsib olar ki, ömrü xətasız qərarlardan keçir. Belə tarixi şəxslərə misal Ulu Öndər Heydər Əliyevi göstərmək olar. İstər Sovet Azərbaycanının, istər SSRİ-nin, istərsə də müstəqil Azərbaycnın rəhbərliyinə Heydər Əlirzaoğlunu aparan yol xətasız qərarlardan keçir. Hər kəs çalışmalıdır ki, bu örnək həyatdan faydalansın və onun qəbul edəcəyi qərarların xətası az olsun. Adətən, işi bilənə ona görə tapşırırlar ki, işbilənlərin qəbul etdikləri qərarlar daha xətasız olurlar. Bu həyatı vacib məsələni incələmək çox aktualdır. Bu problemlə dərindən maraqlananlar üçün Matias Helmkenin: "Qərar qəbul etməni öyrənirik. Tez, dəqiq, düzgün" (rus dilimdə)-bestseller kitabı ilə tanış olmağı məsləhətdir. Çünki düzgün qərar qəbul etmənin texnologiyasını öyrənsək, qazancımız ölçüyəsığmaz. İngilislərin "bir işi görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır" kəlamında düzgün qərar qəbuletmənin hikməti qeyri- aşkar şəkildə verildiyini də dəyərli oxucuların diqqətinə çatdırıram.
Tarixin təkəri
Həm cəmiyyət və dövlət, həm də fərd və toplum üçün düzgün qərar qəbul etmək fundamental əhəmiyyət kəsb edir. Çünki silsilə düzgün qərar qəbul etməklə dövlət güclü dövlətə, fərd isə şəxsiyyətə çevrilir. Ancaq bu sadə və bəşəri dəyərə riayət etmək çox asan deyildi.
Son yüz ildə dünyanın arzu olunmayan istiqamətdə inkişaf etməsindən çox danışılır. İki dünya müharibəsi, qlobal istiləşmə və şimal buzlaqlıqların əriməsi, ekoloji problemlərin yaranması, iqtisadi inkişaf ilə mənəvi inkişafın arasında harmoniyanın pozulması (və nəticədə mənəvi səviyyənin ilbəil aşağı düşməsi), insanı baxımdan nisbətən ədalətli quruluşlarının dağılması, ikili standartlar və sairələr bəşəriyyətin inkişafında qüsur və xətalar olduğunu göstərir.
Bütün bu xətalar qlobal və lokal səviyyədə səhv qərarların qəbul olmasının nəticəsindən törəyir. Haqq nahaqa qalib gələ bilmir. Dünya sanki gücdən düşüb, onun ədalət potensialı tükənməkdədir. (Qarabağ problemi buna misaldır. 15 ildən çoxdur ki, BMT -nin 4 qətnaməsi yerinə yetirilmir). Dünyanın dərdi dərmanından çoxdur. SSRİ-nin xarici siysətinin konsepsiyasında buraxılan səhv qərarları da misal göstərmək olar. Belə ki, bu nəhəng dövlət yarım əsr müddətində var-dövlətinin çox hissəsini xərcləyərək, Afrikada və digər qitələrdə özünəbənzər dövlətlər qurmağa cəhd edirdi və nəticədə özü dağıldı.
Məşhur bir kəlamda deyilir ki, "cinayət səhv deyil, səhv isə cinayətdir". Təəssüf doğuran odur ki, cinayət tərkibli səhv qərarların qəbuluna bəşəriyyət laqeyiddir. Tarixi səhv qərarlar araşdırilmır, onların səbəbkarlrı ictimai qınağa tutulmur. Məlumdur ki, Qarabağ problemi 20 il öncə, nə Bakıda, nə də Yerevanda yarandı. Bu problemin müəllifi və yaranma məkanı məlumdur. Qarabağ problemin müəllifi M.Qorbaçov dünyanı gəzərək kef edir, cənubi Qafqaz əhalisi isə barıt çəlləyi üzərində və zillət içərisində yaşayır. "Tarix insanlardan daha kinlidir" ifadəsi də gücdən düşüb. Tarixin kini-zadı qalmayıb. Tarix kinli olsaydı, ona məhkəmə qurardı.
Qərarın düzlüyünə zamanın təsiri
"Tez qəbul olunmuş qərarlar səhvdir"
Sofokl
Tez -tez "ən böyük hakim zamandır" ifadəsini eşidirik. Çünki o, hər bir hadisəni aşılayaraq, onun strukturasını, real üzünü üzə çıxarır. Zamanın qərarın düzgünlüyünə təsir edən başlıca faktor olduğu şübhə doğurmadığı üçün ona daha diqqətlə nəzər salaq.
Təbiətşünaslıqda böyük əhəmiyyət kəsb edən, Heyzenberq tərəfindən kəşf edilən və Nobel mükafatı alan "qeyri-müəyyənlik prinsipi"nin məğzi bundan ibarətdir ki, elementar zərrəciklərin impulsu nə qədər dəqiq (xətasız) ölçülərsə, onun fəzada yeri bir o qədər qeyri-dəqiqdir. Və ya tərsinə, hissəciyin yeri fəzada nə qədər dəqiq təyin edilərsə, onun impulsunun qiyməti bir o qədər qeyri-müəyyəndir.
Təbiət hadisələri üçün doğru olan bu "qeyri-müəyyənlik prinsipi"nə anoloji qanunauyğunluq cəmiyyət hadisələri üçün də formalaşdırmaq mümkündür.
Məlumdur ki, hər bir problemin düz və səhv həlləri mövcuddur. Jan Jak Russoya görə, "düzlüyə gedən yol bir, səhvə gedən yol mindir".
Misal üçün fərz edək ki, bir çay üzərindən körpü tikmət lazımdır. Şübhə yoxdur ki, körpünü çay üzərində yüz yerdə tikmək olar. Körpünün eni, uzunluğu, hündürlüyü ilə bağlı çoxsaylı variantlar da təklif etmək olar. Aydınır ki, bu variantların biri düz, bir qismi kvazidüz, bir hissəsi səhv, qalanları isə çox səhvdir. Ən düz variantı tapmaq mümkün olsa, onda qəbul edilən qərarın xətası ən az olar. Yəni qəbul edilmiş cari qərar, mütləq düz qərara bərabər olar. Ən səhv variant seçiləndə (misal üçün bir lətifədə deyilən kimi, körpünü çay üzərində yox, çay boyunca tikmək), onda qərarın xətası maksimum olar. Deməli, düz qərarı tapmaq üçün çox ölçüb-biçmək lazımdır. Başqa sözlə desək, düşünmə zamanını geniş götürmək lazımdır.
Mütləq düzgün qərar ilə cari qərarın arasındakı fərqi "qərarın xətası" adlandıraq. Aydındır ki, qərarın xətası azaldıqca mütləq düzgün qərara yaxınlaşırıq. Əksinə, xəta çoxaldıqca düzgün qərardan uzaqlaşırıq. Qərarən düz və səhv olması düşünmə zamanından asılıdır. Düşünmə zamanı çox olarsa, qərarın xətası az olar. Deməli, qəbul ediləcək qərarın xətasız və ya az xətalı olması üçün, hadisə geniş və müəyyən bir zaman intervalında araşdırılmalıdır. Deyilənlərə əsaslanaraq, Heyzenberqin qeyri-müəyyənlik principinə uyğun olaraq, belə bir qanunauyğunluq formalaşdırmaq olar:
Cəmiyyətdə baş verən hadisələr nə qədər geniş zaman intervalında öyrənilərsə, onda hadisə ilə bağlı qəbul edilən qərarın xətası da bir o qədər az olar. Başqa sözlə, qərarın xətasının araşdırma zamanına hasili sabit kəmiyyətdir.
Bu düstur həm Sofoklun min illər öncə söylədiyi fikri, həm də Russonun kəlamının riyazi formasıdır. Göründüyü kimi, araşdırma zamanı sıfıra yaxınlaşdıqca, (yəni qərar tez qəbul olunarsa) qərarın xətası sonsuzluğa yaxınlaşar. Müxtəlif insanlar tərəfindən müxtəlif zaman intervalında qəbul olunmuş qərarların xətası müxtəlif olacaqdır. Bunların içərisindən təkcə bir qərar düz olacaqdir. O da araşdırma müddətinin qiyməti zəruri zamana bərabər və ondan çox olanda baş verər. Bu hal Sofoklun və Russonun dediyi hala uyğundur. Yəni, bir qərardan başqa, bütün (o cümlədən, tez) qəbul olunmuş qərarlar səhvdir.
Qərarın düzlüyünə informasiyanın
(biliyin) təsiri
Müşahidə zamanı çox olduqca, hadisə ilə bağlı toplanılan informasiya (bilik) çoxaldığından qərarın xətası azalır. Başqa sözlə, bilik və dünyagörüş artdıqca, səhv qərarların qəbul olunmasının ehtimalı azalır. İş bilənin, iş bilməyəndən əsas fərqi, birincinin daha üstün biliyə malik olmasındadır. Müqəddəs kitabımızda da göstərilib: "Heç bilənlə bilməz bir olarmı?"
Son illərin tədqiqatları göstərir ki, qərarın xətası ilə, zəruri informasiya arasında münasibət mövcuddur. İnformasiya, bilik artdıqca, xəta azalır və tərsinə bilik azaldıqca xəta çoxalır. Bu münasibətə elmi bir forma vermək üçün "bilik qıtlığı" anlayışı qəbul edək. "Bilik qıtlığı" dedikdə, mütləq düzgün qərarın qəbulu üçün lazım olan zəruri bilik ilə cari bilik arasında fərq nəzərdə tutulur. Bu anlayışların köməkliyi ilə belə bir qanunauyğunluq formalaşdırmaq mümkündür: İstənilən sosial hadisə ilə bağlı qəbul edilən qərarın xətası, bilik qıtlığı ilə mütənasibdir.
Deməli, qərarın xətası ilə bilik qıtlığı arasında münasibət mövcuddur. Bilik qıtliğı çox olanda, qərarın xətası da çox olur.
Fərz edək ki, iki təhsilalandan biri 100 sualdan 98 - ni, digər təhsil alan isə 100 sualdan 88-ni bilir. Onda, uyğun olaraq, birinci təhsil alanın faizlərlə bilik qıtlığı 2, ikincinin ki isə 12 %- olar. Bu səbəbdən də ikincinin gələcəkdə qəbul edəcəyi qərarın xətası daha böyük olacaqdır. Deməli, böyük bilik qıtlığı şəraitində qəbul olunan qərarın xətası daha böyük olar. Səhv qərarlar cinayyət üçün təməl yaradır.
Keyfiyyətli təhsil uğrunda dünya mücadiləsinin məğzi burada gizlənir. Bu səbəbən də, Qərbdə təhsilə "xəzinəsi özündə" olan şey kimi baxılır. Ərazi, coğrafi və digər göstəriciləri eyni olan iki dövlətdən, təhsil sistemi qüvvətli olan dövlət daha qüdrətlidir. Amerika prezidentlərindən biri bu vəziyyəti belə ifadə etmişdir: "Amerika universitetləri qüdrətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun universitetləri qüvvətlidir".
Doğrudan da, 2009-cu ilin sorğularına görə dünyanın 50 qabaqcıl universitetləri arasında birinci 30-35 yerləri ABŞ və Böyük Britaniya universitetləri tuturlar və bu yerləri heç kimlərlə bölüşmək belə istəmirlər. Yəni on il bundan qabaq da belə idi, on bundan sonrada belə olacaqdır. Çünki onlar baş düşürlər ki, universitetlərin verdiyi bugünkü təhsil, sabah dövlət və cəmiyyət üçün zəruri qərarların qəbuluna sərf olunacaqdır. Əgər təhsilalan bir fəndən 5 yox, 4 və ya 3 qiymət alıbsa, deməli, onun artıq 20 və ya 40 % bilik qıtlığı var. Bu qıtlıq gələcəkdə dövlət və ya cəmiyyət işində keyfiyyətsiz qərarlar şəklində üzə çıxacaqdır.
Buradan çıxaracağımız fəlsəfi nəticə bundan ibarətdir ki, gənclərimizə elə təhsil verməliyik ki, onlar gələcəkdə içərisindən keçdiyi bütün proseslərin obyekti yox, subyekti olsunlar. Məmur kürsüsünü kişi, qadın və gənc olmasından asılı olmayaraq, o kəslərə etibar etmək lazımdır ki, onlar içərisindən keçdiyi proseslərin obyekti yox, subyekti olsunlar. Buna isə keyfiyyətli təhsillə nail olmaq olar. Qlobal taledə bəşəri təhsilin, milli taledə milli təhsilin rolu axıradək dəyərincə dərk etmək lazımdır. Sözdə çoxları təhsilin vacibliyindən danışsalar da, işdə çoxları millətin gələcəyini, planetin gələcəyini, korporativ maraqlara qurban verirlər.
Yuxarıda sayılan bütün kataklizmlərin yaranmasının digər bir səbəbi köhnə ölçülərin, meyarların, qiymətləndirmə sistemlərinin gücdən düşdüyünü və yeni dəyərləndirmə sistemlərinə ehtiyac olduğunu göstərir. Bir qədim misalda deyilir ki, ölçüdən böyük səadət yoxdur, ölçü harmoniyanın əsasıdır. Əgər bəşəriyyətin harmoniyası pozulubsa, deməli, yeni ölçü, yeni kriteriyaya ehtiyac vardır.
Deməli, bəşəri inkişafın mərkəzində, başqa sözlə, düzgün qərar qəbul etmənin əsasında bilənlə bilməyənin bir-birindən ayırmaq və işi iş bilənə tapşırmaq durur. Biləni bilməzdən ayırmaq üçün min illərdir ki, bəşəriyyət kriteriya, meyar axtarışı ilə yol gedir. Əvvəlki yazılarda kriteriya olaraq, zəruri biliyin mənimsənilən hissəsinin mənimsənilməyən hissəyə nisbətini götürmək təklif olunmuşdu. Bu kriteriya bilənlə bilməzin bir birindən ayrılmasına geniş imkan yaradır. Bu səbəbdən də, kadr seçimində subyektiv manelər aradan götrülür.
Bir ingilis misalı ilə yazıya son vermək istəyirəm: bir işi görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır. Keyfiyyətsiz təhsillə, keyfiyyətli iş görmək mümkündürmü? Keyfiyyətli təhsil almadan xətasız qərar qəbul etmək olarmı? Cavab birqiymətlidir: əlbət ki, yox.
Nəticə aydın, hədəf isə məlumdur.